525.Az

Qalatəpədə arxeoloji tədqiqatlar davam edir


 

Qalatəpədə arxeoloji tədqiqatlar davam edir<b style="color:red"></b>

Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığındakı Qalatəpədə arxeoloji tədqiqatlar davam edir. Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyasının rəhbəri Təvəkkül Əliyevin açıqlamalarına görə,  Qarqarçay ilə qədim suvarma kanalı olan Gavur arxının kəsişməsindəki strateji yerdə yerləşən Qalatəpədə tədqiqatlara 2008-ci ildən başlanılıb: “Antik Albaniya şəhəri olan, qədim mənbələrdə Enian, orta əsr mənbələrində isə Yunan adlandırılan şəhərin yerində və onun yaxınlığındakı nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı bir çox əhəmiyyətli tarixi materiallar aşkarlanıb.

Tədqiqatlar nəticəsində şəhərin yerində eramızdan əvvəl II əsrdən bizim eranın II əsrinə qədər olan dövrə aid 9 metr dərinliyində mədəni təbəqə – çiy kərpicdən tikilmiş divar, sahəsi 56 kvadratmetr olan ictimai bina, dəhliz və küçə aşkar olunub. Divarların qalınlığı 1,5 metrə çatır. Binanın tikintisində istifadə edilən kərpiclərin uzunluğu 58, eni 47, qalınlığı 18-20 santimetrdir. Bu, antik dövrdə Azərbaycanda kərpic memarlığının yüksək inkişafından xəbər verir. Otağın divarlarının içində üfüqi istiqamətdə dirək yerlərinin mövcudluğu onun bir neçə qatdan ibarət olduğunu göstərir. Otaqda 9 metr dərinlikdə əhəngdaşından hazırlanmış sütun altlığı, ocaq yerləri, kül qatları, yanmış ağac qalıqları, qırmızı boyalı, zəngin naxışlı keramika nümunələri, gillə suvanmış döşəmə, kənarlarda oturacaq kimi istifadə olunan 40 santimetr enində möhkəmləndirilmiş torpaq aşkar edilib”.

T.Əliyevin bildirdiyinə görə, Qalatəpə şəhər yerinin yaxınlığındakı nekropolda son illər aparılan qazıntılar zamanı eramızdan əvvəl II – bizim eranın III əsrlərinə aid 12 ədəd küp qəbir açılıb: “Küp qəbirlərdən əldə olunan materialların (bəzək əşyaları, silahlar, qılınc, ox və nizə ucları) əksəriyyəti ellinizm mədəniyyəti ilə bağlıdır. Bu tapıntılar antik dövr Alban şəhərinin mədəni-mənəvi həyatını daha ətraflı öyrənməyə imkan verir. Bu il aparılan tədqiqatlar zamanı qazıntılar 10 metrə çatdırılaraq, ellinizm dövrünə aid yeni bir tikili qatı aşkar edilib. Bu isə onu göstərir ki, Qalatəpə iki təbəqədən (üst – orta əsrlər, alt – antik dövr) ibarətdir. Tədqiqatlar zamanı, həmçinin orta əsrlərə aid qala divarının qalığı və keramika nümunələri də aşkar edilib. Avqustun 16-dan etibarən Qalatəpədə 2-ci qazıntı sahəsində tədqiqata başlanılıb. Arxeoloji tədqiqatlar sentyabrın sonunadək davam edəcəkdir”.

S.ABDULLAYEVA

 





17.08.2013    çap et  çap et