525.Az

Almaniyada erməni mafiyası ilə Ermənistan səfirliyinin əlaqələri üzə çıxdı


 

DAĞLIQ QARABAĞA QANUNSUZ SƏFƏR ETDİYİ ÜÇÜN RƏSMİ BAKININ “QARA SİYAHI”SINA DÜŞƏN BUNDESTAQ ÜZVÜ ALBERT VALYER VƏ SƏFİR AŞOT SMBATYANIN ADI BİR SIRA CİNAYƏT HADİSƏLƏRİNDƏ HALLANIR

Almaniyada erməni mafiyası ilə Ermənistan səfirliyinin əlaqələri üzə çıxdı<b style="color:red"></b>

Almaniyanın MDR televiziyası və “Der Spiegel” jurnalı bu ölkədə erməni mafiyasının mövcudluğu və Ermənistanın səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair birgə jurnalist araşdırması aparıb.

“Spiegel” online xəbəri saytı və sözügedən televiziyada “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” başlığı altında təqdim olunan araşdırma-sənədli filmdə adı hallanan şəxslərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən, Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vaylerdir. Bu həmin Valyerdir ki, o, Almaniya Kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibinə daxil olmağa çalışırdı. Ancaq Azərbaycan tərəfi onun bu səfərinə icazə verməmişdi.

“Spiegel”də dərc olunan məqalədə qeyd olunub ki, 2014-cü ildə Türinqen federal torpağının Erfurt şəhərindəki kazinoların birində erməni cinayətkar dəstələri arasında atışma baş verib və bir nəfər yaralanıb. 2017-ci ildə cinayətin iştirakçılarından biri azadlıqdan məhrum edilib, digər dörd nəfəri isə şərti azadlığa buraxılıb. Hadisənin motivlərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması nəticəsində Almaniyada erməni cinayətkar klanların mövcudluğu və onlar arasında mübarizənin getdiyi məlum olub. Sözügedən atışmadan bəri Türinqen federal torpağında avtomobillərin və bir restoranın qəsdən yandırılması, Erfurt şəhərində bir erməniyə məxsus restorana 15 nəfərlik dəstənin hücum etməsi, Qöttinqen şəhərində və Ayxsfeld rayonunda ermənilər arasında kütləvi əlbəyaxa davaların olması halları baş verib. Erfurtdakı atışmadan sonra Almaniya Federal Kriminal İdarəsi (Bundeskriminalamt, BKA) və 6 federal torpağın kriminal idarələrindən ibarət yaradılmış təhqiqat qrupu “qanuni oğrulara qarşı mübarizə” (“Fight against thieves in law”, FATIL) kod adlı illərlə davam edən əməliyyat həyata keçirib. Bu, Almaniya tarixində mütəşəkkil cinayətkarlıqla mübarizədə ən böyük əməliyyatlardan hesab olunur.

Məqalədə BKA-nın sözügedən əməliyyata dair 19 səhifəlik məxfi hesabatına istinad edilir. BKA-nın hesabatında Almaniyada erməni mafiyasının mövcud olduğu, onun Rusiya-Avrasiya bölgəsindən olan digər qruplaşmalarla birlikdə böyük maliyyə resurslarına malik olduğu və hüquqi dövlətçilik üçün təhlükə yaratdığı bildirilir. Erməni cinayətkar dəstələrin kiçik və diqqət çəkməyən, amma olduqca qəddar olduğu, onlara “qanuni oğrular”ın rəhbərlik etdiyi diqqətə çatdırılır.

Hesabatda erməni mafiyasının kazino avtomatlarının manipulyasiyası, mütəşəkkil şəkildə oğurluq, soyğunçuluq, siqaret qaçaqmalçılığı, miqrantların ödəniş müqabilində Almaniyaya gətirilməsi ilə məşğul olduğu qeyd edilir. Cinayətkar dəstələrin həm öz qazandıqları, həm də xaricdən köçürmə yolu ilə əldə etdikləri “çirkli” pulları Almaniya və Qərbi Avropada daşınmaz əmlaka yatırım etməklə “yuduqları” iddia olunur. Həmçinin, Almaniyada qanuni əsaslarla yaşaya bilmək üçün əksər cinayətkarların yerli qadınlarla yalançı nikaha daxil olduğu qeyd edilir.

Bildirilir ki, FATIL əməliyyatı Almaniyada yaşayan erməni əsilli Karo Murat və Artur Abraham adlı dünya şöhrətli peşəkar boksçuların da cinayətkar ünsürlərlə əlaqələrini üzə çıxarıb. Erfurtdakı atışma zamanı Karo Muratın avtomobili və mobil telefonunun orada olduğu müəyyən edilib. Hadisənin bəzi iştirakçılarının mobil telefonları Artur Abrahamın “Abraham Boxing GmbH” adlı şirkətinin ünvanında qeydiyyatda olub. Artur Abraham araşdırmaçı jurnalist qrupunun məsələyə dair suallarını cavabsız qoyub, Karo Murat isə onun cinayətkar ünsürlərlə əlaqələrini “uydurma” adlandırıb.

Qeyd edilir ki, FATIL əməliyyatı nəticəsində Almaniyada 14 cinayət işi açılıb, 42 nəfərin maliyyə əməliyyatları nəzarətə götürülüb. Almaniyanın xarici kəşfiyyat orqanı olan BND və Avropol polis təşkilatı həmin şəxslərin fəaliyyətinin izlənilməsində FATIL əməliyyatına dəstək göstərib. Amma bütövlükdə əməliyyatın nəticəsiz qaldığı, hüquq-mühafizə orqanlarının yuxarıda sadalanan məlum faktları məhkəmə qarşısında sübut edəcək kifayət qədər dəlil toplaya bilmədikləri bildirilir. Buna səbəb kimi cinayətkar qruplaşmaların təklikdə fəaliyyət göstərmələri, onlar arasında ünsiyyətin əsasən qapalı messencer xidmətləri üzərində həyata keçirilməsi, eyni zamanda, hüquq-mühafizə orqanlarının təhqiqat üçün resurslarının kifayət etmədiyi (əsas resurslar radikal islamçılara qarşı səfərbər olunduğu üçün) və cinayətkarların smartfonlarını izləyə bilmək üçün zəruri proqrama sahib olmadıqları göstərilir. Kifayət qədər dəlil-sübut olmadığından prokurorlar cinayət məcəlləsinin 129-cu maddəsi (mütəşəkkil cinayətkarlıq) ilə cinayət işinin açılmasına cürət etməyiblər. Buna baxmayaraq, BKA-nın hesabatında kriminal avtoritetlər və “qanuni oğruların” bütün Avropa boyunca məskunlaşdığı və şəbəkələşdiyi əsas gətirilərək, açıq izlərin araşdırılmalı və Avropa səviyyəsində birgə tədbirlərin görülməli olduğu məqsədəuyğun sayılır.

Xəbər verilir ki, BKA-nın məxfi hesabatında FATIL əməliyyatının Almaniyadakı erməni kriminal ünsürlərin Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanla əlaqələrinin olduğunu üzə çıxardığı barədə məlumat var. BND-nin hələ 2008-ci ildə hazırladığı xidməti arayışda o zamanlar səfirliyin adi əməkdaşı olan Smbatyanın Almaniyaya miqrantların gətirilməsi biznesində iştirak etdiyi, onun özünün “qanuni oğru” olduğu və İrəvanda cinayətkar aləmdə ad çıxardığı qeyd edilir. BKA-ın hesabatında Smbatyanın hələ də “qanuni oğru” olmasına dair dəlillərin olmadığı və onun İnterpolun “qanuni oğrular” siyahısında yer almadığı diqqətə çatdırılır. Bununla belə xəbər verilir ki, alman banklarından birində olan hesabına dəfələrlə böyük məbləğdə nağd pul yatırılması ilə əlaqədar Berlin prokurorluğunun 2005-ci ildə Smbatyana qarşı “çirkli pulların yuyulması” ehtimalı ilə təhqiqat başlaması məlumdur. Smbatyan o zaman ittihamlara cavab olaraq bildirib ki, “xaricdən gələn köçürmələr Ermənistan səfirliyinin ümumi təcrübəsinin bir hissəsidir”. Smbatyana qarşı sözügedən təhqiqat sonradan dayandırılıb. Ona qarşı, eyni zamanda, Ermənistanın keçmiş naziri və imkanlı iş adamının qızı ilə əlaqələrinə görə təhqiqat aparılıb, amma həmin təhqiqat da nəticəsiz qalıb.

Məqalədə Smbatyanın öz vəkili vasitəsilə bütün ittihamları rədd etdiyi bildirilir. O, 2005-ci ildəki təhqiqatdan xəbəri olmadığını, sözügedən “nazir qızı” ilə əlaqələrinin isə yalnız 2016-cı ildə həmin adama avtomobil satışından ibarət olduğunu bildirib. Smbatyan özünün Ermənistanda bir mənzil və torpaq sahəsinin sahibi olduğu, gəliri və əmlakına dair bəyanatının internetdən əldə edilməsinin mümkün olduğunu qeyd edib. O, Almaniya ilə əlaqələrinə dair bildirib ki, əvvəllər mübadilə proqramları ilə Drezden, Leypsiq və Berlində təhsil alıb, 1999-2008-ci illərdə Ermənistan səfirliyinin əvvəlcə “assistenti”, sonra isə inzibati rəhbəri vəzifəsində çalışıb, daha sonra isə bir neçə illik Ermənistana geri dönüb.

Çox güman ki, Smbatyan sözügedən illərdə səfirliyin ştatdankənar əməkdaşı olub, daha sonra İrəvana qayıdaraq Ermənistan Xarici İşlər Naziriliyinə qəbul olunub və sonradan Almaniyaya diplomat olaraq göndərilib.

Xəbər verilir ki, 2014-cü ildə Ermənistanın o zamankı səfiri xəstəlikdən vəfat etdikdən sonra, Smbatyan gözlənilmədən səfir təyin edilib. Səfir olduğu müddətdə Smabtyan bir neçə federal torpağın daxili işlər nazirliklərində, o cümlədən, 2017-ci ildə AFR-in Federal Daxili İşlər Nazirliyində görüş keçirib, erməni mafiyası haqda xəbərlərin Ermənistanın can atdığı viza sadələşdirilməsi məsələsinə mənfi təsirlərindən ehtiyat etdiyini dilə gətirib və AFR-in hüquq-mühafizə orqanlarına erməni mafiyasına qarşı mübarizədə yardımını təklif edib. BKA isə 2018-ci ilin mart ayında məsələyə dair xidməti arayışında Ermənistan dövlət strukturlarının “qanuni oğrularla” mümkün əlaqələrini nəzərə alaraq, Ermənistan rəsmiləri ilə bu sahədə dərin əməkdaşlığı məqsədəuyğun hesab etməyib.

Məqalədə, həmçinin, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Smbatyanın taleyinə dair iki versiyanın mövcud olduğu qeyd edilir. Bəziləri onun keçmiş prezident Sarkisyanın yaxın ətrafına aid olduğu və buna görə də vəzifədən geri çağırılmasına sayılı günlər qaldığını bildirir, digərləri isə onun rejim dəyişikliyindən “sağ” çıxdığını iddia edir və sübut kimi yaxınlarda həm də Lixtenşteynə səfir təyin olunduğunu göstərirlər.

Jurnalistlərin araşdırmasında Almaniya-Ermənistan Forumuna və onun erməni mafiyası ilə mümkün əlaqələrinə də toxunulur. Sözügedən təşkilatın qurucusu və sədri isə Bundestaqın deputatı Albert Vaylerdir. Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısında olan A. Vayler Kansler Merkelin Azərbaycana səfəri zamanı yaratdığı qalmaqalla yadda qalıb.

Məqalədə vurğulanır ki, Smbatyanın səfir olduğu müddətdə yaradılmış Almaniya-Ermənistan Forumu Ermənistanın ən mühüm lobbi təşkilatıdır. Təşkilatın 34 qurucusu arasında deputat Albert Vayler, onun əməkdaşları, Berlin Senatının bir əməkdaşı, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşı (Qeyd: çox güman ki, Almaniyanın Ermənistanda keçmiş səfiri, Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısında olan Hans-Yoxen Şmit nəzərdə tutulur), səfir Smbatyan və onun arvadının adı çəkilir. Bildirilir ki, forumun təsis yığıncağının ilk xatirə şəklində Murat Karo da var.

Qeyd olunub ki, mövzuyla bağlı suala cavab verən A.Vayler erməni səfirinə qarşı ittihamlardan təəccübləndiyini, onun hansısa qanunsuz hərəkətlər etdiyini təsəvvür edə bilmədiyini, amma bu faktın “onun insan haqda təsəvvürünü” dəyişə biləcəyini bildirib. Vayler, həmçinin, şəxsi məlumatların mühafizəsini əsas gətirərək boksçu Murat Karonun forumun üzvü olub-olmaması haqda sualı cavabsız qoyub.

C.ABASOV

 





09.11.2018    çap et  çap et