525.Az

Yayda Ağdam səhiyyəsinin qayğıları artıb


 

Yayda Ağdam səhiyyəsinin qayğıları artıb<b style="color:red"></b>

BölgƏdƏ 6 nƏfƏr ilan vuran şƏxsin hƏyatı hƏkimlƏrin sƏyi ilƏ xilas olunub 

Ağdamın ermənilər tərəfindən işğalından sonra adıçəkilən rayon mərkəzi xəstəxanasının həkim və tibb işçiləri uzun illər Bərdədə fəaliyyət göstərmək məcburiyyəti  ilə üzləşib. Lakin xəstəxananın kollektivi dövlət diqqət və qayğısı sayəsində sonralar Ağdamın Quzanlı qəsəbəsinə köçürülərək burada xidmət göstərməyə başlayıb. Dörd il bundan əvvəl qəsəbə xəstəxanasının köhnə, darısqal binasının yerində yüksək standartlara cavab verən, müasir tibbi avadanlıqlarla təchiz olunmuş və hər cür şəraitə malik yeni səhiyyə müəssisəsi tikilib istifadəyə verilib. Bu gün sözügedən səhiyyə müəssisəsində öz işinin öhdəsindən bacarıqla gələn böyük bir tibb arsenalı fəaliyyət göstərir. Ağdam rayon mərkəzi xəstəxanasının baş həkimi Gülnar Abbasovanın dediklərinə görə, rayon səhiyyəsində irəliləyiş və yeniliklər bütün sahələrdə özünü göstərib. Son dörd il ərzində rayonda yeddi müasir tipli xəstəxana binası tikilib istifadəyə verilib. Ən əlamətdar hal budur ki, onların açılışında respublika prezidenti cənab İlham Əliyev iştirak edib. Gülnar həkim bu hadisəni bütövlükdə Ağdama, ağdamlılara verilən yüksək qiymət kimi səciyyələndirib və dövlət başçısına yüksək diqqət və qayğıya görə öz minnətdarlığını və təşəkkürünü bilidirib. Qeyd edilib ki, bölgə ərazisində səhiyyə obyektlərinin tikintisi və təmiri uğurla davam etdirilir.

Rayon poliklinikasının əsaslı təmir olunaraq bu günlərdə istifadəyə verilib və Təzəkənd kəndində yeni həkim məntəqəsinin yaxınlarda inşa edilməsi nəzərdə tutulub. Rayonda səhiyyə xidmətinin səviyyəsi də yüksəlib. Əgər bir neçə il öncə mərkəzi xəstəxanada bir neçə ay ərzində vur-tut 12-13 doğum faktı qeyd olunurdusa, hazırda burada hər ay doğulan uşaqların sayı 80-ni ötür. Xəstəxanada həyata keçirilən cərrahi əməliyyatların sayı da ötən dövrlərlə müqayisədə xeyli çoxalıb. Son vaxtlar rayonun cəbhə bölgəsində yerləşən kəndlərində ilanvurma hallarının artmasından narahatlığını gizlətməyən baş həkim 6 nəfər ilan vuran yerli sakinin mərkəzi xəstəxanada zəhər əleyhinə zərdab vurulmaqla sağaldıldığını xüsusi olaraq nəzərə çatdırıb. Halbuki əvvəllər belə hallar üçün mütləq paytaxt xəstəxanalarına müraciət etmək lazım gəlirdi. Bütün bunlara görə də bölgənin işğal olunmamış ərazilərində məskunlaşan yerli sakinlər və məcburi köçkünlər əvvəlki illərdəki kimi daha Bakı şəhərinə deyil, rayon mərkəzi xəstəxanasına müraciət etməyə üstünlük verirlər.

Xəstəxanaya ağdamlılarla yanaşı, Tərtər, Yevlax, Ağcabədi, Beyləqan rayonlarından, Bakı, Mingəçevir, Sumqayıt, Gəncə və s. şəhərlərindən müraciət edən vətəndaşların sayı artıb. G.Abbasovanın qənaətinə görə, bunun əsas səbəbi rayon mərkəzi xəstəxanasında yaradılan yüksək şəraitlə yanaşı, həkim və tibb işçiləri tərəfindən vəzifə borcunun vicdanla yerinə yetirilməsi və peşəkarlıqla xidmət göstərilməsidir. Baş həkim söhbət zamanı əldə olunan uğurlarda respublika Səhiyyə Nazirliyi tərəfindən rayon mərkəzi xəstəxanasına göstərilən diqqət və qayğının mühüm rol oynadığını da dilə gətirib. Bildirilib ki, əvvəllər dərman təminatında mövcud olan çətinliklər aradan qaldırılıb. Hazırda xəstəxana hər cür dərman preparatı ilə təchiz olunur. Nazirlik tərəfindən son vaxtlar verilən müasir və unikal kütləvi müayinə aparatları, tibbi cihaz və avadanlıqlar səhiyyə xidmətinin təşkilində müstəsna əhəmiyyət kəsb edir. Gülnar həkim bununla əlaqədar olaraq respublika Səhiyyə Nazirliyinə təşəkkürünü bildirib. Gülnar həkim söhbətinin davamında qeyd edib ki, rayon mərkəzi xəstəxanasının kollektivi Ağdam əhalisinin sağlamlığının qorunması üçün bütün imkanlarını səfərbərliyə alıb. Hazırda 10 nəfərdən ibarət təşkil olunan həkim briqadası rayonun Səfərli, Baharlı, Xam Torpaq, Ergi, Əfətli, Ağcabədi köçkün qəsəbələrində məskunlaşan əhaliyə lazımi səyyari səhiyyə xidməti göstərir. Əhali arasında müntəzəm olaraq profilaktik tədbirləri həyata keçirilir. Mərkəzi xəstəxananın kollektivi rayonun ictimai həyatında da yaxından iştirak edir. Kollektiv üzvləri son vaxtlar təşkil edilən iki qanvermə aksiyasına fəal surətdə qoşulublar. Cəbhə bölgəsində əsgərlərə baş çəkilib, imkansız xəstələrə müvafiq yardımlar edilib.

Yəhya PAŞAZADƏ

 





20.08.2013    çap et  çap et