525.Az

Xəzər: yeni müharibə məkanı?


 

Xəzər: yeni müharibə məkanı?<b style="color:red"></b>

Dünyanın müxtəlif regionlarında müşahidə edilən ixtilafların fonunda Xəzər hövzəsinin geosiyasi əhəmiyyəti yeni səviyyəyə qalxır. Region dövlətlərinin dəniz sularında hərbi əzələ nümayiş etdirməsi, təlimlərin intensivləşməsi bölgənin taleyi ilə bağlı bir sıra suallar yaradır. Ekspertlər bu proseslərə fərqli aspektlərdən yanaşırlar. Bu zaman müharibə təhlükəsini xüsusi vurğulayırlar.

Status, enerji daşıyıcıları və hərbi gəmilər: qarşılıqlı əlaqə varmı?

Xəzər hövzəsi ilə əlaqəli geosiyasi proseslərin intensivləşdiyi hiss edilir. Reallıqda bu bölgə həmişə böyük dövlətlərin maraq dairəsində olub. İndi isə məsələ yeni səviyyədə geosiyasi məzmun kəsb edir. Ekspertlərin diqqətini cəlb edən də məhz bu məqamdır. Burada Xəzərdəki vəziyyətə təsir edən əsas geosiyasi amilləri nəzərə almaq lazımdır. Regionun enerji ehtiyatları uğrunda mübarizə faktiki olaraq yeni mərhələyə qədəm qoyub. Bu, Azərbaycanın Trans-Adriatik enerji layihəsinə üstünlük verməsindən sonra başlayıb.

Ekspertlər hesab edirlər ki, həmin qərar reallıqda Xəzər hövzəsinin geosiyasi dinamikasını dəyişir. Mərkəzi Asiya da daxil olmaqla, böyük bir məkanda enerji daşıyıcılarının Qərbə nəqli üçün geniş imkanlar yaradan həmin layihəyə bəzi dövlətlər qısqanclıqla yanaşırlar. Onlar, əslində, müstəqil xarici siyasət yeridən Azərbaycana qarşı təzyiq mexanizmlərindən məhrum olduqlarından narahatdırlar.

Regionun enerji ehtiyatları uğrunda mübarizənin yaratdığı gərginlik hələ 1-2 il bundan əvvəl bəzi dövlətlərin davranışlarından hiss olunurdu. Belə ki, keçən ilin sentyabrında Almaniyanın "Deutsche Welle" elektron nəşri yazırdı ki, "Türkmənistan Xəzərin hərbiləşdirilməsində öz iştirakını təsdiq etdi" (hərbi təlimlər keçirməklə – Newtimes.az). Bunun əsas səbəbi isə "İran böhranı və Xəzəryanı dövlətlər arasında ziddiyyətlərin olmasıdır" (daha ətraflı bax: Виталий Волков. Гонка вооружений на Каспии // "Deutsche Welle", 11 sentyabr 2012).

Şübhəsiz ki, Xəzər hövzəsindəki vəziyyətə İran ətrafında baş verən geosiyasi hadisələr təsir göstərir. Lakin bütün faktorları yalnız buna bağlamaq doğru olmazdı. Regionda ABŞ, Avropa İttifaqı, Rusiya və Çinin enerji ehtiyatları və geosiyasi nüfuz uğrundakı mübarizəsini mütləq nəzərə almaq gərəkdir. Hazırda Xəzər hövzəsində cərəyan edən geosiyasi proseslərdə məhz bu məqam aparıcı rol oynayır.

Bunun təsdiqlərindən biri son zamanlar Rusiya ilə İranın Xəzərdə hərbi təlimlər keçirəcəyi ilə əlaqəli planların mövcudluğu haqqında Qərb mətbuatında yazıların dərc edilməsidir. "World Politics Review” nəşrinin redaktoru və ABŞ-ın Hudson İnstitutunun Siyasi-hərbi təhlil Mərkəzinin direktoru və baş elmi işçisi Riçard Veyts vurğulayır ki, "Xəzər bölgəsindəki mürəkkəb vəziyyət Rusiya-İran hərbi xəttinin yaranmasına mane olur” (bax: Richard Weitz. Global Insights: Caspian Complexities Block Russia-Iran Naval Axis // "World Politics Review", 2 iyul 2013). Bəs nəyə görə belə mürəkkəb vəziyyət yaranıb? Burada əsas rolu böyük dövlətlərin regionun təhlükəsizliyi və enerji resurslarından istifadə ilə bağlı ortaq bir nəticəyə gələ bilməmələri oynayıb. Bütün bunların fonunda Xəzərdə gərginliyin artması və hövzədə hərbi əzələ nümayişinin ön plana çıxması diqqəti cəlb edir.

Regionda rəqabətin yüksəlməsini daha çox Xəzərin statusunun həll edilməməsi ilə izah edirlər (bax: Göktürk Tüysüzoğlu. Hazar’da rekabet kızışıyor // www.blog.milliyet.com.tr, 4 avqust 2013). Təbii ki, burada böyük həqiqət vardır. Ancaq əsas məsələ dənizin statusunun hansı səbəblərə görə indiyə qədər həll edilməməsindən ibarətdir. Bu problemə Xəzəryanı dövlətlərin hər birinin öz yanaşması vardır. Onlar kifayət qədər geniş təhlil edilib. Xəzərin statusu haqqında məsələ qaldırılandan bu yana hövzə dövlətləri arasında demək olar ki, prinsipial razılıq əldə edilməyib. Yalnız Rusiya, Azərbaycan və Qazaxıstan dənizin bölünməsi ilə əlaqədar bir sənədi imzalayıblar. Türkmənistan və İran isə həmin bölünmə prinsipini qəbul etmirlər. Bütövlükdə isə dənizin neftlə zəngin dibinin bölünməsində ortaq razılıq yoxdur. Rusiya və İranı bu məsələdə çəkindirən məqam "milli sektorlar” prinsipi üzrə dənizin statusunun müəyyən edilməsi halında Azərbaycanın tam müstəqil hərəkət edəcəyidir. Türkmənistan isə dənizdəki enerji ehtiyatlarından daha çox pay götürməyə çalışdığından Bakının obyektiv təklifinə isti yanaşmır.

Geosiyasi mənzərəyə iki amilin təsiri

Bütün bunlar Xəzər hövzəsində gərginliyin yüksəlməsinə iki amilin səbəb olduğu nəticəsini çıxarmağa əsas yaradır. Əvvəla, bəzi region dövlətləri Azərbaycanın müstəqil siyasətini daha da gücləndirəcəyindən ehtiyat edir. Türkmənistan məsələsini də ona görə süni surətdə meydana atırlar. İkincisi, böyük dövlətlər öz aralarında regionda kimin lider rolunu oynayacağını müəyyənləşdirə bilməyiblər.

Belə bir vəziyyət yuxarıda qeyd etdiyimiz bir təhlükəli tendensiyaya – Xəzərdə əzələ nümayişinin getdikcə əsas mövqeyə çıxmasına imkan yaradır. Rusiyanın "Nezavisimaya qazeta”sı problemə həsr etdiyi məqaləyə "Xəzərdə geosiyasi fırtına” başlığını təsadüfi seçməyib (bax: Владимир Мухин. Геополитический шторм на Каспии // «Независимая газета», 9 avqust 2013).

Rusiya və Qazaxıstan Xəzərdə hərbi təlimlərə başlayıblar. "Dağıstan” raket və "Volqodonsk” kiçik artilleriya gəmisi prezident Putinin Azərbaycana səfərini müşayiət edib. Nursultan Nazarbayevin də hərbi gəmilərə baş çəkəcəyini vurğulayırlar. Hərbi ekspert general Yuri Netkaçev hesab edir ki, hərbi donanmanın V.Putinin səfərini müşayiət etməsinin üç səbəbi vardır. Birinci, Rusiya Qərbin regionda fəallığını artırması fonunda geosiyasi maraqlarını qorumalıdır. İkinci, Moskvanın regionda iqtisadi planları mövcuddur. Üçüncü, terrora qarşı birgə mübarizə aparmağa ehtiyac daha da çoxalıb.

Etiraf edək ki, rusiyalı ekspertin dediklərində həqiqət vardır. Xüsusilə, son zamanlar beynəlxalq səviyyədə radikal qruplara qarşı mübarizənin aktuallaşdığını bir çox analitiklər vurğulayırlar. Məsələn, Fərid Zəkəriyyənin fikrinə görə, "əl-Qaidə” idarə olunmayan bir neçə kiçik qruplara bölünüb və onlar getdikcə böyük təhlükəyə çevrilirlər (bax: Fareed Zakaria. Little al-Qaedas Loom Large // "Time”, 19 avqust 2013). Maraqlıdır ki, müəllif ABŞ üçün çıxış yolunu "yerli hakimiyyətlərin bu qruplarla mübarizəsini təşkil etməkdə” görür.

Buradan belə nəticə çıxarmaq olar ki, idarəolunmayan radikal dini qrupların düşməni obrazında yalnız Amerika qalmır, həm də getdikcə daha çox ölkə hədəfə çevrilir. Bunun çox fəlakətli nəticələri ola bilər. Həmin səbəbdən Rusiyanın öz cənub sərhədləri yaxınlığında terrora qarşı ciddi tədbirlər görməyə başlaması başadüşüləndir. Eyni zamanda, bu məsələnin başqa tərəfi vardır.

Geosiyasi aspektlə terrora qarşı mübarizəyə böyük dövlətlər sıx əlaqədə baxırlar. Həmin mənada onlar arasında sərhədin haradan keçdiyini müəyyənləşdirmək çox çətindir. Bundan başqa, "terrora qarşı mübarizə” dedikdə, əsasən, müsəlmanların radikal qruplaşmalarını nəzərdə tuturlar. Bu da, məsələn, erməni terroru kimi çox təhlükəli bir hadisəni diqqətdən kənarda qoyur. Belə çıxır ki, Azərbaycan kimi dövlətləri birtərəfli qaydada və kimlərinsə maraqlarına uyğun formada terrorla mübarizəyə cəlb etməyə çalışırlar.

Daha düşündürücüsü bu reallıqdan alınan bir sıra nəticələrdir. Məsələ ondan ibarətdir ki, müstəqilliyini əldə etmiş dövlətləri terrorla mübarizə adı altında öz geosiyasi çətiri altına toplamağa cəhd edənlər az deyil. Bu məqamda Xəzər hövzəsi kimi məkanda hərbi təlimlər keçirmək, enerji dayışıcılarının nəqli marşrutları ətrafında yeni mübahisələr yaratmaq və s. kimi davranışlar son dərəcə təhlükəli xarakter almaqdadır.

Yuxarıdakı mülahizələr Xəzər hövzəsində rəqabətin güclənməsi fonunda hərbi əzələ nümayişinin ön plana çıxmasının olduqca düşündürücü məqam olduğunu təsdiqləyir. Regionun geosiyasi əhəmiyyətinin artdığına şübhə yoxdur. Bu prosesin böyük dövlətlərin geosiyasi mübarizəsi fonunda getməsi isə müəyyən təhlükələrdən xəbər verir. Silahların işə salınması Qafqaz-Mərkəzi Asiya məkanında mənfiyə doğru ciddi dəyişikliklərə səbəb ola bilər. Hər şeydən əvvəl, regionun inkişaf paradiqmasını müharibə əvəz edər. Proseslərin bu istiqamətdə gedə bilməsi ehtimalı, təəssüf ki, son zamanlar artıb. Lakin hər şeyi zaman göstərəcək.

Newtimes.az

 





20.08.2013    çap et  çap et