525.Az

Şanlı tarixin dəyərli salnaməsi


 

Şanlı tarixin dəyərli salnaməsi<b style="color:red"></b>

“Bu müzəffər xalqın (türklərin) bircə tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar... Bu cəngavər xalq öz  şöhrəti ilə məşğul olaraq əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır” - Şarl Lui Monteskyo (1689-1775) fransız maarifçi filosofu”. Bu fikirlər Cavanşir Feyziyevin yenicə işıq üzü görmüş 5 cildlik “Türk dünyası” kitabından götürülüb.

İlk dəfə öz kitabını daşdan yaradan, öyüdlərini gələcək nəsilə Orxon Yenisey sahillərində, Altay dağlarının ətəklərində, Monqolustan çöllərində, Qazaxıstan səhralarında yazıb yadigar qoyan Kül Təgindən, Kutluq Kağandan, Tonyukukdan qalan məktublar və daş kitabələr, üzəri  təbiətin  min bir gözəlliyi ilə işarələnən daş tamğalar, naxışlar... hamısı bu günə qədər gəlib çatan kitablarımızdır. Bizim dədələrimiz kitabları öyüd şəklində yazdılar. Gecə yatmayıb, gündüz dayanmayıb, yol getdilər, məsafələr qət etdilər, xalqın yaşaması, türk ulusunun elliklə böyüyüb-dünyaya yayılması üçün YASAlarını yazıb, dünyaya ədalət qanunları öyrətdilər. Təkcə qəhrəmanlıq tarixlərini, döyüş tarixlərini yazmadılar. Yazsaydılar, dünyanın  böyük-böyük kitabxanalarına sığmayacaqdı o möhtəşəm və şərəfli tarixin səhifələri.

Ancaq hər dövrün, hər zamanın bir türk sevdalısı olur ki, öz tarixinə sahib çıxır, onu yaşatmaq üçün, onu yazmaq üçün zəhmətini əsirgəmir. Bir yadınıza salın Mahmud Qaşqarini. Oba-oba, oymaq-oymaq, el-el türk ellərini gəzib “Divani lüğət” yazmadımı?! Bu gün hər dəfə yaddaşımızı təzələyəndə, o böyük PİRİ xatırlayırıq.

O da doğrudur ki, çox zaman tariximizi yadlar yazdı. Dünyanın böyük-böyük kitabxanalarında türk dünyası xaqanlarının hakimiyyəti dövründə həmin saraylarda elçi olmuş, bir çox səyyahların yazdıqları da bir tarix, bir kitab, bir salnamədir.

Bu gün o tarixləri, o dövrləri ibtidaidən bü günümüzə qədər yazıb, toplayıb, yığıb boxçalayıb 5 cilddə yenidən ərsəyə gətirən böyük fəlsəfi fikir adamı, Azərbaycan Milli Məclisinin deputatı, fəlsəfə elmləri doktoru hörmətli Cavanşir Feyziyevin 5 cilddən ibarət “Türk dünyası” kitabı sözün əsl mənasında Türk Birliyinə ən böyük töhfədir və xidmətdir. Bu kitablarda əslində, Türk Birliyinə yetişmənin yolları və koordinatları, genetik kodlarımız toplanmış məqalələrdə və tarixi materiallarda çox böyük incəliklə öz əksini tapıb.

Necə?! Kitabın I cildi “Türk sivilizasiyasının təməl dəyərləri” bölümündə türk sivilizasiyasının tarixi təkamülü, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, üniversal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı yeri və mövqelərinə qədər olan məqamlar çox incəliklə toplanıb. Bu cilddə türk etimologiyasından, yazı tarixindən, türk ədəbiyyatından, türklərin islamlaşma tarixindən, türk parlamenti ənənələri, qədim və müasir tarixdə ən böyük fikir adamlarının, tarixçilərin, etnoqrafların yazdıqları əsərlərdən sitatlar və bölmələrlə tanış ola biləcəklər.

Oxucularımız üçün “Qədim türklər: mədəniyyəti və həyat tərzi” adlı məqalədə bəhs edilən tünc dövründən bu günümüzə qədər olan zaman kəsiyində əski türklərin Avrasiyanın şərqindən qərbinə doğru hərəkət trayektoriyası, Monqolustan və Altay ərazilərindəki yaşam mədəniyyəti, ilk çadır qurma texnologiyası, yurda sahib çıxma, torpağı qoruma qanunlarını əxz etmək bir fürsətdir.

“Türklər və modernləşmə” bölümündə isə 1453-cü il türk sultanı Fateh Mehmetin İstanbul fəthindən, Atatürkün xilas etdiyi Türk Cümhuriyyəti, Məhəmməd Əmin Rəsulzadənin yaratdığı Demokratik Azərbaycandan Müstəqil Azərbaycana qədər olan dövr kəsimindəki islahatlar və modernləşmə, eləcə də Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi qələminin modernliyindən çıxan ilk qəzet və jurnallarımızın ərsəyə gəlməsi haqqında bəhslərdə türk dünyasının keçdiyi şərəfli inkişaf mərhələsini öyrənmək olar. Türklərin adət ənənələri, bayramları, simgə və tamğaları, Novruz mərasimləri, Ergenekon tarixi... - bunların hamısı toplanan kitablar oxucunun stolüstü kitabı və ensiklopediya mənbəyi rolunu oynayacaq. Bu bilgilərin içərisində “Atatürkün Devrimləri”, Heydər Əliyevin Azərbaycanı yoxdan var edən dövlət siyasəti də yer alıb.

Türklər “Boz qurdu” niyə totem götürdülər? “Maral”, “Qartal” totemləri özündə hansı sirləri gizlədir?! - bunların hamısı həmin o 5 kitabdadır.

Kitabda yəhudi tarixçisi Meyer Kayzerlinqin (1829-1905) - “Türklər, həqiqətən də Asiya və Avropa tarixinin tanıyıb bələd olduğu təmizqanlı və alicənab ulusdur” kimi bir fikri də yer alıb. Həqiqətən də hələ islamaqədərki tarixində türklər böyük dövlətçilik mədəniyyətinin, maddi və mənəvi mədəniyyətin, xüsusilə də mükəmməl yazı mədəniyyətinin, tranzit texnologiyasının sahibi olmuşlar. Avrasiyanın özünü bütöv qlobal məkan kimi hiss etməsinin tarixi özünüdərki prosesi məhz türk sivilizasiyasının quruluş yaradıcı təbiəti ilə bağlıdır. Müəllif, İmperiyalar yaradan, elmlərin qapısını açan, kitablara sahib olan türk dünyasının təməl prinsiplərini yaradan şəxsiyyətləri haqqında məlumatları bir araya toplamaqla, türk dünyasının öyrənmək istəyən hər bir oxucu üçün geniş ensiklopedik baza yaradıb.

Hunlar, karayimlər, tatarlar, başkurdlar, karluklar, noqaylar, utruğurlar, şorlar, tuvalılar, neymanlar, buntürklər... və s. türk xalqları haqqında məlumatın yoxdursa, yenə “Türk dünyası” ensklopediyasına müraciət edəcəksən.

Türk birliklərinin, türk qurumlarının, təşkilatlarının harada və necə yaranmasını bilmək istəsən, yenə 5 cildliyə baş vuracaqsan. 3 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Naxçıvanda görüşləri zamanı türk elinin ağsaqqalı tərəfindən irəli sürülən Türk Akademiyasının yaradılması təşəbbüsü və həmin gündən etibarən qurumun Beynəlxalq Türk Akademiyası statusuna qədər keçdiyi yol, Akademiyanın Türk dünyasının elmi Birliyinin yaranması üçün apardığı əməli işlər “Türkşünaslıq” bölməsində yer alıb. TWESCO-nun prezidenti, doktor Darxan Kıdırəlinin türk dünyasına verdiyi töhfələr haqqında bilgilər isə Akademiya və Türk dünyası haqqında məlumat öyrənmək istəyənə bir töhfədir.

Azərbaycan Respublikasının AMEA Abbasqulu Ağa Bakıxanov adına tarix İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan, elmi redaktorları  AMEA A. Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və professor Fərman İsmayılov olan kitabda eyni zamanda, türklərin tarix boyu sahib olduğu ərazilər, türkdilli ölkələrin təbii ehtiyatları, iqtisadiyyatı, beynəlxalq aləmdə türk ölkələrinin və dövlətlərinin xüsusi rolu haqqında da maraqlı məqalələr vardır. Və bir də ki, Türk dünyasının üzük qaşı olan anamız Azərbaycan haqqında, Azərbaycanın geosiyasi və geopolitik anlamda qazandığı uğurlar, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türk dövlətləri ilə apardığı qardaşlıq siyasəti, ölkəmizin son illərdə qazandığı uğurlar, Turana gedən yolumuzdan danışılır.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə doktoru, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyev türk dünyasının 5 cildlik enskolpediyasını yazıb toplamaqla, Türk dünyasına, türkçülüyə böyük töhfə vermiş oldu. O, bu əməli ilə Mahmud Kaşqari yolunu davam etdirdiyini göstərdi. Bu 5 nüsxədə hələ bundan sonra 5 min il də yaşayacaq bir tarix yazıldı. Millət vəkili Tanrı dərgahında ən uca məqamı qazandı. Çünki millət üçün, xalq üçün kitab yazmaq ən böyük ibadətdir. Böyük qeyrət və cəsarətlə yazılan 5liyini imzası, bundan sonra Əhməd Yəssəvi, Mahmud Kaşqari, Lev Qumilyev, Vasiliy Radlov kimi türk tarixçilərinin adı ilə birgə çəkiləcək. Mücadiləniz kutlu olsun.

Fikrimi elə bu kitabda yer alan fransız hərbçisi, sonradan Əhməd Paşa adını alan, Qraf Klod de Bonnevalın fikri ilə tamamlayıram: “Türkləri sevirəm. Onlar bənzərsiz məmləkətlərin bənzərsiz insanlarıdır. Yaradılışlarında ilahi bir əzəmət, könül almalarında mələklərdə belə olmayan cazibə vardır. Bu böyük ruhlu millətin arasında vətənimi unutmaqdan qorxuram. Vətən əziz, çox əziz. Lakin türk ondan da əziz, çox əziz”.

 





05.11.2018    çap et  çap et