525.Az

Milli sərhədçi kadrların hazırlığı prosesi uğurla davam etdirilir


 

Milli sərhədçi kadrların hazırlığı prosesi uğurla davam etdirilir<b style="color:red"></b>

BU PROSESİ HƏLƏ SOVET DÖNƏMİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV BAŞLAMIŞDI 

18 avqust Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümü günüdür 

Akademiyanın yaradılması böyük nailiyyətdir, böyük hadisədir... Bu gözəl, əzəmətli, möhtəşəm binada bizim sərhədçilər oxuyacaqlar, tərbiyə alacaqlar və öz peşəkarlıqlarını artıracaqlar. Burada oxumaq üçün bütün şərait yaradılıb. Ən müasir avadanlıq, ən gözəl, keyfiyyətlə tikilmiş korpuslar, istirahət etmək, oxumaq, yaşamaq üçün şərait vardır... Mən şübhə etmirəm ki, akademiyada oxuyan kursantlar öz gələcək fəaliyyətləri üçün lazım olan bilikləri burada alacaqlar. Bizə bütün sahələrdə bilikli, savadlı kadrlar lazımdır.

İlham ƏLİYEV

 

1991-ci ilin 18 oktyabrında “Müstəqillik haqqında Konstitusiya Aktı”nı qəbul etdikdən sonra müstəqil dövlətin əsas dayağı olan milli ordunun, o cümlədən Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biri idi. 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikası Milli Şurasının “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” Qanun qəbul etməsinə, həmin ilin dekabr ayının 16-da Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradılmasına, 1992-93-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumətin bir neçə qərar verməsinə baxmayaraq sərhədlərimizin mühafizəsinin təşkili lazımi səviyyədə deyildi. Həmin dövrdə hakimiyyətin səriştəsizliyi, xarici qüvvələrin dağıdıcılıq fəaliyyəti Sərhəd Qoşunlarının formalaşması prosesində inamsızlıq yaradırdı. Dövlət sərhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillərin sökülməsi və müxtəlif strateji malların ölkədən kənara daşınmasına şərait yaradılması respublikamızın iqtisadiyyatını sarsıdır, sərhədlərimizi milli qüvvələr hesabına qoruya bilməyəcəyimiz barədə ortaya atılmış bədxah  fikirlərə inandırıcı don geyindirirdi.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, radioaktiv maddələrin və kütləvi qırğın silahları komponentlərinin qanunsuz daşınması, qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olan transmilli kriminal qruplar Azərbaycan Respublikasının dövlət sərhədlərində yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırdı və beləliklə, dövlət sərhədinin pozulması halları kəskin şəkildə artırdı.

Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən, şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Ermənistan işğalçıları tərəfindən respublikamızın ərazisinin 20 faizinin işğalı nəticəsində İİR ilə dövlət sərhədinin 132 kilometrinin nəzarətdən kənarda qalması, ölkəmizin daxilində vətəndaş qarşıdurmasının yaranması və sərhədçi kadrların çatışmaması vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Sərhəd mühafizəsinin təşkili və Sərhəd Qoşunlarının formalaşmasında əsaslı keyfiyyət dəyişiklikləri görkəmli dövlət xadimi, Ümummilli Lider  Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, onun diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Ulu Öndərin gərgin və uzaqgörən fəaliyyəti sayəsində Azərbaycan xalqını uçuruma sürükləyən qüvvələrin qarşısı qətiyyətlə alındıqdan sonra milli Sərhəd Qoşunlarının formalaşması prosesi başlandı. Ulu Öndərin sovet dövründə bu istiqamətdə həyata keçirdiyi, Azərbaycanın müstəqilliyinə hesablanmış tarixi əhəmiyyətli tədbirlər mühüm rol oynadı. Ümummilli Lider Heydər Əliyev hələ o illərdə Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolunu müəyyən edirdi. Tam qətiyyətlə demək olar ki, milli dövlətçiliyimizə gedən yol, əslində, 1969-cu ilin 14 iyulundan başlamışdır. Ulu Öndərin Sovet İttifaqı dövründəki fəaliyyətində dövlət sərhədinin mühafizəsi məsələləri, sərhədçilərin yerli əhali ilə və qarşılıqlı əlaqədə olduqları sovet və partiya orqanları ilə dostluq münasibətlərinin möhkəmləndirilməsi prosesləri mühüm yer tutub. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsində çalışarkən Ulu Öndər sərhəd mühafizəsinin yerli ərazilərin inkişafı ilə bağlı şəkildə təmin olunması məsələsini uğurla həll edib. Bu məsələ ilə bağlı konkret fakta nəzər salaq: 60-cı illərin ortalarında SSRİ Sərhəd Qoşunlarının rəisi general-polkovnik P.İ.Zıryanov dövlət sərhədinin mühafizə sistemində və təşkilati strukturunda köklü islahatlar aparmaq fikrinə düşüb. Bu məqsədlə dəstələrdə, qarnizon və şəhərciklərdə böyük tikinti işləri aparılmalı, kazarma, tədris, yaşayış, mədəni-məişət, zabitlər və onların ailələri üçün binalar inşa edilməli imiş. Bu cür tikintini Naxçıvan Sərhəd Dəstəsinin qarnizonunda da aparmaq lazım imiş. Azərbaycan SSR DTK SQBİ (Sərhəd Qoşunları Baş İdarəsi) belə bir təkliflə çıxış edib ki, Naxçıvan şəhərindəki mövcud qarnizon tam şəkildə respublikaya verilsin, əvəzində isə yeni qarnizonun tikilməsi üçün lazımi torpaq sahəsi ayrılsın və müəyyən qədər tikinti materialları ilə köməklik göstərilsin. Bu variantı öyrənmək məqsədi ilə bir-birinin ardınca SSRİ DTK Azərbaycana 3 dəfə komissiya göndərib. Həmin komissiyalar bu qənaətə gəliblər ki, yeni bir qarnizon tikməyə ehtiyac yoxdur. Mövcud qarnizondakı binaların 20-25 faizini sökmək və yeni binalar tikməklə xeyli maliyyə vəsaitinə qənaət etmək olar. Belə bir variantla müasir tələblərə cavab verən yeni qarnizon yaradıla bilməzdi. Çünki inzibati, kazarma, tədris, təsərrüfat, yaşayış binalarını planlı və ayrı-ayrı yerləşdirmək mümkün olmayacaqdı.  4 aylıq mübahisənin sonunda Heydər Əliyev işə qarışıb və  DTK sədri kimi öz fikrini aydın dəlillərlə əsaslandırıb. Yalnız bundan sonra Naxçıvanda tamamilə yeni qarnizonun tikilməsi mümkün olub və bu gün Naxçıvan Sərhəd Diviziyasının yerləşdiyi qarnizon kompleksi tikilib. Köhnə şəhərcik isə Azərbaycana verilib və orada Naxçıvan Pedaqoji İnstitutu yerləşdirilib. Həmin institutda minlərlə gənc ali təhsil alaraq mütəxəssis kimi yetişib. İndiki Naxçıvan Dövlət Universitetinin müasir kompleksi həmin baza əsasında yaradılıb.

Ulu Öndər 1996-cı ilin oktyabr ayının 30-da Naxçıvan Sərhəd Dəstəsinin əsgər və zabitləri ilə görüşü zamanı söylədiyi nitqdə o illəri xatırlayaraq deyirdi: “Mən bu sərhəd dəstəsini yaxşı tanıyıram. Gənc ikən, Naxçıvanda oxuyarkən sərhədçilərə çox maraq göstərər və bəzən bu sərhəd dəstəsinin ayrı-ayrı hissələrinə gedərdim. Sonra Azərbaycanın rəhbəri işləyərkən respublikanın sərhədlərində olanda mütləq sərhəd dəstələrinə baş çəkərdim. Naxçıvan Sərhəd Dəstəsində də dəfələrlə olmuşdum. Sərhəd dəstəsinin, onun qərargahının məhz burada yerləşməsi və bu binaların tikilməsi, böyük bir şəhərciyin yaranması da o vaxt mənim bilavasitə iştirakımla olmuşdur. Hətta bu şəhərciyi yaratmaq üçün Azərbaycan Respublikasının büdcəsindən böyük vəsait ayırmışdıq və bu binaların, kompleksin yaranmasına nəinki kömək etmişdik, demək olar, onu özümüz yaratmışdıq”.

Ulu Öndərin o zamanlar gördüyü işlərə nəzər yetirərkən böyük cəsarətin də şahidi oluruq. “Soyuq müharibə”nin qızğın dövründə, kapitalist ölkələri ilə hər hansı ünsiyyətin ciddi şəkildə qadağan edildiyi zamanda Azərbaycan sərhədlərində tamamilə fərqli işlər görülürdü. Həmsərhəd kapitalist ölkəsi olan İranla nəinki ünsiyyət yaradılmışdı, hətta sərhəd çayı olan Arazın üzərində iki su elektrik stansiyası, Horadizdə bir su anbarı tikilmişdi. Həmin tikintilər yerli əhalinin güzəranının yaxşılaşmasında, ölkəmizin iqtisadiyyatında nəinki o zaman mühüm rol oynadı, indinin özündə də böyük əhəmiyyət daşımaqdadır.

Heydər Əliyev ötən əsrin 70-ci illərində sərhəd dəstələrinə mütəmadi səfərlər etmiş, sərhədçilərin problemləri ilə yaxından maraqlanmışdır. Onun göstərişi ilə partiya-sovet, hüquq-mühafizə orqanlarının və Sərhəd Qoşunlarının rəhbərliyinin zona müşavirələrinin keçirilməsi və sərhədçilərin problemlərinin ən yüksək səviyyədə həll edilməsi təşkil olunmuşdur. Sərhəd Qoşunlarının Moskvadan maliyyələşdirilməsinə baxmayaraq, respublika büdcəsi hesabına Göytəpə, Lənkəran sərhəd dəstələrinin ərazisinin abadlaşdırılması, yaşayış evlərinin tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi həyata keçirilmişdir. 70-ci illərin əvvəllərində Göytəpə Sərhəd Dəstəsində yeni binalar, Lənkəran Sərhəd Dəstəsinin “Qobustan” sərhəd zastavası, cənub sərhəd xətti boyu zastavalar, sərhəd komissarlarının görüş evləri, sərhəd gözətçi gəmilər dəstəsində yeni tədris korpusları, Sərhəd Qoşunlarının hərbi hospitalı, əsasən, respublika büdcəsi hesabına tikilmişdir.

Ötən əsrin 70-ci illərində keçmiş SSRİ-nin heç bir müttəfiq respublikasında Azərbaycanda olduğu qədər (Sədərəkdən Bakıya qədər olan sərhəd xəttində) respublika vəsaiti hesabına çoxsaylı hərbi obyektlər tikilməyib. Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə sərhədçilər üçün Sədərəkdə böyük bir şəhərcik, Göytəpə qəsəbəsində 50 mənzilli yaşayış binası, Lənkəran şəhərində 2 ədəd 70 mənzilli bina tikilib istifadəyə verilmiş, Mərdəkanda rabitəçi sərhədçilər üçün böyük bir şəhərcik tikilmişdi. 

SSRİ dövründə milli sərhədçi kadrların hazırlanması və irəli çəkilməsi işlərində Heydər Əliyevin böyük rolu olub. Həmin dövrdə sərhəd mühafizəsində azərbaycanlıların sayının az olması uzaqgörən dövlət xadiminin diqqətindən kənarda qalmayıb. Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi işlədiyi dövrdə də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda da azərbaycanlı kadrların yetişdirilməsi prosesini ciddi nəzarətdə saxlayıb. Sovet hakimiyyətinin 50 illiyi ərəfəsində Azərbaycanda yerləşən Sərhəd Qoşunlarının hissələrində cəmi bir nəfər azərbaycanlı baş zabit olduğu halda, Heydər Əliyevin xüsusi diqqəti nəticəsində Sovet hakimiyyətinin 60 illiyi ərəfəsində sərhəd mühafizəsində onlarla azərbaycanlı zabit zastava rəisi, sərhəd komendantı, hərbi hissə komandiri, əlahiddə sərhəd-buraxılış məntəqəsinin rəisi vəzifələrində xidmət edirdi. Sərhəd mühafizəsində o zaman bir deyil, 10-a yaxın polkovnik rütbəli zabit var idi.

Milli Silahlı Qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının peşəkar zabit heyəti ilə komplektləşdirilməsinə yönəlmiş müstəsna əhəmiyyətli addımlardan biri də 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə təsis edilmiş, SSRİ dövründə ittifaqın hər yerində qeyri-rəsmi olaraq “Heydər Əliyev məktəbi” adlandırılan bu təhsil ocağının milli ordu quruculuğu sahəsində danılmaz xidmətləri var. Bütün bunlar açıq şəkildə göstərir ki, Heydər Əliyev hələ o vaxt xalqımızın müstəqilliyini düşünmüş, ona göstərilən təzyiqlərə baxmayaraq, bu hərbi məktəbin özülünü qoymaqla tarixdə ilk dəfə azərbaycanlıların öz vətənində hərbi təhsil alması üçün şərait yaratmışdır.

Sovet dövründə Azərbaycanın müstəqilliyinə hesablanmış çoxsaylı strateci tədbirlər həyata keçirən Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurulması işinə hələ Naxçıvanda olarkən başlamış və bir sıra uğurlu addımlar atmışdı. Təcrübəli dövlət xadimi Naxçıvan Ali Məclisinin sədri seçildikdən cəmi üç gün sonra, 1991-ci ilin sentyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması barədə qərar verdi. Bu qərarla uzaqgörən sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan milli ordusunun əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə Milli Müdafiə Komitəsinin statusu, strukturu, təşkili haqqında qanunvericilik bazası yaradıldı, fəaliyyət istiqamətləri müəyyənləşdirildi və Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi prosesinə başlanıldı.

Naxçıvan Sərhəd Dəstəsinin əmlakının, silah-sursatının tamamilə milli sərhədçilərimizə təhvil verilməsi işi də uzaqgörən sərkərdənin qətiyyəti sayəsində ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olundu. 1992-ci ilin avqust ayının 22-də 41-ci sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçdi və sərhəd dəstəsində müstəqil Azərbaycanın milli bayrağı dalğalandı. Beləliklə, ölkəmizdə müəyyən xidməti ərazidə sərhədlərimizi tam mühafizə altına götürən ilk milli sərhəd dəstəsi yaradıldı. Təxminən bir ay sonra, sentyabrın 29-da Naxçıvan Sərhəd Dəstəsində mitinq keçirildi, sovet zabitləri ilə təhvil-təslim prosesinin rəsmi imzalanma mərasimi oldu. Hərbi hissənin texnikası və hərbi əmlakı heç bir şərt qoyulmadan xalqımızın ixtiyarına verildi və sovet sərhədçiləri Naxçıvandan yola salındı. Bir neçə gün sonra, oktyabr ayının 18-də Naxçıvan Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Bu, Azərbaycan Respublikasının milli sərhədçilərinin ilk andiçmə mərasimi idi. Andiçmə mərasimində iştirak edən Ulu Öndər sərhədçiləri təbrik edərək bu sözləri dedi: “Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən Sərhəd Qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim sovet ordusuna, sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu, o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən şərəfli, ən xoşbəxt an ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olub, Azərbaycan xalqı öz milli azadlığına nail olub və indi müstəqil dövlətin atributlarını yaratmaqla məşğuldur. Bu baxımdan ən mühüm sahə olan Sərhəd Qoşunlarının yaradılması prosesi gedir...

Biz bu gün çox böyük məmnuniyyət hissi ilə müstəqil Azərbaycan dövlətində Sərhəd Qoşunlarının yaranmasını məhz buradan, Naxçıvandan, Azərbaycanın bu qədim diyarından başlandığını qeyd edirik...”

1993-cü ilin iyununda Azərbaycanda yenidən hakimiyyətə gələn Dahi Öndərin müdrikliyi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədinin mühafizəsində də yeni mərhələ başlandı. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin 2-ci yarısından etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı.

İxtisaslı kadrların çatışmaması qarşıya çıxan əsas problemlərdən biri idi. Keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmət edən azərbaycanlı zabitlərin başqa millətlərlə müqayisədə azlıq təşkil etməsi yeni yaradılmış sərhəd mühafizəsinin sərhədçi zabitlərlə komplektləşdirilməsində çox böyük problemə çevrilmişdi. Bu işdə Cəmşid Naxçıvanski adına hərbi internat məktəbinin yetirmələri köməyə çatdı. Bunlarla bərabər, SSRİ Sərhəd Qoşunlarında xidmət edən azərbaycanlı zabit və gizirlərin, demək olar ki, hamısı könüllü olaraq Azərbaycan sərhəd mühafizəsində xidmətə daxil oldular. Lakin bu, mövcud tələbatı tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər, eləcə də digər hərbi mükəlləfiyyətli vətəndaşlar könüllü olaraq xidmət etmək üçün sərhəd mühafizəsində həqiqi hərbi xidmətə qəbul edildilər.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin noyabr ayının 2-də radio və televiziya ilə xalqa tarixi müraciəti sərhəd mühafizəsinin də möhkəmlənməsi yolunda dövlət proqramına çevrildi. Xalqın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumaq üçün müraciət etdilər. Əlbəttə, ilk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmaması müəyyən çətinliklər törədirdi. Lakin mülki həyatdan gəlmiş zabit və gizirlər qısa müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Tədricən qoşunların kadr potensialı yaranmağa başladı. Vicdanla, namusla, nümunəvi xidməti ilə fərqlənən zabit, gizir və əsgərlərin sayı artdı.

Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində 1992-ci ildən sərhədçi zabitlərin hazırlanmasına başlanıldı və Sərhəd Qoşunları həmin məktəbin məzunları ilə komplektləşdirildi. Məktəbin tədris prosesində sərhəd mühafizəsinin spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi-psixoloci hazırlıqlarının lazımi səviyyədə olmaması, son nəticədə dövlət sərhədinin etibarlı mühafizə edilməsi işinə mənfi təsir göstərirdi. Bunları nəzərə alaraq, Ulu Öndər 1998-ci ilin dekabr ayının 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi. Akademiyada yaradılmış “Sərhəd Qoşunları” fakültəsi Dövlət Sərhəd Xidmətinin peşəkar kadrlarla təmin edilməsində mühüm rol oynadı. 2006-cı ildə fakültənin ilk buraxılışı oldu və gənc leytenantlar Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başladılar.

Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məsələsi də unudulmadı. Bu məqsədlə sərhəd mühafizəsinin tərkibində 1994-cü ilin avqust ayının 12-də Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı. 2005-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin tədris mərkəzi, gizirlər məktəbi, həmçinin sahil mühafizəsinin tədris mərkəzi fəaliyyətə başladı. Xarici dil və miqrasiya kurslarında miqrasiya sahəsində qanunvericilik, sərhəd nəzarəti üzrə normativ-hüquqi aktlar, müasir informasiya texnologiyalarının imkanlarından istifadə qaydaları, sərhəd keçid məntəqələrində pasport nəzarətinin həyata keçirilməsi qaydaları və xarici dillər tədris olunur.

Milli sərhədçi kadrların hazırlanması Ümummilli Liderin layiqli davamçısı, sərhədlərimizin mühafizəsinə böyük qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Ali Baş Komandan 2007-ci ilin iyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzaladı. Akademiyanın fəaliyyətə başlaması üçün hazırlıq işləri aparıldı, hüquqi və tədris bazası yaradıldı və 2008-ci ilin avqust ayında ilk kursantlar akademiyaya qəbul olundular. 2008-ci ilin sentyabr ayının 14-də kursantlarla hərbi andiçmə mərasimi keçirildi və sentyabrın 15-dən ali hərbi təhsilə başlanıldı. Xüsusi qeyd olunmalıdır ki, gənclər sərhədçi peşəsinə böyük maraq göstərirlər. Bunu akademiyada oxumaq istəyənlərin sayının hər il qəbul üçün nəzərdə tutulduğundan dəfələrlə çox olması bir daha təsdiqləyir.

2008-ci il noyabr ayının 27-də akademiyanın böyük səhra təlim mərkəzi istifadəyə verildi. Həmin mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.

2010-cu ilin  avqust ayının 10-da memarlıq üslubu və gözəlliyi ilə fərqlənən akademiya kompleksi istifadəyə verildi və açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdi. Akademiyada kursantların sərhədçi peşəsinə yiyələnməsi, fiziki hazırlığının yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil edilməsi üçün bütün şərait yaradılmışdır. Yüksək zövqlə tikilmiş kitabxana, idman alətləri ilə təchiz edilmiş qapalı idman zalı, istirahət zalı, 500 nəfərlik yeməkxana, kafe, mağaza, 300 nəfərlik akt zalı, 400 nəfərlik imtahan və təntənəli mərasim zalları, 400 və 600 yataq yeri olan kazarma tipli yataqxana, 3 və 4 nəfərlik 80 yataq otağı, ən müasir isitmə və soyutma sistemi ilə təmin olunan sinif otaqları kursantların öhdəsinə verilmişdir. Akademiyada mühazirə otaqları ilə yanaşı 11 kafedra (bu kafedralarda kursantlara Dövlət Sərhəd Xidmətində tətbiq edilən bütün texniki vasitələrdən istifadə ilə yanaşı, xarici dil də öyrədilir) və müxtəlif siniflər fəaliyyət göstərir. Burada təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur qurulmuşdur. Ümumqoşun fənləri, mühəndis-texniki fənləri və başqa kafedralar, sərhəd qoşunları taktikası, kütləvi qırğın silahlarından mühafizə, hərbi topoqrafiya, mühəndis hazırlığı, taktiki hazırlıq, rabitə hazırlığı, atəş hazırlığı, miqrasiya və sərhəd nəzarəti, informatika, xüsusi fənlər, xarici dillər sinifləri zəruri avadanlıq və əyani vəsaitlərlə təmin olunmuşdur.

Akademiyaya qəbul gənclər arasından – həm orta məktəbi, həm hərbi liseyləri bitirmiş və həm də hərbi xidmətdə olan hərbi qulluqçular sırasından aparılır. Burada sərhədçi zabit peşəsi öyrədilməklə yanaşı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət standartlarına uyğun olaraq “Dövlət və bələdiyyə idarəetməsi”, “Mexanika mühəndisliyi”, “Gəmiçilik və gəmilərin hərəkətinin idarə olunması”, “Uçuş mühəndisliyi, uçuş heyəti” ixtisasları üzrə də tədris aparılır. Təhsil müddəti 4 ildir. Akademiyanı bitirən kursantlara dövlət standartlarına uyğun bakalavr diplomu  ilə yanaşı, ilkin “leytenant” hərbi rütbəsi verilir və zabit kimi həqiqi hərbi xidmət keçməsi üçün Dövlət Sərhəd Xidmətinə göndərilir. Verilən diplomlar Avropa məkanında tanınır.

Akademiya ölkəmizdə xüsusi ixtisaslı, ali hərbi təhsilli sərhədçi zabit kadrlarının hazırlanması, müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi, elmi tədqiqatların aparılması kimi mühüm vəzifələri yerinə yetirir.

Ötən ilin iyul ayının 14-də Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının ilk buraxılışı ilə əlaqədar Dövlət Bayrağı Meydanında, bu il isə iyul ayının 10-da Dövlət Sərhəd Xidməti Akademiyasında təntənəli tədbirlər keçirildi. Məzunlara diplomlar təqdim olundu. Dövlət Sərhəd Xidmətinin zabit sıralarına daxil olan gənc leytenantlar “Sərhədçi andı” qəbul edərək xidməti vəzifələrinə başlayıblar.

Milli sərhədçi kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması mühüm yer tutur. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Oğlanlar üçün Açıq Tipli Xüsusi Məktəb Dövlət Sərhəd Xidmətinin balansına verilmiş və Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuşdur. Məktəb 2011-ci ildə istifadəyə verilmiş və açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.

Xüsusi Məktəbin yaradılmasında əsas məqsəd ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsidir. Məktəbdə şagirdlərə vətənpərvərliklə, təhsillə yanaşı, sərhədçi ruhu aşılanır. Burada təhsil alan şagirdlər anlayırlar ki, Vətən sərhəddən başlayır və sərhədlərimizin qorunması gələcəkdə onların ən müqəddəs vəzifələrindən biri olacaqdır.

Şagirdlər məktəbdə oxuduqları müddət ərzində geyimlə, bütün tədris materialları, dərs ləvazimatları və yeməklə pulsuz təmin olunurlar. Məktəbdə tədris prosesi ümumtəhsil məktəblərinin tədris planlarına uyğun olaraq təşkil edilir. Fakültativ, fərdi və qrup məşğələlərindən əlavə olaraq siniflərlə fənlər üzrə əlavə məşğələlər keçirilir. Şagirdlərin dərsə hazırlığı müəllim və tərbiyəçilərin nəzarəti altında aparılır. Hətta asudə vaxtlarında şagirdlərin dərsə hazırlaşmaları üçün məktəbdə bütün şərait və imkan yaradılmışdır.

Məktəblilər üçün yüksək səviyyədə yataq və məişət şəraiti yaradılıb. Dörd mərtəbəli yataqxana binasında rahat yaşamaq üçün bütün şərait vardır.

Xüsusi Məktəbə qəbul seçim vasitəsi ilə aparılır. Hər il məktəbə qəbulla bağlı yanvar ayından etibarən elan verilir. Yalnız IV sinifdə oxuyan şagirdlərin sənədləri qəbul olunur. Qəbul imtahanları test üsulu ilə azərbaycan dili və riyaziyyat olmaqla iki fənn üzrə keçirilir. Ən yüksək bal yığan və fiziki cəhətdən sağlam 20 şagird məktəbə qəbul edilir.

Xüsusi Məktəbdə olan yüksək nizam-intizam, tələbkarlıq qısa bir müddət ərzində öz nəticəsini göstərir. Şagirdlər vətənpərvərliyi, nizam-intizamı, nümunəvi davranışı və təhsili ilə digər məktəb şagirdlərindən fərqlənirlər. Təlim və təhsili ilə seçilən Xüsusi Məktəb az vaxt ərzində respublikamızda böyük nüfuz qazanıb. Bunu növbəti dərs ilində məktəbə qəbul üçün 200-dən çox müraciətin daxil olması da bir daha təsdiqləyir.

Ümumiyyətlə, Dövlət Sərhəd Xidməti tərəfindən uğurla həyata keçirilən milli kadrların hazırlanması prosesi deməyə əsas verir ki, ölkəmizdə savadlı, intizamlı, məsuliyyətli, Vətəni və onun sərhədlərini sevən, sərhədlərin mühafizəsi işini peşəkarlıqla təşkil edə bilən yeni nəsil yetişməkdədir.

Elşən Məmmədov
hərbi jurnalist

 





19.08.2013    çap et  çap et