525.Az

Ermənilərin ümidi siyasi dəllallara qalıb


 

DAĞLIQ QARABAĞA QANUNSUZ SƏFƏR EDƏNLƏRİN KİMLİYİNƏ NƏZƏR SALDIQDA HƏMİN ŞƏXSLƏRİN ƏKSƏRİYYƏTİNİN REAL SİYASƏTDƏN UZAQ, YALNIZ ƏLAVƏ GƏLİR ƏLDƏ ETMƏK NAMİNƏ BU CÜR ŞOULARA QOŞULAN İŞBAZLAR OLDUĞU ÜZƏ ÇIXIR

Ermənilərin ümidi siyasi dəllallara qalıb<b style="color:red"></b>

Belçika parlamenitnin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycanda narazılıqla qarşılanıb.

Bəzi fransalı deputat, bələdiyyə sədrlərinin ardınca belçikalı deputatın da qondarma rejimlə təmaslar qurması hiddət doğurduğu qədər avropalı "siyasətçi"lərin beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmağa davam etdiyini göstərir. Dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsində formalaşdırılmış separatizm hərəkatına dəstək verməklə bu cür ünsürlər oxşar proseslərin alovlanma ehtimalının böyük olduğu ölkələrində eyni aqibətlə üzləşəcəklərinin fərqinə varmırlar. Hərçənd ki, işğal edilmiş bölgəyə səfər edənlərin kimliyinə nəzər saldıqda həmin şəxslərin əksəriyyətinin real siyasətdən uzaq, yalnız mənfəət, əlavə gəlir əldə etmək naminə bu cür şoulara qoşulan, dəstək verən işbazlar olduğu üzə çıxır.

Erməni mətbuatında yer alan qondarma "Dağlıq Qarabağ Respublikasına" Belçika parlamentinin üzvü Jan Jak Flaonun səfəri guya ki,  "Avropadan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması" kimi hər hansı əsası olmayan görüntü yaratmaqdan başqa bir şey deyil. İstər erməni lobbisinin nümayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur. Karampetyanın qondarma separatçı rejimin təbliği üçün sağlam düşüncəli avropalı siyasətçiləri bu əraziyə aparmaq səyləri hər dəfəsində Brüsseldəki erməni lobbisinin rəhbərinin çarəsizliyini açıq şəkildə nümayiş etdirir. Bir müddət öncə həmin Karampetyan Avropa Parlamentinin deputatı qismində yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri Martin Sonnebornu ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə aparmış, indi isə o, homoseksual evlilik qurmuş ilk belçikalı deputat-mer kimi tarixə düşmüş Jan Jak Flaonu müşayiət edir. Maraqlıdır, növbədə daha hansı "nüfuzlu" Avropa siyasətçisi var? Karampetyan kimilərinin əlacsız səyləri, əslində, dövlətlərin "biz, "Dağlıq Qarabağ Respublikası" adlı qurumu tanımırıq" kimi birmənalı rəsmi mövqeyinin təkrarən səsləndirilməsi və daha çox insanın Ermənistanın işğalçı siyasəti barədə həqiqətlərdən xəbərdar olmasına şərait yaradır.

Diqqətçəkən məqamlardan biri də odur ki, erməni tərəfindən həyata keçirilən bu təxribat xarakterli addım ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində baş verir.

Bu, həm Ermənistanın danışıqlar prosesinə real baxışını - destruktiv yanaşmasını, həm də vasitəçilik missiyasında təmsil olunan dövlətlərdən Fransaya, eyni zamanda, bu ölkənin təmsil etdiyi Avropa İttifaqının mənzil-qərargahının yerləşdiyi Belçikaya hörmətsizlik gətirir.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, bir parlament üzvünün Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər etməsi, heç də Avropanın mövqeyi və ya Belçikanın mövqeyi demək deyil. O, SİA-ya bildirib ki, parlament üzvü də bir vətəndaşdır və fərdi olaraq istədiyi yerə səfər edə bilər: "Lakin Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bura olunan hər bir səfər ölkəmizlə razılaşdırılmalıdır. Əks halda, bu, qeyri-qanuni səfərdir".

Deputat bildirib ki, qeyri-qanunu səfərlə bağlı Azərbaycan tərəfi Belçikaya öz münasibətini göstərəcək və həmin şəxs "qara siyahı"ya salınacaq: "Ermənilərin bu səfərdən "Avropadan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması" kimi görüntü yaratması tamamilə yanlışdır. Çünki Avropa İttifaqı Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanıyır. Burada başqa söhbət ola bilməz. Burada qəbul edilən qətnamələr, qərarlar, bəyanatlar da öz sözünü deyir".

A.Badamov qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətində Dağlıq Qarabağın Azərbaycan torpağı olması və münaqişənin sülh yolu ilə həll olunması öz əksini tapır.

Deputat vurğulayıb ki, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur: "Erməni lobbisi istəyir ki, Dağlıq Qarabağ ayrı hökumət kimi tanınsın. Onlar Avropada Dağlıq Qarabağı ayrı bir ərazi kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar. Avropada da bilirlər ki, Ermənistan işğalçıdır. Lakin Avropada erməni lobbisi fəaliyyət göstərir və onlar öz fikir və istəklərini reallaşdırmağa çalışdıqları üçün bu cür addımların atıldığının şahidi oluruq".

Ceyhun ABASOV

 





01.11.2018    çap et  çap et