525.Az

Ermənistanın separatizm təbliğatı əks effekt verir


 

"ERMƏNİ LOBBİSİNİN AVROPANIN KÜNC-BUCAQLARINDAN MARJİNALLAŞMIŞ ADAMLARI TOPARLAYARAQ ONLARIN AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNƏ SƏFƏRİNİ TƏŞKİL ETMƏSİNİN SAXTA MAHİYYƏTİ GETDİKCƏ DAHA ÇOX ÜZƏ ÇIXIR"

<b style="color:red">Ermənistanın separatizm təbliğatı əks effekt verir</b>

Belçika parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmayın Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycanda narazılıqla qarşılanıb.

Artıq Azərbaycan Xarici İşlər Nazirliyi belçikalı partiya funksionerlərinin işğal olunmuş ərazilərə qanunsuz səfərini araşdırır. Qanunsuz səfərə görə onların adlarının "arzuolunmaz şəxslərin siyahısı"na daxil edilməsinə dair qərar qəbul ediləcək.

Bəzi fransalı deputat, bələdiyyə sədrlərinin ardınca bu belçikalıların da qondarma rejimlə təmaslar qurması hiddət doğurduğu qədər ümumilikdə avropalı "siyasətçi"lərin beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmağa davam etdiyini göstərir. Dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsində formalaşdırılmış separatizm hərəkatına dəstək verməklə bu cür ünsürlər oxşar proseslərin alovlanma ehtimalının böyük olduğu ölkələrində eyni aqibətlə üzləşəcəklərinin fərqinə varmırlar. Hərçənd ki, işğal edilmiş bölgəyə səfər edənlərin kimliyinə nəzər saldıqda həmin şəxslərin əksəriyyətinin real siyasətdən uzaq, yalnız mənfəət, əlavə gəlir əldə etmək naminə bu cür şoulara qoşulan, dəstək verən işbazlar olduğu üzə çıxır.

Erməni mətbuatında yer alan qondarma "Dağlıq Qarabağ Respubublikasına" Belçika parlamentinin üzvü Jan Jak Flaonun səfəri guya ki,  "Avropadan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması" kimi hər hansı əsası olmayan görüntü yaratmaqdan başqa bir şey deyil. İstər erməni lobbisinin nümayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur. Karampetyanın qondarma separatçı rejimin təbliği üçün sağlam düşüncəli avropalı siyasətçiləri bu əraziyə aparmaq səyləri hər dəfəsində Brüsseldəki erməni lobbisinin rəhbərinin çarəsizliyini açıq şəkildə nümayiş etdirir. Bir müddət öncə həmin Karampetyan Avropa Parlamentinin deputatı qismində yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri Martin Sonnebornu ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə aparmış, indi isə o, homoseksual evlilik quran ilk belçikalı deputat-mer kimi tarixə düşmüş Jan Jak Flaonu müşayiət edir. Maraqlıdır, növbədə daha hansı "nüfuzlu" Avropa siyasətçisi var? Karampetyan kimilərinin əlacsız səyləri, əslində, dövlətlərin "biz, "Dağlıq Qarabağ Respublikası" adlı qurumu tanımırıq" kimi birmənalı rəsmi mövqeyinin təkrarən səsləndirilməsi və daha çox insanın Ermənistanın işğalçı siyasəti barədə həqiqətlərdən xəbərdar olmasına şərait yaradır.

Diqqətçəkən məqamlardan biri də odur ki, erməni tərəfindən həyata keçirilən bu təxribat xarakterli addım ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində baş verir. Bu, həm Ermənistanın danışıqlar prosesinə real baxışını - destruktiv yanaşmasını, həm də vasitəçilik missiyasında təmsil olunan dövlətlərdən Fransaya, eyni zamanda, bu ölkənin təmsil etdiyi, mənzil-qərargahı Belçikada yerləşən Avropa İttifaqına hörmətsizlik gətirir.

Mövzu ilə bağlı fikirlərini bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, erməni lobbiçilərinin Avropanın künc-bucaqlarından marginallaşmış adamları guya ən mötəbər diplomat və siyasətçilər adı altında toparlayaraq onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil etməsinin saxta mahiyyəti getdikcə daha çox üzə çıxır və ifşa olunur. O, "Trend"ə bildirib ki, illərdən bəri erməni lobbisinin apardığı bu işlər nəinki istənilən effekti verir, hətta daha da qeyri-ciddi şəkil almağa başlayır: "Ermənilər işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimi müstəqil subyekt kimi tanıda biləcəklərinə çox ümidli idilər. Lakin bir tərəfdən Azərbaycan diplomatiyasının izahat işləri, digər tərəfdən isə ümumi erməni iddialarının saxta mahiyyətinin üzə çıxması nəticəsində erməni lobbiçilərinin Qarabağa emissarlar gətirmək taktikası indi onların özlərinə qarşı işləməyə başlayıb. Hər səfərdən sonra mötəbər təşkilatlar qondarma rejimi tanımadıqları barədə birmənalı bəyanatlar verməklə lobbiçilərin oyunlarının saxtalığını bütün dünyaya göstərirlər. Bundan başqa, erməni lobbiçilərinin aldadaraq və ya şirnikləndirərək Qarabağa apardıqları insanların da sayı sürətlə azalır, artıq Avropadakı ciddi dairələrin təmsilçiləri, deputatlar bu səfərlərə o qədər də həvəslə baxmırlar".

Ekspertin sözlərinə görə, iş o həddə gəlib çatıb ki, ermənilərin Qarabağa apardığı qonaqların arasında qeyri-ənənəvi oriyentasiyalı, öz ölkəsində ən pis imicə malik hər cür təsadüfi adamlar peyda olmağa başlayıb: "Bu günlərdə işğal olunmuş ərazilərimizə aparılmış şəxslərin siyahısına baxmaq kifayətdir. Ermənistanın son ümid yerinə çevrilmiş və sadəcə "cib siyasətçiləri" imicinə malik bu şəxslərin fəallığı bir daha sübut edir ki, Ermənistan rəhbərliyi Qarabağ uğrunda diplomatiyanı prinsipial olaraq uduzduğunu çox yaxşı anlayır və xaricdən Qarabağa gətirilən tör-töküntülər dəstəsinin kölgəsi altında öz böyük məğlubiyyətini ört-basdır etmək istəyir".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





02.11.2018    çap et  çap et