525.Az

Üç əsri özündə birləşdirən muzey - Fotolar


 

Üç əsri özündə birləşdirən muzey - <b style="color:red">Fotolar </b>

Ölkəsinin tarixini bilməyəndən tarixçi, mətbuatının tarixini bilməyəndən isə jurnalist olmaz. Odur ki, tələbə jurnalistlərin bu istiqamətdə daha çox şey öyrənməsi üçün şərait yaradılmalı, imkanlar daha da genişləndirilməlidir.

BDU Jurnalistika fakültəsi "Müasir Azərbaycan jurnalistikası" seçmə fənn çərçivəsində bu şəraiti yaratmağa çalışır. Mövzularla əlaqədar olaraq, fənnin tədris müəllimi, dosent Aygün Əzimovanın rəhbərliyi ilə mühazirələrə qonaqlar dəvət olunur, eyni zamanda, müxtəlif qəzet redaksiyalarında görüşlər təşkil edilir. Belə görüşlərdən biri "Şərq" qəzetinin redaksiyasında və onun nəzdində yaradılan (Mətbuat Tarixi) muzeyində baş tutdu.

1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra mətbuat Kommunist Partiyasının alətinə çevrildi. Bütün siyasi və hüquqi əsaslarından məhrum edilərək, təbliğatçı, təşviqatçı və təşkilatçı kimi vəzifələri təyin edildi, mərkəzləşdirilmiş informasiya sistemi yaradıldı.

XX əsrin 80-ci illərində isə SSRİ dərin böhran vəziyyətinə gəlib çıxdı. Yenidənqurma və aşkarlıq siyasəti meydana gəldi. Artıq demokratiyanın və azad fikirliliyin yaranmasına şərait yarandı. "Yenidənqurma" dövründə demokratiya, aşkarlıq və siyasi plüralizm şəraitinin yaradılması təqribən 70 il ərzində cəmiyyətdə, o cümlədən, milli münasibətlərdə yığılıb qalan səhv və nöqsanları üzə çıxardı. Millətlərdə azadlıq hissləri baş qaldırmağa başladı, mətbuat qərbə doğru, yeniliyə doğru istiqamət aldı. Bu isə Sovet birliyindən uzaqlaşmağa və demokratik cəmiyyətin yaradılmasına yol açdı. Yeni mətbu orqanlar meydana gəlməyə başladı. Bunlardan "Azərbaycan", "Yeni fikir", "Vətən səsi", "Respublika", "Ayna", "Odlar yurdu", "Azadlıq", "Meydan", "Dalğa", "Gənclik", daha sonra "Zerkalo", "Səs", "Yeni müsavat", "525-ci qəzet", "Şərq" və digərlərinin adlarını qeyd etmək olar.

"Şərq" qəzetinin əsası 1994-cü ildə qoyulub. Mart-Aprel aylarında 6 nömrəsi çıxıb. Lakin ilk buraxılışının nüsxələri redaksiyanın öz arxivində belə yoxdur. Qəzetin nəşri müəyyən müddətdə dayandırılsa da, 1996-cı ildə yenidən bərpa olunur. Müsahibələrinin birində baş redaktor Akif Aşırlı bunu belə izah edir: "Həmin dönəmdə senzuranın varlığı və bizim təcrübəsizliyimiz imkan vermədi ki, qəzetin çapının davamlı olmasını təmin edə bilək. 1996-cı ilin noyabr ayından etibarən isə yeni bir heyətlə qəzeti yenidən bərpa etdik. Bərpa edərkən bizim qarşımızda duran əsas məqsəd Azərbaycanda müstəqil qəzetlərin sayının artırılması idi. O dönəmdə partiya mətbuatı daha çox öndə idi. Hər gün yeni bir qəzet yaranırdı. Ayrı-ayrı qəzet nümunələrinin içində seçilmək, fərqlənmək çox çətin idi. Bizim kifayət qədər təcrübəmiz olmasa belə, qəzetçilik fəaliyyətimiz imkan verirdi ki, oxucu auditoriyasına fərqli informasiya və yazılarla gələ bilək".

Beləliklə, artıq 22 ildir ki, "Şərq" qəzeti müntəzəm olaraq fəaliyyətini davam etdirir və cəmiyyət qarşısında öz missiyasını yerinə yetirir. Öz hesabına muzey yaradaraq tarixi yaşadır, qoruyur və gənc nəsillərə ötürür. Bu, indiki dövr üçün çox böyük işdir. Lakin böyük olduğu qədər əziyyətli, əziyyətli olduğu qədər, həm də zövqlü...

Redaksiyanın qapısından içəri daxil olanda Akif müəllimi bizi gözləyən gördük. Baş redaktor tələbələrin gəlişindən çox məmnun idi. Bunu onun hal-əhval tutar-tutmaz tələbələri muzeylə tanış etməyə başlamasından hiss etmək olurdu. İşçi heyəti də bizi maraq və sevgi ilə qarşıladı. Fikrimcə, gənc tələbə-jurnalistləri görmək onlara nostalji hisslər yaşatmışdı. Hər kəsin üzündə xoş bir təbəssüm var idi...

Giriş qapısının sol tərəfində milli mətbuatımızın banisi, böyük maarifçi Həsən bəy Zərdabinin məşhur sözləri olan lövhə diqqəti cəlb edir: "Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun", "Heç olmaz ki, doğru söz yerdə qalsın". Girişlə üzbəüz bizi redaktordan sonra mətbuat tarixində önəmli yer tutan üç dahi şəxsiyyət, böyük maarifçi - Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı və Əlimərdan bəy Topçubaçovun birlikdə çəkilmiş portreti qarşıladı.Yeri gəlmişkən, muzeydə Azərbaycanın 16 böyük şəxsiyətinin portreti asılıb. Onların əksəriyyəti redaksiyanın öz hesabına başa gəlib, yalnız bir neçə portret muzeyə hədiyyə olunub. Muzey, ümumilikdə, altı otaqdan ibarətdir. Hər bir otaqda dövrlərə uyğun tarixi materiallar yer alır: I Dünya müharibəsi dönəmi jurnalistikası, Cümhuriyyət və mühacirət dövrü jurnalistikası, Qafqaz İslam Ordusu və Cümhuriyyət dövri mətbuatı, Sovet dönəmi və müstəqillik illərinin jurnalistikası. Akif müəllim bildirdi ki, yeni stendlərin yaradılması da nəzərdə tutulub.

Burada tarixi şəxsiyyətlərin muzeyə şəxsən verdiyi, onların nəsil davamçıları tərəfindən təqdim olunan, həmçinin, Akif Aşırlının özünün çətinliklə əldə etdiyi, orijinal materiallar saxlanılır. Muzeydə Əhməd bəy Ağaoğluna məxsus 170-ə yaxın sənədin əsli və surəti var. Bu sənədləri, məktub və kitabları A.Aşırlı Əhməd bəyin qızının arxivindən, Türkiyədəki köhnə kitab satıcılarından əldə edib. O qeyd etdi ki, müəyyən dövr üçün Əhməd bəy Ağaoğlu adının üzərindən tamamilə xətt çəkilmişdi. Belə ki, onun Şuşada evinin olması barədə heç bir açıq informasiya verilmirdi. Bu məlumat çox sonralar üzə çıxdı.

Müstəqillik dövrünün bizə verdiyi ən böyük imkanlardan biri bu gün öz dəyərlərimizə, tariximizə sahib çıxmaq, onu qoruya bilməyimizdi. Sovet dövründə buna imkan verilmirdi. Müstəqillik dövrü jurnalistikasının vəzifələrindən biri isə qaranlıq məqamları işıqlandırmaq, gizlədilmiş faktları ortaya çıxarmaqdır. Bu baxımdan, bir çox suallara bu muzeydə cavab tapmaq mümkündür.

Maraqlı təsadüflər nəticəsində də muzeyin materialları zənginləşib. Onlardan biri Cənubi Qafqazın ilk qadın jurnalisti Şəfiqə xanım Əfəndizadənin "blaknotu"dur. Gündəliyi A.Aşırlıya 90-dan çox yaşı olan, uzun müddət "Azərbaycan qadını" jurnalının məsul katibi olan, tarix elmləri doktoru Sabir Gəncəli verib. Sabir Gəncəliyə isə Şəfiqə xanımın özünün hədiyyəsidir. Akif müəllim bildirdi ki, köhnə kitablar satan insanlardan da maraqlı, dəyərli tarixi sənədlər əldə edib. Lakin həmin insanlar özləri bu sənədlərin mahiyyətindən və dəyərindən xəbərsiz olublar. Naməlum Azərbaycan mühacirinin 31 mart soyqırımı haqqında yazdığı məqaləni Türkiyədə hərracdan əldə edib. Ən çox baha başa gələn tarixi eksponat isə M.Ə.Rəsulzadənin baş redaktoru olduğu "Yeni Qafqasiyyə" dərgisidir.

Muzeydəki orijinal əşyalar, əlyazmalar, qəzet və jurnalların nüsxələri, kitablar tələbələrin daha çox diqqətini cəlb edirdi. Onlara öz əlləri ilə birbaşa toxunaraq, sanki tarixi hiss etməyə, tarixi şəxsiyyətlərlə ünsiyyət qurmağa çalışırdılar. Bu zaman, tələbələrin üzündə yaranan kövrək sevinc hislərini sözlə təsvir etmək mümkün deyil. "Dəbistan", "Məktəb", "Molla Nəsrəddin", "Dirilik" jurnalları, "Ümid", "İttihad", "Qardaş köməyi", Cənubi Azərbaycan mətbu orqanı olan "Vətən yolunda", "Bəsirət" qəzetləri, Məmməd Sadiq Aranın "Turan" dərgisi, "Hazer"-Türkiyədə nəşr olunan Azərbaycan dərgisi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, dahi şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin bir neçə orijinal kitabı - "Əsrimizin səyavuşu", "Rusiyada siyasi vəziyyət" və b. bu eksponatlar sırasında idi.

Akif Aşırlı muzeyə tələbələrin ilk dəfə qonaq gəldiyini və bunun onu çox sevindirdiyini, hər zaman öyrətməyə, kömək etməyə hazır olduğunu bildirdi. Elə tələbələr də çox məmnun və şad idilər. Bu məmnunluğu onların öz sözləri ilə desək daha yaxşı olar.

Əsmətxanım Rzazadə: Mətbuat tariximiz barədə maraqlı eksponatlar müsbət təəssürat yaratmağa bəs elədi. Ümumiyyətlə, məncə, muzeyi yaşatmağın özü problemdi. Muzeyi yaşatmaq üçün gərək onun fanatı olasan, eksponatları ilə yaşayasan. Əks təqdirdə bizə hər şeyi belə ürəklə danışa bilməzdi.

Cəlalə Əliyeva: Xoş təəssürat yaratdı. Bilmədiyim çox şeylər öyrəndim, daha dəqiq məlumatlar əldə etdim, jurnalistikaya olan həvəsim daha da artdı. Akif müəllim hər şeyi çox yaxşı izah edirdi. Açılmamış sirləri belə bizimlə paylaşdı. Mətbuat tarixinə olan marağım birə-beş artdı.

Sevda ULUTAU
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

 





08.11.2018    çap et  çap et