525.Az

Doğma dildə özgə dilin havası


 

"AVAZI" YAXŞI GƏLMİR, OXUDUĞU "QURAN" OLSA - NƏ FƏRQİ?

Doğma dildə özgə dilin havası<b style="color:red"></b>

Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil.

İlham Əliyev 

Bir milləti digərlərindən fərqləndirən və onların  içində əriyib yox olmasının qarşısını alan həmin millətin özünəməxsus milli-mənəvi dəyərləridir. Bu dəyərlər  din və dil, tarixdən miras qalmış mədəni-mənəvi irs və sairədir.

Hər bir etnosun milli kimliyinin və varlığının qorunmasının təməl daşlarından biri də dildir. İnsan yeganə varlıqdır ki, dil ünsiyyətindən istifadə edərək bugünkü inkişaf səviyyəsinə gəlib çatmışdır. Bəzi dillər tarixin çətinliklərindən keçə bilməyərək itib-batmışdır.

Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərli deyirdi ki, əgər bir xalqın bütün maddi və mənəvi irsini əlindən alsan, ancaq ana dilinə toxunmasan, həmin millət yox olmaz. O, az müddət sonra yenidən ayağa qalxar. Ana dili olmayan bir milləti isə heç bir mal-dövlətlə diriltmək olmaz. Bizim dilimizə də zaman-zaman ciddi təzyiqlər olub. Xüsusilə XX əsrin 30-cu illərindən başlayaraq rus imperiyasının tərkibindəki bütün xırda xalqların dillərinə olan təzyiq və təqiblər Azərbaycan dilindən də yan keçməyib. Dövlət səviyyəsində nəinki Azərbaycan dili işlədilmirdi, hətta onun hərtərəfli araşdırılmasına imkan verilmirdi. Həmin dövrdə "Kitabi-Dədə Qorqud"un dil və mənəviyyat baxımından öyrənilməsi, onun elmi-nəzəri baxımdan tədqiqi qadağan edilmişdi. İstənilən formada dil üzrə tədqiqatların türkçülüklə əlaqələndirməsinə imkan vermir, belə müəlliflərə "pantürkist" damğası vurulurdu. Türk, türk dili, türk xalqları və s. terminlər Azərbaycan xalqı üçün vahimə yaradan leksik vahidlərə çevrilmişdi. Belə bir şəraitdə xalqın ziyalı oğulları yenə də öz sözlərini deyir, Azərbaycan dilinin yad dil qarşısında məhvinə imkan vermirdilər. Mirzə İbrahimov, Şıxəli Qurbanov, Əbdüləzəl Dəmirçizadə, Bəxtiyar Vahabzadə və başqalarının Azərbaycan dilinin qorunması, təmizliyi və inkişafı yolunda mübarizələri xalqın yaddaşında əbədi iz buraxmışdır.

SSRİ dövründə Azərbaycan Konstitusiyasında respublikamızın rəsmi dövlət dili kimi rus dili təsbit olunmuşdu. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan dilinin çiçəklənməsinin əsas səbəbi oldu. İlk dəfə olaraq məhz Ulu Öndərin dərin və uzaqgörən siyasəti nəticəsində respublikamızın Konstitusiyasında (1978-ci il) Azərbaycan dili rəsmi dil kimi təsbit edildi.

Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan ana dilimizin nüfuzunun artırılması istiqamətində də məqsədyönlü və ardıcıl iş aparmağa başladı. Onun ana dilimizin saflığının qorunması, dilimizə hörmətlə yanaşmağın vacibliyi istiqamətində apardığı mübarizə xalqın və dilin tarixində xüsusi səhifədir. 1993-cü ildən sonra Heydər Əliyev dilimizin qorunması, inkişaf etdirilməsi, respublikamızın bütün idarə və təşkilatlarında dövlət dili kimi tətbiq edilməsi uğrunda əzmkar fəaliyyət və qətiyyət nümayiş etdirdi. Onun 18 iyul 2001-ci il tarixli Fərmanı Azərbaycan dilinin tarixinə bəxş etdiyi ən parlaq səhifə idi. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində bu barədə deyirdi: "Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır".

Dilimizin saflığının qorunub saxlanılması və gələcək nəslə ötürülməsində hər birimizin üzərinə böyük vəzifə düşür. Yeni elektron mediada, televiziya və radioda, o cümlədən, tərcümə olunan ədəbiyyatlarda müəyyən dil qüsurlarına rast gəlinir. Toxunduğumuz mövzu çox geniş olduğu üçün mən burada sadəcə tərcümə olunan dini ədəbiyyatlardan və din xadimlərinin danışıq üslubundan qısa şəkildə danışacağam.

Hazırda ölkəmizdə dinə aid xeyli tərcümə ədəbiyyatına rast gəlmək mümkündür. Dini kitabların satıldığı mağazalarda oxuculara müxtəlif səpkili dini ədəbiyyatlar təklif olunur. Demək olar ki, hər ay oxucular yeni-yeni tərcümə kitabları ilə tanış olurlar. Tərcümələr, əsasən, ərəb, türk və fars dillərindəndir. Dini ədəbiyyatın dilimizə tərcüməsi zamanı yaxşı tərcümələrlə yanaşı, qüsurlu, Azərbaycan dili normaları ilə səsləşməyən, sintaktik qaydalara uyğun gəlməyən birləşmələrin, yad istilahların üstünlük təşkil etdiyi tərcümələr də kifayət qədərdir.

Eyni zamanda, tərcümələrdə orfoqrafik qaydalara da riayət olunmur: həm sözlər düzgün yazılmır, həm də durğu işarələri düzgün işlədilmir. Problem sintaktik-qrammatik normalara riayət olunmalı məqamlarda da özünü aydın göstərir. Buraya əsasən uzlaşma prinsipinin pozulması halları daxildir. Diqqət çəkən məqamlardan biri də üslub xətasıdır. Əksər tərcüməçilər hədəf dilin tələblərinə cavab vermir, yəni fikir kənarda qalır, cümlə sözbəsöz tərcümə olunur. Əslində, cümlələrdə və birləşmələrdə mənbə dilinin deyil, hədəf dilinin üslubu əsas götürülməlidir. Cəfər Cabbarlının məşhur ingilis dramaturqu Vilyam Şekspirin "Hamlet" əsərinin dilimizə tərcüməsi buna çox gözəl örnəkdir. Həmin əsərdə Hamletin monoloqunda belə bir ifadə var, "To be or not to be" (olmaq, ya olmamaq). Amma Cəfər Cabbarlı onu hərfi deyil, məna baxımdan bu cür tərcümə etmişdir: "Olum, ya ölüm". Təəssüf ki, bu  gün dilimizə edilən tərcümələrdə əsasən hərfi mənaya rast gəlinir. Məsələn, "Cənabi Allah", "doğruları göstərmək", "sevgili peyğəmbərimiz", "o həzrət buyurdu ki", "Allah təbarəkü və təala bunu bizə mükəlləf buyurmayıb" və s. bu kimi ifadələr Azərbaycan dili ilə uyğunluq təşkil etmir, tərcümədə yad və qeyri-səmimi səslənir.  Eyni zamanda, uzlaşma ilə bağlı da belə bir misal göstərmək olar: "Bəşəriyyətin bir daha dinə sarılmalarından sevinc hissi duyuruq". 

Bir şeyi də ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, bu gün bizim din xadimlərimizin bir çoxu moizələrində, nitqlərində başqa ölkələrin danışıq üslubundan istifadə edirlər. Bu, daha çox, xarici ölkələrdə təhsil alanların danışığında özünü göstərir. Onlar istər yas mərasimlərində, istər əzadarlıq məclislərində, istərsə də xütbələrində dilimizin saflığına xələl gətirirlər. Türkiyədə oxuyub gələnlər, daha çox, türk ağzı və ləhcəsi ilə danışırlar. Ərəb ölkələrində təhsil alanlar danışıqda boğaz səslərindən (bəlkə qəsdən!-daha artıq alimnüma görünmək üçün), İran dini məktəblərini bitirənlər isə kəlmələri uzada-uzada tələffüz edirlər. Yaxud da deyirlər ki, "qapını təqqülbab eylədi", yəni "qapını döydü". Bunu belə sadə şəkildə demək o qədərmi çətindir?!

Xaricdə dini təhsil alanların bir-birinə müraciətində də oxşar problem özünü aydın göstərir: "Abi", "ağa" və yaxud "əxi". Bütün bunlar bizə Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərini xatırladır. Mirzə Cəlil bu  mənzərəni hələ XX əsrin əvvəlində çox gözəl  təsvir etmişdi. Tarixin iztehzasına bax ki, yüz ildən sonra eyni hadisələr təkrar olur.

Dil də müqəddəsdir, mənəviyyat göstəricisidir. Ona görə də dilə məhəbbəti Vətənə, Anaya məhəbbətlə müqayisə etmək daha doğrudur. Milli dili yaşatmaq lazımdır. Dövlət nə lazımdırsa edir, ancaq cəmiyyətin fəallaşması da vacibdir. Bu gün Azərbaycan dilinin qorunması, onun daha da zənginləşdirilməsi hər birimizin qarşımızda duran başlıca vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq".

 





07.11.2018    çap et  çap et