525.Az

"Dirilən adam"


 

"Dirilən adam" <b style="color:red"></b>

Günlərdir yazmaq istəyirəm, amma özümü sıxıb saxlayıram. Günlərdir düşünürəm ki, dosta və düşmənə yüksək səslə elan edim bu xoş xəbəri.  Amma özümü birtəhər sıxıb saxlayıram, Ustad!
 
Qorxuram, qorxuram ki, dost istədiyindən, düşmən bədnəfsindən səni gözə gətirər. Hər gün üzbəüz saatlarla söhbət etməyimizə baxmayaraq, əsl ürək sözümü mən hər dəfə yazılarımda demişəm Sənə - Cavanşir Cahangirova - Ustad dediyim kəsə.

Mənim Ustadım kimdir?

Azərbaycanda 1956-cı il noyabrın 6-da anadan olanların arasında görəsən neçə nəfərin AZ.TV-yə dəxli var? Yəqin Statistika idarəsinə müraciət etsəniz də, sizə doğru-düzgün cavab verən olmayacaq. Amma mən və onu sevənlər bunu bilirik. Bu, mənim Ustadım, təkcə mənim yox, bir vaxtlar jurnalistikanın astanasında dayanmış yüzlərlə gəncin Ustadıdır. O astanada ki, onların 27 nəfəri artıq Azərbaycanın Əməkdar jurnalistidir.  Və o adamlar bu günün - 6 noyabr 1956-cı il tarixinin həm də Ustadın doğum günü olduğunu bilirlər...

Ömrümüzdən dörd il ötdü. Bu dörd ildə yaşadığımız hər gün Sənin üçün Allaha dua etdim. Hər gün naməlum nömrələrdən gələn zənglər məni məyus etdi. "Bəlkə elə bu zəngdir" deyib sənin dünyadan gedişin xəbərini almaq qorxusunu bu dörd ildə dəfələrlə yaşadım. Bu dörd ildə ən yaxın adamlarımı itirdim. Kimi həyatdan köçdü, kimi də gözümdən düşdü. Amma etiraf edim ki, bu dörd il Səni mənə bir az da doğmalaşdırdı. Bu dörd il Sənin mənə kim olduğunu bir daha göstərdi. İlk əməliyyata getdiyin gün, səhər mənə verdiyin sözü unutmamışam. Gözəl səs tembirinlə, "Qızım, ölməyəcəm, qorxma" - deyib əməliyyata getdin.

Mən o vaxt bilmirdim ki, həkimlər Cavanşir müəllimə və ailə üzvlərinə deyiblər ki, onun ən yaxşı halda, dörd ay ömrü qalıb - dörd aylıq qonaqdır. O zaman həyat yoldaşı Nüşabə xanım bu sözü eşidər-eşitməz huşunu itirib və özünə gələr-gəlməz deyib ki, bunu Cavanşirə deməyin. Ciddi və bir qədər də qəddar görünən Araz həkim isə cavabında deyib ki, Cavanşir müəllimin artıq öz aqibətindən xəbəri var və bu əməliyyat üçün özü imza atıb və o da sizə görə narahatdır.

Qayıdaq həmin günlərdə mənim yaşadıqlarıma. Özüm-özlüyümdə Cavanşir müəllim bizi sakitləşdirir, amma tutulduğu zəhrimarın nə olduğunu sanki bilmir deyib, sadəcə, Sənin ilk dörd ayını gözlədim. Bədxassəli şiş xəstəsi dörd ay hələ bizimlə olmalı idi. Bu dörd ayda ilk itkimiz Sənin səsin oldu. Xəstəliyinin ilk dörd ayında bir az da inadkarlaşan Cahangirov yaşadığı günləri lağa qoyaraq yola saldı. Doğmalarını əlindən alan bu dərdə "mən sənin əlindən çox çəkmişəm, səni ağlar yola salacam" dedi.

Cahangirov arxada qalan bu dörd ildə mənim yaddaşıma təkcə xəstəliyinə qalib gələn adam kimi yox, həm də öz dərdini özünə danışan adam kimi həkk olundu. Dərdini özünə danışan adam dörd ili ötürüb bu günlərdə mənə zəng etdi. Danışığında kişi ədasını saxlamağa çalışsa da, səsi ağrılı idi: "Günay, hardasan? Sənə deyəcəklərim var".

Cahangirov, sən demə, mənə bu günə qədər demədiklərini deyəcəkmiş. Görəsən, niyə bu qərara gəlmişdi? Bəs görəsən, niyə indi deyirdi? Bilmirdim... bildim.

Gəldim, ilk dəfə idi dərdini danışırdı bu adam. "Dediklərin düz çıxdı" - deyə başladı danışmağa. Dinlədim. Boğulduğumu hiss edən adam üç saat danışığının sonunda mənə şad xəbər verəcəyinə əvvəlcədən işarə etmişdi. O danışdıqca nə qədər böyük adam olduğunu bir az da dərk etdim. Hər insanın qəlbində və gözündə özünə yer qazanmış adamlar olur. O adamlar gözdən düşəndə qəlb inciyir. Çünki qəlbin giriş qapısı gözdür. Cahangirovun bu dəfə təkcə  gözü yanılmamışdı, qəlbi inciməmişdi, həm də başını itirmişdi. Çünki bu dəfə əzizləyə-əzizləyə başına çıxardığı, həm də hamımızın başına çıxardığı adamdan xəyanət görmüşdü. Bütün bu danışılanların mənə dəxli yox idi, mən bütün bu dərdləşmənin sonunda deyiləcək öz xəbərimi, mənə söz verilən şad xəbəri gözləyirdim. Nə olur-olsun, bütün bu dərdin sonunda Tanrı onu mükafatlandırmalı idi. Üç saatın tamamında "Qızım, titrəmə, mən sağalmışam" dedi. Əsəbimdən bilmədim nə deyim, "Sənin bu olanlardan sonra sağlamamağa ixtiyarın yoxdur", dedim.

Sonra da həkimlərin cəmi dörd ay ömür biçdikləri Ustadıma öz-özlüyümdə pıçıldadım ki: "Nə yaxşı,  başından gurum-gunbultu ilə yerə düşən o adam öz davranışı ilə Səni əsəbləşdirib növbəti əməliyyata yolladı". Bilənlər bilir, bilməyənlər üçün deyim, Cavanşir Cahangirovun boğazında olan ikinci şiş lap pis yerdə idi. Amma Ustadım bu çətin əməliyyatdan uğurla çıxaraq xərçəngə qalib gəldi.

Sonda nə deyirəm? Sonda deyirəm ki (amma ən çox sevdiyimiz şair Mikayıl Müşfiqin olduğuna görə demirəm ha):

Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər,
şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!

Günay NOVRUZ

 





06.11.2018    çap et  çap et