525.Az

Nifrətdən doğan cinayət nədir?


 

Nifrətdən doğan cinayət nədir?<b style="color:red"></b>

Beynəlxalq hüquqda “Hate crime” adlanan ifadə var, bizim dildə “nifrət zəminində baş vermiş cinayət”, “nifrətdən doğan cinayət” anlamını verir. Bu ifadə kütləvi informasiya vasitələrində ilk dəfə 1986-cı ildə, Nyu-Yorkda bir qrup ağdərili tələbənin bir nəfər qaradəriliyə qarşı törətdiyi irqçi hücumla bağlı xəbərlər yayılarkən işlədilib.

Nifrətdən doğan cinayətlərə daha çox irqi, dini, etnik qisasçılıq, ayrı-seçkilik zəminində baş vermiş cinayətləri aid etmək olar. Məsələn, bir insana, mülkə, ibadət yerinə və ya müqəddəs hesab edilən yerə mərhəmətin olmaması nəticədə belə cinayətlərin baş verməsi ilə nəticələnir. İrqi, dini, etnik qisasçılıq zəminində baş vermiş cinayətləri araşdiran tədqiqatçıların gəldiyi qənaətə görə, hətta fiziki cəhətdən zəif olan, əlindən bir iş gəlməyən təsadüfi insanlar da belə cinayətlərin qurbanı ola bilərlər. ATƏT-in hesabatında isə nifrətdən doğan cinayətlər qərəzçilik motivi ilə törədilən hadisələr sayılır. Qurumun apardığı  araşdırmalara görə, 2011-ci ildə törədilən bu tipli cinayətlərin 35 faizi etnik, 15 faizi isə gender zəminində baş verib.

Belə cinayət hadisələri Qərbdə, Avropa ölkələrində də geniş yayılıb. ABŞ, eləcə də Böyük Britaniya, Almaniya, Belçika kimi ölkələrdə belə cinayətlərə nisbətən daha çox təsadüf olunur.

Bəs, nifrətdən doğan cinayətlər hadisələri Azərbaycanda necə təsnif olunur?  Hüquqşünas Müzəffər Baxışova görə, belə hadisələr bizdə nifrət zəminində baş vermiş cinayətlər kimi təsnif olunmur, dövlət əleyhinə olan, dövlətin əsaslarına və təhlükəsizliyinə qarşı yönəlmiş cinayətlər kateqoriyasına şamil edilir.

Psixoloq Dəyanət Rzayev isə düşünür ki,  Azərbaycanda nifrət zəminində baş vermiş cinayətlər demək olar ki, yox dərəcəsindədir: “Biozim xalqımızda nifrət hissi yoxdur. Biz mehriban millətik. Bizdə milli, irqi, dini ayrı-seçkilik yoxdur. Biz yoldan keçən qaradəriliyə də, başqa dinin daşıyıcısı olan insana da eyni mehribançılıqla salam veririk”. Psixoloqun sözlərinə görə, nifrət insanlarda uşaqlıqdan yaranan əlamətdir ki, bu da valideynin tərbiyəsindən irəli gəlir: “Milli, irqi, dini ayrı-seçkilik zəminində cinayət törədən şəxslər psixopatdır. Bunun başqa adı yoxdur”.

Süsanə Amilqızı

 

 





17.08.2013    çap et  çap et