525.Az

Jurnalistin vətəndaş məsuliyyəti


 

Jurnalistin vətəndaş məsuliyyəti<b style="color:red"></b>

Yunan filosofu Ərəstun deyirdi: "İnsan ağıllı vücuddur. Onun ağlı və işgörmə qabiliyyəti var, bunlardan biri olmasa və ya təzyiq altına düşsə, həmin insanın yaradıcılıq qabiliyyəti itmiş olar".

Yaradıcı insan olan jurnalist nə qədər çox təzyiq altında olarsa, bu onun yaradıcılığına mənfi təsir göstərər. Jurnalistə öz fikrini ifadə etmək azadlığı verilərsə, bu azadlıqdan istifadə və onun xarakterinə görə məsuliyyət də daha yüksək olur. Azadlıq çox olduqca, jurnalistin cəmiyyətin həyatına təsir imkanları da artır. Buna görə də təbii sual ortaya çıxır: "Bəs bu azadlıqdan düzgün istifadə olunurmu?"

Jurnalistika və jurnalist üçün məsuliyyət həm obyektiv, həm də subyektiv olur. Obyektiv dedikdə, insanın iradəsindən asılı olmayaraq, ictimai və tarixi zərurətdən doğan gerçəkliyin gətirdiyi tələblərə riayət olunması nəzərdə tutulur. Subyektiv dedikdə isə, jurnalistikanın və jurnalistin müvafiq qanunvericiliklə, etik kodekslərlə, təmsil olunduğu KİV-in informasiya siyasəti ilə müəyyən edilən tələblərə riayət etməsi əsas götürülür. Jurnalistin məsuliyyəti onun öz fəaliyyətində irəli gələn tələblərə peşəkar yanaşması, baş verən hadisələri müqayisə və təhlil edərkən peşə borcunun vacib olduğunu unutmaması deməkdir.

Məsuliyyət daşımaq - cavabdeh olmaq jurnalistin peşə borcudur. Çünki məsuliyyət hissi jurnalistin fəaliyyətini tənzim edir. Obyektiv olmayan jurnalist auditoriya toplaya bilməz. Peşəkar Jurnalistlər Cəmiyyətinin Etik Kodeksində deyilir: "Jurnalistikanın mühüm məqsədi obyektivlikdir. Bu, peşəkarlığın meyarıdır".

Məsuliyyətini hiss edən jurnalist həmişə çalışır ki, fəaliyyətində elə məqamlar axtarıb tapsın ki, sosial borcunun yerinə yetirilməsi üçün əsas olsun. Jurnalistin fəaliyyəti ictimaiyyətin mühakiməsi ilə rastlaşır. Məsələn, qanunvericiliyin pozulması məhkəmə qərarı ilə, qeyri-etik hərəkət "vicdan məhkəməsi" ilə KİV-in tələblərindən qırağa çıxmaq isə həmkarlar arasında müzakirə və bəzən ağır hallarda jurnalistlə müqavilənin ləğv edilməsi ilə başa çata bilər. Rus tədqiqatçısı Y.P.Proxorovun təbirincə desək, vicdanlı jurnalistin öz vəzifə borcu və real davranış arasında yaranan münaqişə daxili mühakiməyə, özünüqorumaya gətirə bilər ki, bu zaman o, ya məsuliyyətli davranışa qayıtmalı, ya da müqavimət göstərməyib, vəziyyətə uyğun davranmalıdir.

Rus şairi Nekrasovun "Sən şair olmaya bilərsən, lakin vətəndaş olmaq borcundur" sörünün dəyəri bu gündə çox əhəmiyyətlidir. Vətəndaş məsuliyyəti sosial məsuliyyətin mühüm hissəsidir. Müxtəlif sosial qrupların KİV-in, habelə ayrı-ayrı jurnalistlərin vətəndaş məsuliyyəti konkret real jurnalist aksiyaları zamanı ortaya çıxa bilər. Əlbəttə, sosial-siyasi fərqliliklər olsa belə, vətəndaşın davranışının məsuliyyəti yanaşma tələb edən hansısa sərhədləri olur.

Jurnalist də digər şəxslər kimi konkret ictimai-siyasi baxışlarının və vətəndaş mövqeyinin formalaşmasına görə məsuliyyət daşıyır. Burada söhbət ondan gedir ki, belə mövqe necə olacaq: ya maksimum obyektivliyə daha yaxın olacaq, ya da çox subyektiv və ayrı-ayrı qrup və maraqlara xidmət edən mövqe olacaq. Təbiidir ki, plüralizm, ideologiya, siyasət və mədəniyyətin geniş olduğu dövrdə jurnalist istənilən mövqeni tutmağa haqlıdır. Lakin seçim məsuliyyət tələb edir. Bu məsuliyyət öz mövqeyinin ciddi seçilməsi deməkdir ki, həm xalqın maraqlarına, həm də sosial inkişafın ümumhumanist tələblərinə cavab verməlidir. Belə olan halda məsuliyyət daha etibarlı olur.

Əslində, bütün ciddi müzakirələrə baxmayaraq, yüksək vətəndaş məsuliyyətinin arxasında bir əsas durur: ölkənin və bütün dünyanın qayğısına qalmaq. Belə formalaşan mövqeyin realizə edilməsi həm də çox vacib bir xüsusiyyətə malik olur. Çünki nəticədə müxtəlif baxışlar, yanaşmalar, ideyalar və mövqelərin polemikalar zamanı yaxınlaşması, hansısa konstruktiv mövqeyə çevrilməsi və konkret məzmun daşıması baş verir.

Bu baxımdan jurnalist və jurnalistika üçün ilk yerə cəmiyyət qarşısında və sosial inkişafın ehtiyaclarına nə qədər uyğun və yaxın mövqe sərgiləməsi onun məsuliyyətini formalaşdıran amillərə çevrilir. Jurnalist həm ölkədə, həm də xaricdə baş verən hadisələr barədə auditoriyaya aydın məlumat verməkdə, hansısa nəticələr çıxarmaqda tam məsuliyyət daşıyır. Yadımıza salaq, Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasını. O vaxt Rusiya təyyarəsi Suriya sərhəddindən Türkiyə ərazisinə keçmək istərkən Türkiyə tərəfi təyyarəni vurmuşdu. Rusiya mediası bu hadisəni özlərinə sərf etdikləri kimi işıqlandırdı. Hətta teledebatlarda Türkiyəni düşmən adlandırdılar, İstanbulu türklərdən azad edib "xristanlara qaytarmaq lazımdır" kimi cəfəngiyat şüarlar da səsləndirdilər. Teleaparıcı bu verilişdə tam məsuliyyət daşıyırdı, bu da onun verdiyi suallarda, aldığı cavablara münasibətin-dən görünürdü.

Təbii ki, jurnalistin işlədiyi KİV-in istiqamətindən asılı olaraq, "dünyanı və hadisələri necə görmək" fərqli ola bilər. Deyək ki, müdafiə nazirliyinin sərhəd bölgəsindən verdiyi rəsmi məlumatı jurnalist təhrif olunmuş formada təqdim edir. Bu da insanlar arasında orduya inamsızlıq yaradır. Bu halda da jurnalist məsuliyyət daşıyır. Çünki auditoriyada necə fikir formalaşdırmağa görə belə məsuliyyət yaranır. Məsuliyyətli davranış şayiə, yalan (kimsə nəycə gördü və ya nəysə eşitdiyi kimi) və s. kimi hallara, əsl mövqeyin, vəziyyətin gizlədilməsinə və ya dəyişdirilməsinə qarşıdır.

Məlumdur ki, şübhə doğuran xəbərlərlə tez-tez rastlaşırıq. Belə xəbərlər heç vaxt mötəbər sayıla bilməz. Bəzən informasiya verən adam adının çəkilməsini istəmir, anonim qalmaq istəyir. Amma jurnalist informasiyanın vacibliyinı nəzərə alaraq dərc edir. Professor Qulu Məhərrəmli yazır ki, bu gün Azərbaycanda hansısa prinsipal məsələyə dair informasiyanı mətbuata verən mənbə daha çox anonim qalmağı üstün tutur. Məncə, milli psixoloğiya və həyati gərçəkliklərə görə bu məqamı başa düşmək olar. Əsas odur ki, həmin anonim mənbənin verdiyi informasiyalar doğru, dürüst olsun. Elə buradaca qeyd edək ki, jurnalist anonim mənbəni yaxşı tanımalı və ona inanmalıdır. Gənc jurnalistlər belə anonim mənbələrlə işlərkən ehtiyatlı olmalıdır.

Bizim hər birimiz səhv etməkdən sığortalanmamışıq, o cümlədən, jurnalistlər də çəkiliş vaxtı prosesə və hadisəyə münasibət bildirərkən səhvə yol verə bilər. Lakin məsuliyyətli davranış tələb edir ki, jurnalist səhv etdiyini etiraf etsin və növbəti yazılarında bunu düzəltsin. Səhvləri düzəltməmək auditoriyanın aldadılmasına, medianın etibardan düşməsinə və "jurnalistikanın qeyri ciddiliyinə" gətirib çıxara bilər. Bir sözlə, jurnalist dərk etməlidir ki, bizim yararlandığımız söz və mətbuat azadlığı bütün xalqa məxsus olduğundan, insanların talelərində həlledici rol oynaya bilər. Odur ki, inam və ümidlərimizin mənbəyi olan həqiqətə söykənmək lazımdır, yalana, böhtana yox. İngilis alimi Frensis Bekonun təbirincə desək, "Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır".

Jurnalistin vətəndaş borcu tələb edir ki, obyektivliyi pozan, həqiqəti olduğu kimi göstərməyən, auditoriyanı yanlış istiqamətə yönəldən KİV-ə qarşı münasibət bildirsinlər. Əlbəttə, bu zaman ləyaqət və çərçivə gözlənilməli, tənqid naminə tənqid olmamalı, qeyri-etik leksikondan uzaq olmaq lazımdır. Həm də kiçik səhvlər böyüdülməməli, daha çox konstruktiv yanaşma olmalıdır. Jurnalist həyatda gözlənilməz  hadisələrlə də üzləşməli olduğundan ona həmişə hazır olmalıdır. Əgər bu hadisə cəmiyyətin mənafeyinə ziddirsə, onun borcudur nöqsanın aradan qaldırılmasında vətəndaş mövqeyini ortaya qoysun.

Siyasətşünas Aydın Sadiq yazır ki, jurnalist mənəviyyatı onun peşəkarlığının tərkib hissəsidir. Çünki bir çox peşə adamlarından, mütəxəssislərdən fərqli olaraq, kütləvi informasiya vasitəsində çalışdığına görə jurnalist ictimaiyyətin əxlaqına təsir etmək imkanına malikdir. Mətbuatda mənəviyyatlı, əxlaqlı insan işləməlidir. Təəssüf ki, hələ də mətbuatı özləri üçün gəlir mənbəyi hesab edənlər var. Heç kəsə sirr deyil ki, bir çox redaksiyalarda yalançı "peşəkarlar" lövbər salmışlar. Elə onun nəticəsidir ki, Mətbuat Şurasının "Qara siyahısı"nı geniş oxucu kütləsinə məlum olmayan qəzetlərin adları bəzəyir.

Bu gün Azərbaycan mediasında, jurnalistlərin arasında son dərəcə istedadlıları az deyil. Onlarda vətənə, xalqa, torpağa bağlılıq aydın hiss olunur. Cəmiyyətin maraqlarından çıxış edən bu jurnalistlər eyni zamanda, dövlət maraqlarının müdafiəçisi kimi çıxış etmiş olur.

 





31.10.2018    çap et  çap et