525.Az

Geridə 10 il, İRƏLİdə uzun yol


 

Geridə 10 il, İRƏLİdə uzun yol<b style="color:red"></b>

Azərbaycanın gənclər sektorunda özünəməxsus yeri olan, aktiv fəaliyyəti ilə seçilən "İrəli" İctimai Birliyinin 10 yaşı tamam olur. Cəmiyyət həyatında gənclərin fəal iştirakı, onların dinamik inkişafının təmin olunması istiqamətində həyata keçirdiyi layihələrlə tez-tez diqqət mərkəzinə düşən təşkilat və komandası üçün bu əlamətdar gün xüsusi tarixə - Cümhuriyyət ilinə təsadüf edir. Yəni 100 yaşlı Cümhuriyyətin 10 yaşlı gənclər təşkilatıdır "İrəli"...

***

"1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 1 yaşı münasibətilə Bakıda təşkil olunan hərbi parada hazırlıq getdiyi günlərdə Məhəmməd Əmin Rəsulzadəyə xəbər çatdırılır ki, təxminən 800 nəfərə yaxın məktəbli taxtadan silah və at düzəldərək, dəniz qırağında parada hazırlaşırlar. Onlar da bu əlamətdar hadisəni öz uşaq dünyalarına uyğun tərzdə qeyd etmək istəyirlər. Məhəmməd Əmin Rəsulzadə xəbəri eşidəndə həmin məktəblilərin rəsmi paradda iştirakına şərait yaradılması barədə tapşırıq verir. Nəticədə o paradda Azərbaycan Silahlı Qüvvələrinin ardınca məktəblilərin taxta at-silahla keçidi baş tutur. Məhəmməd Əmin Rəsulzadə bununla bağlı deyir ki, həmin milli ruhlu uşaqlar Cümhuriyyətin gələcəyidirlər".

Cümhuriyyət dövrünün görkəmli tədqiqatçısı Şirməmməd Hüseynov bu tarixi hadisəni ötən il "525-ci qəzet"in Bakı Dövlət Universitetində keçirilən 25 illik yubileyində nəql edib. Şirməmməd müəllimin gənclərə üzünü tutaraq çatdırdığı bu sözlər - Cümhuriyyət qurucularının gəncliyə verdiyi bu yüksək dəyər günümüzdə də öz aktuallığını qoruyur, 100 illiyini qeyd edən müstəqil Azərbaycan dövlətinin siyasi xəttinin əsas istiqamətlərindən birini təşkil edir.

***

Gənclər sektorunda kifayət qədər yol qət etmiş, bir çox uğurlara imza atmış "İrəli"nin bu illər ərzindəki fəaliyyəti, iş üslubu ilə yaxından tanış olmaq üçün oktyabrın 23-də təşkilatın ofisinə baş çəkdik. Ölkənin bütün regionlarını əhatə edən "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin 3-cü mövsümünə sayılı saatların qaldığı ərəfədə "İrəli"nin ofisi sanki böyük sınaq - imtahan, ümumxalq səsverməsi, yəni məsuliyyətli qərarlar ərəfəsində son günə xas müşahidə edilən sakitlik, sükut içindəydi: hazırlıq işləri tamamlanmış, ictimai birliyin sədri Mirhəsən Seyidovun otağındakı ağ lövhədə adıçəkilən layihə çərçivəsində sabahdan - oktyabrın 24-dən etibarən başlayacaq zona turnirlərinin rayon və şəhərlər üzrə keçiriləcəyi tarix - sıralaması yazılmışdı. Növbəti gün "İrəli" komandası iş başında olacaqdı və heç də yarışlarda iştirak edəcək gənc intellektuallardan az həyəcanlı deyildilər. Təbii ki, bu, öz işinə məsuliyyətdən irəli gəlir. Baxmayaraq ki, geridə qalan 10 il ərzində təşkilat bir çox sınaqlardan keçib, uğurlu layihələr həyata keçirib və artıq "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin 3-cü mövsümünə başlayır, ancaq bu, yenə də ilk imtahanı xatırladırdı. Elə M.Seyidovla söhbətimiz zamanı o, müşahidə etdiyimiz təşkilatdaxili sükuta, sakitliyə aydınlıq gətirdi, bunu səfər hazırlıqlarının yekunlaşmasıyla əlaqələndirdi.



Söz düşmüşkən, layihəylə bağlı məlumat verən "İrəli" sədri bildirib ki, "Azərbaycanın İntellektual Birİncisi" ölkə gənclərinin intellektual potensialının inkişafına dəstək məqsədi daşıyır: "Layihə ilk dəfə 2016-cı ilin noyabr-dekabr aylarında keçirilib. Ümumilikdə, yarışlarda 75 rayondan 1500-dək gənc iştirak edir. Hər rayon 18 nəfərlik komandayla "Xəmsə", "Nə? Harda? Nə zaman?", "Axtar Tap", "Vətəni Tanı" intellektual oyunlarında öz bilik və bacarıqlarını ortaya qoyur, qüvvələrini sınayır".

Daha sonra "İrəli"nin yaranma tarixi, fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə danışan, dövlət gənclər siyasətinə yeri və rolu barədə fikirlərini bildirən təşkilat sədri qeyd edib ki, "İrəli" 2003-cü ildə ümumrespublika gənclər hərəkatı kimi yarananda müəyyən missiyanı üzərinə götürmüşdü: "Bu missiya ölkə gənclərini prezident seçkilərində İlham Əliyevin ətrafında birləşdirmək, maksimum dərəcədə gəncləri bu prosesdə yaxından iştiraka dəvət etməkdən ibarət idi".

M.Seyidov bildirib ki, hərəkat kimi 15 il, təşkilat kimi 10 illik fəaliyyətini arxada qoyan "İrəli" öz ətrafında minlərlə gənci toplamaqla qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlaya bilib: "İrəli" İctimai Birliyinin əsas məqsədi Cümhuriyyət dəyərlərini qorumaq, Azərbaycançılıq ideologiyasına əsaslanan dövlət gənclər siyasətinin inkişafına töhfə verməkdir".

Təşkilat sədrinin sözlərinə görə, "İrəli" 2003-ci ildən 2008-ci ilə qədər qarşısına qoyduğu missiyasını uğurla həyata keçirmişdi. Ona görə də ümumrespublika gənclər hərəkatı formatından təşkilat formatına keçməyin vaxtı çatmışdı. Nəticədə 2008-ci il dekabrın 24-də "İrəli" dövlət qeydiyyatından keçərək təşkilat kimi fəaliyyətinə start verib, gənclər sektorunda dövlətin apardığı siyasətdə aktiv iştirak etməyə başlayıb.

2014-cü ildən "İrəli"yə sədrlik edən M.Seyidov bu illər ərzində gənclərdə milli mənlik şüurunun inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsinə xüsusi diqqət göstərdiklərini deyib. O bildirib ki, həyata keçirilən çoxsaylı layihələrin, o cümlədən, Xocalı soyqırımında hər iki valideynini itirmiş azyaşlıların sonrakı taleyinə həsr olunmuş "Böyüməyən uşaqlar" filmi, "Marş İrəli" layihəsinin mahiyyətində məhz gənclərin dövlətçiliyə bağlı, vətənpərvər ruhda yetişməsinə, milli maraqların müdafiəsində fəal şəkildə iştirak etməsinə çağırış var: "İrəli" hər zaman Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində üzləşdiyi problemləri diqqət mərkəzində saxlayır, Xocalıya ədalət tələb edir, ermənilərin törətdiyi vəhşiliklər və onların acı nəticələri fərqli baxış bucağı ilə geniş kütlələrə çatdırır".

Bütün bunlarla yanaşı, "İrəli"nin son illər reallaşdırdığı layihələr sırasında gənclərin təşkilatlarda rolunu əks etdirən "Mənim Gənclər Təşkilatım", ali təhsil müəssisələrində təhsil alan gənclər arasında şəbəkələşməni və onların idarəetmə qabiliyyətini artırmaq məqsədi daşıyan "Şəxsi İnkişaf Akademiyası", gənclərin beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsinə yönələn "Nəzər Nöqtəsi", ümumölkə gənclərini bir yerə toplayan "Region Gənclərinin Əməkdaşlıq Forumu", eləcə də gəncləri könüllülük fəaliyyətinə həvəsləndirmək, I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunlarına dəstək olmaq üçün həyata keçirilən "Support of Azerbaijan Youth (SAY): Könüllülük Akademiyası"nı, "Support of Azerbaijan Youth (SAY): Volunteering Festival"ını qeyd etmək olar. "İrəli", həmçinin, gənc, peşəkar jurnalistlərlə əlaqələrin möhkəmləndirilməsi məqsədilə "Gənc Əkinçi", gənclər arasında ekologiyanın, ətraf mühitin qorunmasının təbliği, gənclərdə atıcılığa, səmti müəyyən etmə kimi ekstrim idman növlərinə marağı artırmaq məqsədilə "Support of Azerbaijan Youth (SAY): Green" və digər layihələr reallaşdırıb. Bütün bu fəaliyyətlərdə "İrəli" həmişə komanda olmağı bacarıb.

Təsadüfi deyil ki, M.Seyidovla yanaşı, ictimai birliyin baş katibi Şahin Rəhmanlı da bunu qazandıqları uğurlarda əsas amil hesab edir.



2016-cı ildən "İrəli"də çalışdığını deyən Ş.Rəhmanlı bildirib ki, baş katib kimi əsas işi ofisdaxili qaydalara riayət olunmasına nəzarət etmək, katibliklər arasında əlaqələrin tənzimlənməsini həyata keçirmək olsa da, daim vahid komanda şəklində çalışır, həyata keçirilən hər layihənin uğurla yekunlaşması üçün birgə səylə fəaliyyət göstərirlər.

Təşkilatın ən fəal üzvlərindən Elvin Səhətbəyli isə hazırda "İradio"nun rəhbəri kimi fəaliyyətini davam etdirir. Mətbuat nümayəndələri həmişə onu müxtəlif amplualarda görməyə alışıblar. Özünün də qeyd etdiyi kimi, "İrəli"də media və prodakşn rəhbəri kimi çalışıb, yeri gələndə fotoqraflıq, prodüserlik məharətini göstərib.

E.Səhətbəyli rəhbərlik etdiyi radioda həm aparıcılıq edir, həm də tələbə hazırlaşdırır: "İradio"da hər üç aydan bir təcrübə proqramları keçirilir. Hər dəfə bir qrup gənc radio işini öyrənməyə gəlir. Doğrudur, bəzən təcrübə proqramını yarıdan tərk edənlər olur. Ancaq məni sevindirən odur ki, burada hazırlaşdırdığım bir çox gənc bu gün fərqli televiziya və radiolarda çalışmağa başlayıb".

"İradio"da əsasən, gənclərlə bağlı verilişlər hazırladığını deyən E.Səhətbəyli radio rəhbəri kimi ən böyük arzusunun yayım tezliyi əldə edərək internet-radio formatı çərçivəsindən çıxmaq, fəaliyyətini daha da genişləndirmək olduğunu deyib. Doğrusu, həmsöhbətimiz bu istəyinin reallaşmasının heç də asan olmadığının fərqindədir...



Bu yerdə söhbətimizə qoşularaq Elvinin çox istedadlı gənc olduğunu deyən "İrəli"nin mətbuat katibi Əfsanə Şükürova administrativ dəstək olduğu halda onun bu işin də öhdəsindən gələcəyinə tam inandığını bildirib: "Elvin artıq uzun müddətdir radio sahəsində fəaliyyət göstərir, işinin öhdəsindən çox yaxşı gəlir. Ancaq yayım tezliyi əldə etmək üçün xüsusi qeydiyyat, lisenziya tələb olunur. Bu da administrativ dəstək olmadan mümkün deyil".

"İnam işin yarısıdır" deyərək qayıdaq əsas mövzuya...

Mətbuat katibi kimi kütləvi informasiya vasitələrilə təşkilat arasında mövcud əməkdaşlığı inkişaf etdirmək missiyasını öz üzərinə götürən Ə.Şükürova qeyd edib ki, birlik yarandığı gündən gənclərin hərtərəfli, o cümlədən, elmi, mədəni, sosial inkişafı istiqamətində bir sıra uğurlu layihələr həyata keçirib: "10 illik fəaliyyəti ilə "İrəli" komandası dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinə töhfə vermək əzmində olduğunu, daim bu istiqamətdə yürüdülən prinsipial siyasətin arxasında yer aldığını ortaya qoyub".

"İrəli" gənclərinin həm də beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etdiyini deyən Ə.Şükürova bildirib ki, təşkilat üzvləri dünyanın bir çox ölkəsində təşkil olunan tədbirlərdə iştirak edir, xarici ölkə gənclərinə Azərbaycanla bağlı dolğun məlumatlar çatdırırlar. O qeyd edib ki, bu cür beynəlxalq tədbirlər gənclər arasında təcrübə mübadiləsinin aparılması və xarici əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyətlidir.



Mətbuat katibinin sözlərinə görə, əksər hallarda gənclərin əldə etdiyi uğurlar fərdi xarakter daşısa da, heç şübhəsiz, komanda işi, birgə fəaliyyət nəticəsində mümkün olub: "Gənclərin həm fərdi inkişafı, həm də cəmiyyət həyatında aktiv iştirakında təmsil etdiyim "İrəli"nin xüsusi rol oynaması qürurvericidir".

***

Doğrudur, sovet istilaçıları Məhəmməd Əmin Rəsulzadənin xitab etdiyi gəncliyi Cümhuriyyət ideyalarını yalnız qəlblərdə yaşatmağa məhkum etsələr də, millətin azadlıq ruhunu boğmaq onlara müəssər olmadı. Nəticədə ötən əsrin 80-cı illərinin sonu 90-cı illərinin əvvəlində SSRİ-nin dağılması şəraitində formalaşan milli oyanış hərəkatı 70 illik əsarətdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi kimi müasir Azərbaycan Respublikasının müstəqillik elan etməsini şərtləndirdi. Dövlətçilik tarixinə, ulu keçmişinə sahib çıxan xalqımız, o cümlədən, dövrün gəncliyi bu şərəfli missiyanın reallaşdırıcısına çevrildi.

İndi Cümhuriyyətin 100 illiyini, müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd edən Azərbaycan xalqı, xüsusilə, dövrün gəncliyi qarşısında duran növbəti ali missiya əldə olunan bu müstəqilliyi qorumaq, gələcək nəsillərə ötürməkdir. Bu məqsədlə dövlətin həyata keçirdiyi gənclər siyasətinə uyğun olaraq ölkədə və xaricdə təşkilatlanan, zərurət yarandığı hallarda koordinasiyalı fəaliyyət həyata keçirən gənclər dövlətçiliyimizin qorunması, daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırlar. Şübhə yox ki, dövlətimizin dünyada təbliği, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə, o cümlədən, dünya gənclərinə çatdırılması, milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun yüksəldilməsi işində xüsusi fəallıq nümayiş etdirən Azərbaycan gəncliyi yalnız irəli getmək, özünü inkişaf etdirməklə üzərinə düşən bu ali missiyanı yerinə yetirə bilər. Elə 10 illik yubileyini qeyd etməyə hazırlaşan "İrəli" gəncləri kimi...

***

Noyabr ayıdır. "İrəli" komandası regionları qarış-qarış gəzərək "Azərbaycanın İntellektual Birİncisi" layihəsini davam etdirir. Müsabiqənin ilk mərhələsinin qalibləri müəyyənləşməkdədir. Son finalçılar isə ayın axırına kimi məlum olacaq. Həmin komandalar müsabiqənin ikinci - yekun mərhələsində iştirak edəcək. Bu uzun marafonun finalı ənənəvi olaraq Bakıda keçiriləcək. Müxtəlif bölgələri təmsil edən gənclər idman dili ilə desək, finiş xəttinə daha tez çatmaq üçün gərgin beyin mübarizəsi aparacaqlar və marafon burada başa çatacaq. Qaliblər mükafatlandırılacaqlar. "İrəli" isə başqa bir marafonda yolunu davam etdirəcək.

Necə deyərlər, geridə 10 il, İRƏLİdə uzun yol. 

Ceyhun ABASOV

 





15.11.2018    çap et  çap et