525.Az

Elektron hökumətin Azərbaycan təcrübəsi: mövcud durum və perspektivlər


 

Elektron hökumətin Azərbaycan təcrübəsi: <b style="color:red">mövcud durum və perspektivlər</b>

Elektron hökumət anlayışı XX əsrin 90-cı illərində Qərb ölkələrində yaranıb. Bu, hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Elektron hökumət Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin fəaliyyət göstərilməsinə şərait yaradır. Elektron hökumətin fəaliyyəti ölkədə hakimiyyət orqanlarının işini yaxşılaşdırılmasına xidmət göstərir. İnkişaf etmiş ölkələrin çoxunda, o cümlədən Azərbaycanda da  “elektron hökumət” fəaliyyət göstərir. Azərbaycanda “Elektron hökumət” layihəsi “Elektron Azərbaycan” adlı dövlət proqramı çərçivəsində həyata keçirilir. Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Prezidentin Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılıb. Məlumata əsasən, Azərbaycan MDB məkanında “elektron hökumət” layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. Həyata keçirilən proqram elektron hökumətin qurulmasının hazırlıq işlərinin 2008-ci ildə bitdiyini göstərir. Cəmiyyətimizdə  olan “informasiya”dan istifadə mədəniyyəti bir daha elektron hökumətinin daha da inkişaf etməsinin vacib olduğundan xəbər verir. Bu barədə yayılan bilgilərə əsasən, “informasiya mədəniyyəti” dedikdə ilk növbədə informasiya resurslarından və informasiya kommunikasiya vasitələrindən səmərəli şəkildə  istifadə etmək, həmçinin  texniki vasitə və metodlardan, kompyuter texnologiyalarından istifadə etməklə informasiyanın əldə edilməsi və ötürülməsi bacarığı nəzərdə tutulur.

Elektron hökumətlə bağlı fəaliyyətlər son illərdə vətəndaşlar və dövlət qulluqçuları arasında əlaqələri möhkəmləndirib. Rəsmi sayt olan e-gov.az portalında yerləşdirilən xidmətlər haqqında məlumat bölməsində görürük ki, dövlət saytlarında olan xidmətlərin sayı 400-dən artıqdar. İstisna deyil ki, dövlət saytlarında olan xidmətlər gələcəkdə daha da artacaq.

O da vurğulanmalıdır ki, elektron hökumətdə bəzi qurumların layihəyə qoşulmasında müəyyən problemlər də müşahidə olunur. Yeni tətbiq olunduğunu nəzərə alanda bütün bunlar da müəyyən mənada təbii görünür.

Elektron hökumətin e-xidmətlərindən Bakı şəhərində, o cümlədən rayonlarımızda internet vasitəsilə istifadə olunur. Lakin hələ də kənd yerlərində internetin az və zəif olması əhalinin bu xidmətlərdən istifadəsini çətinləşdirir. Buna görə də vətəndaş ya Bakı şəhərinə, ya da rayon mərkəzinə gəlməyə məcbur olur. Sözsüz ki, gələcəkdə bu problemin həlli üçün ciddi addımlar atılmalıdır.

Mütəxəssislərin fikrincə, Azərbaycanda elektron hökumətin inkişaf perspektivlərini belə müəyyənləşdirmək olar: elektron sənəd dövriyyəsinin, icra hakimiyyəti orqanları daxilində məlumat mübadiləsinin, xüsusilə mərkəz-regionlar-yerli özünüidarəetmə orqanları-vətəndaş cəmiyyəti xətti ilə yaxşılaşdırılması; gələcəkdə informasiyadan istifadə mədəniyyətinin daha da inkişaf etdirilməsi; elektron hökumətin sadəliliyinin milli standartlarının formalaşması; elektron hökumətin əhatə dairəsinin genişləndirilməsi və s.

Heç şübhə yoxdur ki, ölkəmizdə elektron hökumətin fəaliyyəti Azərbaycanın inkişaf etmiş ölkələr arasında layiqli yer tutmasına yeni təkan verəcək.

Fərid MURADOV

 





20.08.2013    çap et  çap et