525.Az

Laçınlılara dövlət qayğısı gücləndirilir


 

Laçınlılara dövlət qayğısı gücləndirilir<b style="color:red"></b>

Amansız erməni işğalı, köçkünlük həyatının ağır mərhumiyyətləri Laçın əhalisinin iradəsini, əzmini, bir an belə qıra bilməyib. Xalqın, dövlətin dəstəyinə, diqqət və qayğısına arxalanan laçınlılar dirçəlib, mübarizə aparıb, fədakarlıqla həyat və fəaliyyətlərini davam etdiriblər. Bu gün harada məskunlaşmasından asılı olmayaraq, hər bir laçınlı sabaha böyük ümidlə, inam hissi ilə baxır, ölkədə həyata keçirilən abadlıq və quruculuq işlərində fəal iştirak edir, Vətənimizin tərəqqisi, sosial-iqtisadi inkişafı naminə əlindən gələni əsirgəmir. Bunu adıçəkilən rayon icra hakimiyyəti başçısının birinci müavini İlham Quliyevin sözlərindən bir daha yəqin etdik. İ.Quliyevin dediklərinə görə, bu inam, ruh yüksəkliyi onlarda dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti sayəsində yaranıb. Qeyd olunub ki, dövlətimiz tərəfindən Laçın köçkünlərinin rifah halının, həyat şəraitinin və güzəranın yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq son vaxtlar rayonda geniş abadlıq və quruculuq işləri aparılır, köçkün əhalinin sosial-iqtisadi problemlərinin həllində ciddi addımlar atılır. Respublika prezidentinin qarşıya qoyduğu vəzifələri əldə rəhbər tutan Laçın rayon İcra Hakimiyyəti tərəfindən son vaxtlar həyata keçirilən tədbirlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Rayon icra hakimiyyəti başçısını Akif Səlimovun rəhbərliyi ilə laçınlıların daha sıx məskunlaşdıqları ərazilərdə və icra hakimiyyətində təşkil olunmuş qəbul və görüşlər vətəndaşların mövcud problemlərinin öyrənilib həll olunmasında mühüm rol oynayıb. Elə bu səbəbdən də qısa müddət ərzində Taxta Körpü qəsəbəsində, iri obalarda, köçkün əhalinin məskunlaşdıqları digər ərazilərdə elektrik enerjisi, içməli su, yol təminatı xeyli yaxşılaşdırılıb.

Buna baxmayaraq, bəzi ərazilərdə elektrik xətlərinin istismarı vaxtının başa çatması, primitiv qaydada çəkilişi üzündən tez-tez qəzalar baş verir, işıqlar sönür. Bununla əlaqədar olaraq ciddi ölçülər götürülüb. Dövlət “Qaçkınkom”unun köməkliyi ilə yaxınlarda yeni transformatorlar alınıb, Mişni və Vaqazin obalarında yararsız vəziyyətdə olan 8 min metr uzunluğunda elektrik naqili yenisi ilə əvəz edilib. Cari ilin ötən dövrü ərzində Taxta Körpü qəsəbəsində avtomobil yolları təmir olunb, yollara, küçə və meydanlara asfalt örtüklər salınıb. Məcburi köçkünlərin Sosial-inkişaf fondunun dəstəyi ilə Vaqazin obasında, həmçinin Qəbələ rayonunun Kürd kəndində, Şəkinin Poliment adlanan ərazisində yollar əsaslı təmir olunub. Malbəy obasında isə avtomobil yolunun təmir olunmasına start verilib. Göstərilən dövrdə Taxta Körpüdəki yeni qəsəbədə 512 nömrəlik ATS quraşdırılıb, daxili xətt təsərrüfatının tikintisinə başlanılıb. Əhalinin təsərrüfat suyuna olan ehtiyacının, içməli suya olan tələbatının ödənilməsi, torpaqların melorasiyası işlərinin həyata keçirilməsi üçün də qəti tədbirlər görülür.

Göstərilib ki, rayonda tikinti-quruculuq işləri davam etdirilir. Uzun illər laçınlıların arzuladıqları əhalinin sıx yerləşdikləri ərazilərdə mərasim evlərinin tikintisinə nail olunub. Hazırda Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində bu məqsədlə tikinti işləri aparılır. Sumqayıt şəhərində və Taxta Körpü ərazisində də analoji addımların atılması planlaşdırılıb. Yaxın vaxtlarda bəzi ərazilərdə yeni qəsəbələrin tikintisinə başlanacaq. Bölgə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində rayonda bir sıra mühüm tədbirlər görülüb. İmkansızlara, xüsusilə şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə diqqət daha da artırılıb, onlara müvafiq yardımlar göstərilib. Bayram günlərində respublika Vergilər Nazirliyi tərəfindən Taxta Körpüdə 3 min 490 köçkün ailəsinə ərzaq yardımı göstərilib. Gətirilən yardımların, eləcə də rayonda yaradılmış “Xeyriyyə Fondu” vəsaitinin paylanması zamanı yol verilən ədalətsizliyin qarşısı alınıb. Bundan sonra maddi köməkliklərin rayon icra hakimiyyətində yaradılmış komissiya tərəfindən yalnız imkansız şəxslərə verilməsi təmin olunacaq. Rayon rəhbərliyinin gördüyü tədbirlər nəticəsində rayonda bir vaxtlar Qarabağ müharibəsi zamanı döyüşmüş və sağlamlığını itirmiş sakinlərə olan biganə münasibət aradan qaldırılıb. Laçın əhalisinə pensiya və müavinətlərin, ünvanlı sosial yardımların, keçmiş əmanətlərin vaxtında ödənilməsi təmin olunur.

Bölgədə kənd təsərrüfatı geniş inkişaf yoluna qədəm qoyub. Rayon əhalisi və fermer təsərrüfatları tərəfindən bu il əvvəlki ildəkindən çox iri və xırda buynuzlu mal-qara və arı ailəsi bəslənilir. Əkinçilik sahəsində də nəticələr pis deyil. Kənd təsərüfatı məhsulu istehsallarına əkin sahələrinin becərilməsi üçün verilən kompensasiya üçün sənədlər vaxtında tərtib olunaraq müvafiq nazirliyə göndərilib. Rayon rəhbərliyi bu sahədə də şəffaflığın təmin olunması üçün ciddi ölçülər götürüb. Rayon rəhbərliyi tərəfindən Taxta Körpü ərazisində sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir. Bu məqsədlə müvafiq orqanlara lazımi göstrişlər verilib. Rayonun Taxta Körpü qəsəbəsində heyvan, gündəlik meyvə-tərəvəz və digər məhsulların satışı üçün bazarların tikintisi də planlaşdırılıb. Yaxın vaxtlarda bu bazarların fəaliyyətə başlaması üçün lazımi addımlar atılacaq. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrində bir sıra uğurlara imza atılıb.

Bu günlərdə Şəki şəhərində məcburi köçkünlər üçün inşa edilən qəsəbədə 5 saylı uşaq bağçasının istifadəyə verilməsi əlamətdar hadisədir. Rayon təhsil şöbəsinin yeni binasının inşası artıq başa çatmaq üzrədir. Rayonun ümumtəhsil məktəblərində cari və əsaslı təmir işləri aparılacaq. Məcburi köçkünlərin Sosial İnkişaf Fondu vəsaiti hesabına 5 saylı tam orta məktəb əsaslı təmir olunacaq. Bir çox məktəblər üçün isə əlavə sinif otaqlarının tikintisi həyata keçirilir. Qozlu və 37 saylı tam orta məktəblərində isitmə sistemləri quraşdırılıb, imkansız və aztəminatlı ailələrdən olan məktəblilərə 1600 ədəd paltar dəsti paylanılıb. Sevindirici haldır ki, Laçın rayonunun ümumtəhsil məktəblərində buraxılış imtahanlarının və ali məktəblərə tələbə qəbulunda nəticələri əvvəlki illərə nisbətən bu il daha yüksək hesab olunur. Rayon rəhbərliyi Laçın gənclərinin vətənpərvərlik tərbiyəsinə və Hərbi Akademiyaya qəbul olunmasına ciddi önəm verir. Çünki Laçını düşməndən xilas etmək üçün gənc hərbiçilərə ehtiyac böyükdür. Birinci müavin əlavə olaraq bildirib ki, rayon icra hakimiyyətinin yaratdığı komissiya vasitəsi ilə rayonun tibb müəssisələrində monitorinq təşkil olunub, bu sahədə nöqsanlara yol verildiyi müəyyən olunub. Odur ki, həmin nöqsanların aradan qaldırılması və mövcud səhiyyə obyektlərinin fəaliyyətinin canlandırılması, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün qarşıya konkret vasitələr qoyulub.

Rayonda mədəni xidmətin daha yaxşı təşkil olunmasına da xüsusi önəm verilir. Son vaxtlar keçirilən mədəni tədbirlər diqqəti çəkir. Xüsusilə, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə respublikanın tanınmış müğənnilərinin iştirakı ilə Taxta Körpü qəsəbəsində təşkil olunan möhtəşəm konsert proqramı laçınlılar tərəfindən böyük sevinc hissi və coşqunluqla qarşılanıb. Rayonun Myis kənd sakini, zurna ifaçısı Minayə Şirinovanın ATV kanalında “Tanıdım səni” müsabiqəsində birinci yer tutması yaddaqalan mədəni hadisə hesab olunur. Laçın rayon icra hakimiyyətinin təşkilatçılığı və xeyirxah insanların dəstəyi ilə əldə olunan bu birincilik laçınlıların birliyinin təcəssümü kimi qiymətləndirilib. Qeyd olunub ki, bölgədə rabitə xidmətinin yaxşılaşdırılması üçün də ciddi addımlar atılıb. İ.Quliyev söhbət zamanı vətəndaşların müraciətlərinə baxılması sahəsində görülən işlərə də toxunub. Qeyd edilib ki, rayon rəhbərliyi vətəndaşların hər gün qəbulu, onların müraciətlərinin və problemlərinin operativ həlli bölgədə sağlam mühitin yaranmasına səbəb olub. Odur ki, son vaxtlar vətəndaşların yuxarı orqanlara müraciətlərinin sayı xeyli azalıb.

İ.Quliyev sonda ölkəmizin prezident seçkiləri ərəfəsində olduğunu vurğulayaraq rayon seçki məntəqələrində seçkilərin keçirilməsinə ciddi hazırlıq işlərinin aparıldığını qeyd edib. Göstərilib ki, laçınlılar seçkilərdə alternativsiz olaraq ölkə Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyir, müdafiə edir və yekdilliklə ona səs verəcəklərini bildirirlər.

Yəhya PAŞAZADƏ

 





22.08.2013    çap et  çap et