525.Az

Çağdaş poemanın maraqlı örnəkləri


 

Çağdaş poemanın maraqlı örnəkləri<b style="color:red"></b>

Əli Rza Xələflinin "Üzü Qarabağa" kitabında şeirləri ilə birlikdə poemaları da toplanıb. 2011-ci ildə qələmə alınmış "Azadlığın qanı yaxud doqquzuncu əsrə məktub" poeması tarixi keçmişə müraciət formasında yazılması ilə seçilir. Doqquzuncu əsri salamla səsləyən müəllif bu günlə keçmiş arasında zamansızlıq yaradır.
 
Buna səbəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 sentyabr 2011-ci il tarixində Bakı şəhərində Babəkin abidəsinin ucaldılması ilə əlaqədar imzaladığı Sərəncamdır. Bu sərəncamın ölkənin dünənini gündəmə gətirməsi, gələcəyinə abidə ucaltması poemada poetik əksini tapıb. Şair doqquzuncu əsrə xitab edərək ondan soruşur ki, ruhumda, canımda Babək qalam olduğu hələ yadından çıxmayıb ki? Poemanın ilk bəndinin belə sualla başlaması təsadüfü deyil, müəllif zamanı uyarır ki, sənin unutmaq və unutdurmaq istədiyin türk övladları mənim dövlətim tərəfindən mühafizə olunur, onlara dövlət başçısının xüsusi qayğısı ilə abidələr ucaldılır. Müəllif bunu həqiqətin tarixin dediyinə baş əyməsi kimi mənalandırır, ötmüş zamana suallar ünvanlayır, aradakı məsafənin sərhədləri çərçivəsində yaşanılmış haqsızlıqlara qarşı bu günün etirazını çatdırır. Dərdin sinəsində yanan yanğına bir dərədən baxıb gülən doqquzuncu əsrə müstəqil bir dövlətin vətəndaşı kimi münasibət bildirir. Vədənin, vaxtın məlhəm olduğunu deyənlərdən soruşur ki, Babək yarası sağalmaq əvəzinə niyə səbrini çeynəyən taleyin gözündə bəbək yarası bitirdi.

Min iki yüz ilin zəncirinin, pasının qəzəb önündə qırılıb tökülmək məqamının yetişməsi bəsirət gözündən kor olanların görə bilməsi kimi yozumlanır. Çünki min iki yüz ilin kədəri, dərdi, Bəzzin zirvəsində, Arazın sularında göynəməkdən yorulub. O, eyni zamanda, Babəki Azərbaycanın müqəddəs and yeri, Ana yasası kimi təqdim edir, ona görə ki, indi böhtanlar, fitnələr danışan dillərin imdad dilədiyi zamanın yetişdiyi məqamdır. Həmin fərmanla Həştadsər dərəsinin gözündən gülməsi, güllərə qərq olması tarixlə bu günün sövdələşməsi anlamına gəlir. Bildirilir ki, bunun səbəbi Babəkin heykəl geyimində atüstü Araz boyunca səfərə başlaması, Xudafərinin, Təbrizin üstündən tüstünün çəkilməsidir. Hətta milli fədailər olan Bağır xanın, Səttar xanın Ərk qalasında təzimə durması da əsrlər sonra öz tarixi qəhrəmanı üçün edilmiş ehtiram kimi başa düşülür. Təbrizin can üstə, Qarabağın əsir olduğu bir dönəmdə şair doqquzuncu əsrdən dinin niyə susduğunu, onun cihadının harada olduğunu soruşur. Bugünkü reallıqların fəlsəfəsinə varan müəllif çaşqınlıq içərisində qalır ki, Albaniyası dağıdılan, şərəf tariximizin ulduzu olan Cavanşir özü də bir nağıldırmı? Bu həqiqəti nağıla çevirmək istəyənlərin ermənilərin patriki və ya canişinləri olması, onların şəri ilə xalqımızın bəlaya salınması tarixin təkrar olunması kimi yaddaşı silkələyir.

Şair ana Bozqurdun övladı olan Babəkin obrazını yaradan, Elxan Biləgənli adıyla səhnəyə çıxan Abbas Mirzənin də xidmətlərini xallı gürzənin başının əzilməsitək diqqətə çatdırır. Həmçinin, həmin xəbərdən Borçalının, Dərbəndin sevinməsi, Vurğundan Şəhriyaracan yayılması, Tahiri Söhrabın yuxuda Babəki salamlaması, Xətayi, Səfəvi məzarlığında bir çırağın yanması bütöv Azərbaycan sərhədlərinin cizgilərini ehtiva etmişdir. Diri dağında ruhların qurduğu məclisdə Qurbaninin Babək adına dastan bağlaması, Heydər ibn Kavus Afişinin öz soyundan ad, Səhl ibn Sumbatın isə imdad diləməsi türkün düşmən önündə sıyrılmış qılınc kimi qəzəbli olmasına işarə edir. Şair uzaq keçmişdən Atillanı, yadlara pay edilmiş ərazilərdən Zəncan atlılarını, Mərənd ellərini, Göyçə güllərini bir torpaqda görüşdürür. Olub keçmişlərə baxmayaraq, yenə də Qafqazdan Bəzzəcən ayaq üstə dura bilməyimizi zəfərə olan inam formasında ifadə edir. "Bakıda ürəyəm, Təbrizdə başam, Orxon-Yeniseydə Oğuz Xaqanam..." - sətirləri ilə zaman və məkan məfhumu türkün sərhədləri çərçivəsinə sığışdırılır. Bəxt tərəzisi deyilən ölçü vahidinin tarixin hökmü olması və düzgün hesablama aparmağa məhkum edilməsi türkün qüdrətinin nümayişi kimi əks olunmuşdur. Dədəmiz Qorqudun adına gülənlərə islam hara, xurafat hara sualı ilə müraciət edir.

Kitabda yer alan digər poemalar "Allahların döyüşü", "Damcılı" və "Göyəzəndən bəri gəl" əsərləridir. Kiçikhəcmli "Allahların döyüşü" poemasında din adından sui-istifadə edənlərə etiraz ruhu duyulur. Birinin Allahı xəzinə, yatır kimi dərk etməsi, digərinin isə özünü Allahın pulu hiss etməsi "Məkkəni ziyarət edib gələn kəsin əməli yoxdursa, sözü kələkdir" nəticəsinə gətirir. Poemada göstərilir ki, kiminçünsə allahlıq Dubay, Çin olan bir dünyada elə tamahgirlər var ki, röyalarında Allahın onların kəm-kəsirini düzəltməsini görmək istəyirlər. Belə çatışmazlıqlar əsərdə kinayə ilə qarşılanır və "Bəlkə, gizlənməkdi onun əlacı, Bəlkə, işə keçmir Allahlıq işi" tipli misralarla etiraz mövqeyi nümayiş etdirilir. Ə. Xələflinin 2015-ci ildə heca vəznində yazılmış "Göyəzəndən bəri gəl" poeması isə iki hissəlidir. Əsərə "Vətən"ə müraciətlə yeddi bəndlik divani ilə giriş verilir. Sonra isə "Barat Vüsal, Göyəzəndən bəri gəl" misrası ilə başlayan "Yeri" rədifli qırx səkkiz bəndlik qoşmada Qazaxın o cümlədən, ölkəmizin bir sıra tarixi şəxsiyyətlərinin və yerlərinin adları sadalanır, sürükləndiyimiz müharibənin nəticələri dilə gətirilir:

Almaları bölə bilməz nağıllar,
Çat-çat oldu daş səbirli ağıllar!
Qarabağa qurban getdi oğullar,
Ərsiz qalan oğul doğmaz dul, yeri.

Poemanın  ikinci hissəsi də eyni rədifli otuz bəndlik qoşmadan ibarətdir və "Barat Vüsal, aşıq teldə gəzinə" misrası ilə başlayır. Bu bölümdə nəinki, Qazaxın, ümumiyyətlə, Gəncə-Qazax bölgəsinin müasir ziyalılarının obrazına da rast gəlinir. Poema yeddi bəndlik "Salamat qal" rədifli divanı ilə tamamlanır.

 





30.10.2018    çap et  çap et