Hərdən ərki ötənlər mənə oxuyub redaktə, düzəliş etməyə yazılar göndərirlər. Belə yazıları diqqətdən kənar qoymuram.
Düzünü deyim ki, bəzən zəif yazılar olanda həqiqəti deməkdən çəkinirsən - birdən müəllifin xətrinə dəyər, inciyər deyə. Amma yaxşı, səni tutan yazı olanda sevinirsən.
Yazını oxuyarkən sərf edilən zamana heyfislənmirsən. Zəminə Əbişovanın bu yazısını oxuyanda kövrəldim. Çünki yazıda doğmalıq var - işğalda qalan yurd yerlərimizin birində keçirdiyimiz xoş günlərdən bəhs edir. Həm də tək o deyil.
Yazının mənə bir doğmalığı da müəllifin Həkəri çayına yaxın kəndlərimizin birindən bəhs etməsidir. Axı özüm də Həkərinin sahilində böyümüşəm. İndi o yerlərdə keçən şirin günlər acı xatirələrə dönüb. Elə bu yazıdakı kimi...
İlham QƏHRƏMAN
Kəndimizin səfalı, yığnaqlı, ünsiyyətli məkanı, Dəyirmanağzı! Son vaxtlar gözümdən getməyən, tez-tez məni kövrəldən, xatırlayaraq yanıb yaxıldığım, Dəyirmanağzı! Qaracallı kəndinin camaatı üçün həm istirahət yeri, həm yaylaq yeri idin. 50-ci illərdən sonra təsərrüfat işləri ilə əlaqədar bir çox ailələr yaylağa gedə bilmirdilər. Pambıq, bostançılıq, taxılçılıq təsərrüfatı və bir də maldarlıq üçün qış tədarükü işləri yaylağa köçməyə əsas maneə idi. Elə bu səbəbdən də kəndin bütün şənliyi Dəyirmanağzında olardı. İlahi, necə dadlı günlər imiş o günlər! Hətta kənddən köçüb şəhərdə yaşayanlar da kəndə gələr və bütün yayı bax bu gözəl məkan - Dəyirmanağzında keçirərdilər. Bəs bu məkan harada yerləşirdi?!
Qaracallı kəndinin yuxarı qurtaracağında, el arxının altında, bərəkətli bir dəyirman tikmişdi camaat. Ona görə bərəkətli deyirəm ki, bu dəyirmanın dəni müharibə illərində də əskik olmayıb. Müharibənin aclıq illərində ətraf kənd və rayonlardan bir çox ailələr gəlib bərəkətli Həkəri çayının ətraf kəndlərində dolanardılar. Yerli əhali o ailələri mehribanlıqla qəbul edərdi. Bu ailələrin eləsi olub ki, geriyə - öz obasına qayıtmayıb. Bunların bəzisi özünə yaxşı güzəran qurub qalıb. Belə ailələrdən biri də Zəngilan rayonunun Ağalı kəndindən gəlmiş Şahpəri arvad idi. Onun iki qız, bir oğul övladı vardı. Üçü də bu kənddə evləndi. Şahpəri arvad gözümün önündə canlanır. Qaracallı kəndində dünyaya gələn uşaqların hamısının göbək nənəsi idi. Kimin yarası, şişi, sınığı, boğaz ağrısı olsaydı, dərhal Şahpəri nənənin yanına gedərdilər və şəfa tapardılar. Rəhmətliyin əlləri məlhəm idi. Çox faydalı, xeyrxah, karagələn adam idi. Xalça, palaz, kilim, cecim toxuyan hər kəs onu çağırardı. O da çox layiqli iş görərdi. Xeyirxahlıq mücəssiməsi idi bu qadın. Bəstə boyu, xırda gülən gözləri vardı. Tək qadın olsa da, nə çörəyi, nə də ağartısı əksik olardı. Həmişə qoşa camış saxlayardı. Allah sənə rəhmət eləsin, Şahpəri xala!
Qaracallı sözünün etimologiyasını dəqiq bilmirəm. Amma hələ uşaqkən atamdan soruşmuşdum. Mənə belə cavab verdi. Dedi ki, bu kənddə çoxlu qaraqılçıq buğda əkərmişlər və bu ad da ordan qalıb. Bilmirəm, atam bu sözü hansısa mənbəyə əsaslanıb mənə dedi, yoxsa elə məni razı salmaq üçün dedi. Bu yazıda əsas məqsədim ən əziz və gözümdən getməyən, huşumdan, başımdan getməyən, məni kövrəldən o xatirələri kağıza köçürməkdir. Başına döndüyüm a Qaracallı kəndi! Həkəri çayının sağ sahilində, Ramazan yalının sinəsində salınmışdı. Çox təhlükəsiz yer idi. Göy guruldayar, güclü sel gələrdi, amma kəndə heç bir ziyan gəlməzdi. Atalarımız, babalarımız nə gözəl fikirləşib yurd yeri seçiblər. Amma çox təəssüf, çox acılar, çox mərhumiyyətlər tapdı bizi. Bu gen dünyanı dar etdi bizə. Kökdən qopmuş, ağaca döndük (mən özümü belə hiss edirəm). Yaxşı ki, Dəyirmanağzında bu dünyanın şirinliyindən, bəxtiyarlığından az da olsa dadmışam. A mənim ata yurdumun dağı, daşı, çayı, çaylağı, bulağı, tarlası. O tarlası ki, cır pomidorun dadından, göz oxşayan, qara göz giləsinə oxşayan quş üzümündən heç yerdə görməmişdim. Hələ Həkəri çayının sahilində söyüd ağacına sırmaşan cır üzüm (biz o meyvəyə qora deyirdik) lap əlçatmazdı.
Uşaq idik. Atam civirlik deyilən yerə ot vurmağa gedərdi və gələndə böyük qora bağlamaları gətirərdi. İlahi, nə gözəl dadı vardı bu qoranın! Məni kövrəldən Dəyirmanağzı harda yerləşirdi? Dəyirmanağzı kəndin şimal qurtaracağında,
Həkəri çayına lap yaxın yerdə yerləşirdi. Sözsüz ki, kəndin çörək evi sayılan dəyirman da burada yerləşirdi. Qocalar deyirdilər ki, çox bərəkətli dəyirman idi. Bu dəyirmanı işlədən su axınının üstündə balaca su elektrik stansiyası vardı. Bu kiçik qurğu təkcə bizim kəndi - Qaracallını işıqlandırırdı. Bu dediklərim 50-ci illərin təsviridir. Kəndin lap böyük bağı vardı, ta dəyirmana kimi gedib çıxırdı. Bu bağın bünövrəsi hələ sovetlərdən əvvəl qoyulmuşdu. Sonradan da müxtəlif cür meyvə ağacları əkilmişdi. Bu bağda bir tala gavalı ağacları vardı. Buraya Kalbaysa kişinin gavalılığı deyirdilər. Kalbaysa kişi mənim valideynlərimdən çox qabaq yaşamışdı. Amma xeyirxah əməlləri ilə adı yaşayırdı. Hacı Namaz kişinin əkdiyi böyük qoz ağacları da çox əzəmətli idi. Bu iki ağacın kölgəsi sanki bir kəndin yaylaq yeri idi.
Səhər açılan kimi bütün qonşular bir-birini səslərdilər:
- Ay Gülzar, ay Telli, Dilərfuz, Pərzad uşaqları hazır edin gedək Dəyirmanağzına.
Bu rəhmətlik Çiçək xala idi. Çox qoçaq, ürəyitəmiz, əliaçıq adam idi. Qonşu işinə yarayan, əltutmağa çalışan idi. Təmənnasız idi. Qəbrin nurla dolsun, ay Çiçək xala!
Kəndin o biri məhəllələrindən bu minvalla yığışıb gələrdilər Dəyirmanağzına - o iki qoz ağacının kölgəsinə. Hamı bir-birini mehribanlıqla dindirər, hal-əhval tutardı. Lap körpə uşaqları Şahpəri nənə oxudardı, iri uşaqlarla Telli xala məşğul olardı. Bu qadın bizi başına yığar və qədim oyunları - "beş daş" , "on daş", "mərəköçdüm", unutduğum neçə-neçə oyunları bizə öyrədərdi. İlahi, mən bu qadının hirsləndiyini, kiməsə acıqlandığını görməmişdim. Burada bir haşiyəyə çıxacam: Bu yazını mən yaydan Ağsu rayonunun Gursulu kəndində başlamışdım. Elə yaza-yaza radioda Seyid Hüseynin ermənilərin o vaxt Bakıda "İsmailiyyə" binasını öz havadarları ilə necə yandırdıqlarından bəhs edən tükürpədici yazısını dinlədim. Düzdür, bu hadisə haqqında bilmirdim, amma S.Hüseynin yazısına
qulaq asmaq son dərəcədə dəhşətlidir. Axı o hadisələri öz gözü ilə görmüşdü. Hələ bu milləti nələr gözlədiyini, hansı müdhiş faciələrdən keçəcəyini çox gözəl anlamışdı. Burada deyirəm: "Fələyin gərdişi atəşlərə yansın!"
Kəndin yuxarı məhəlləsindən Zeynəb xala, Ruqiyyə xala, Rasta xala, Gülbahar nənə, Suraya və Məleykə xala, Marusa xala, Şüşə xala, Mehriyar mama, Rəfiqə xala, Gülüm xala, Pərzad və Dilərfuz mama, Koroğlu nərəli, Ərəbzəngi cüssəli Gülzar mama, Nazənin, İntizar, Nabat xala - bir sözlə, qırx evli Qaracallı hamısı olanından tapdığından çörək bağlaması götürüb səhər tezdən buraya gələr, ta gün əyilənə kimi kölgələnərdilər. Həm kölgələnər, həm də el üçün, uşaq üçün qayğılanardılar. Böyük Allahımız burda bizə çox şeylər bəxş etmişdi. Yaxşı soyuq sulu bulaq, Qarasu deyilən isti axar su, Həkəri çayının şəffaf səfalı suyu, isti qumu, hər rəngdə çay daşları, daha nələr, nələr... Analar uşaqlarını bu qara suda çimizdirər, elə paltarlarını da bu qara suda yuyar və çaylaq daşlarının üstünə sərərdilər. Yayda oğlan uşaqları səhər tezdən Həkərinin bulaqları oynaşan suyuna girərdilər ta axşama qədər. Xəstəlik nədir bilməzdilər. Necə də mehriban idilər. Sanki bir kəndin deyil, bir ailənin uşağı idilər. Heyif o günlərdən. Bir daha nə Dəyirmanağzı olmayacaq, nə də o günlər, o insanlar...
Sənə qurban olum, a Dəyirmanağzı. Torpağına, daşına qurban, a Dəyirmanağzı!
Atamın vəsiyyətini yerinə yetirə bilmədik. Vəsiyyət etmişdi ki, mənim məzarımı kəndimə apararsınız. Kaş edə bilərdik. İnsanın dörd vətəni olur: ana qoynu, doğulduğu yer, yaşadığı yer və qəbr evi. Mən və mən taleli insanlar bunlardan üçünü itirib, qəbr evi... ya qismət! Allah gələcək nəsli vətənsiz, didərgin etməsin!
Mən istərdim ki, bu yazıda kəndimin gördüyüm insanlarını hamılıqla yazam və heç olmasa öz nəvə və nəticələri qiyabi də olsa bilsinlər. Cəbrayıl, Hacıbaba, Əmrah, Cəbi, Mustafa, Cəfər, Qəfər, Səttar, Cümşüd, Cəlil, Fətiş, Məhərrəm, Gülmalı, Həmzə, Hüseynalı, Qardaşxan, Ağamalı, Səfqulu, Hüseyn, Xasay, Qəzənfər, Sabir, Mehdi, Həsənxan, Qurban, Mürsəl, Abış, Yəhya, Həsən, Surxay, İbrahim, Məhəmməd, Nüsrət, Mehdiqulu, Hümbət, Qubad, İsaq, Oktay, Murtuza, İsa, Azad, Həqiqət, İbiş, Mayis, Göyüş, Müzəffər, İsmayıl, Musa, Rza, Möhsüm, Ağa, Xəlil, Famil, H.Məhəmməd, Yavər, Məhəmmədəli... və b.
Bu insanlardan iki nəfər - mənim istəkli müəllimim Surxay müəllim və Nüsrət kişi yaşayırlar. Təkcə Surxay müəllimin simasında elə bil ki, Qaracallı kəndinin ən canlı şahidi yaşayır. Bu adlarını yazdığım adamların hamısı dünyasını dəyişib. Ancaq hamısını həyatda görmüşəm. Eləsi var lap uşaq vaxtı görmüşəm. Bu nəslin son nümayəndələri beş-altı idir ki, dünyasını dəyişib. Daha o kəndin demək olar ki, əsl vətəndaşı - Həkəri çayının suyunda çimib, örüşlərində otlamış, heyvanların süd-qatığından, bişəndə ətri bütün məhləyə yayılan halal çörəyindən, Dərə Kahadan yığılmış pencərdən bişirilib yağlanmış kətəsindən yeyən insanlar yoxdur. Heyif! Bax belə dərd sağalmaz dərddir. Naşükürlük etmirəm, dünyanın gücsüz, köməksiz xalqları həmişə zülmə, müsibətə düçar olublar. Vətəndən didərgin salınıblar, yurdları yerlə yeksan edilib. Hətta yer üzündən tamamilə silinən xalqlar da olub. Elə dövlətlər olub ki, yüz yerə bölünüb pay-püşk olunub. Hər kəs ki, bizim xalqın taleyini, tarixini, dərdini, sərini bilmək istəyirsə, Qaracallının şair oğlu Əliağa Aslanın - Dərdpərvərin (bu dərdpərvər sözünə leksikonumuzda rast gəlməmişəm) əsərlərini oxusunlar. Mən Əliağa Aslanın şeirlərini oxuyarkən dərd yükü necə ağırlaşırsa, 5-10 səhifə ancaq oxuyuram. Onun şəxsiyyətini, mənəviyyatını, iç dünyasını, vətən, dünya duyumunu ifadə edəcək bir söz kəşf etdim. "Dərdpərvər". Mən yurdumuzun şair oğlu ilə sağlığında yaxın olmamışam. İndi əsərlərini oxuyub görürəm ki, bu qədər dərd çəkən, əlbəttə, çox yaşamaz. Ümumiyyətlə, şairlər dərdlə çox yüklənirlər, amma mən çəkinmədən deyirəm ki, Əliağa Aslan qədər dərdlisin görmədim. O bir elin, bir obanın, bir ölkənin deyil, bəşəriyyətin dərdini yüklənmiş şairdi. Əliağanı tərənnüm, təhlil etməyə gücüm, qüvvətim qalmayıb. Təəssüflər, yenə təəssüflər! Məkanı nurla dolsun! Bilmirəm, günahkar kimdi - mənmi, şairmi, ya zamanmı?! Yoxsa bu zalımı çıxmış qaçqınlıqmı?! Xeyirdə, şərdə salaməleyk etmişdik, amma heç həmsöhbət olmamışdıq. Bax elə burda biz nələrisə itirmişik, daha əlimiz çatmaz!
Zəminə ƏBİŞOVA
çap et