525.Az

Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək


 

DSMF-NİN BÜDCƏSİ DƏ MÜZAKİRƏLƏRƏ ÇIXARILDI

Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək<b style="color:red"></b>

"Pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına əlillərin sayı 5 faiz azalıb. Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək. Qanuna etdiyimiz dəyişikliklərə görə, II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olublar".

Bunu Milli Məclisin (MM) dünən keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il  büdcə layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O, əlilliyin qeydə alınması ilə bağlı başqa bir parodoksun ortaya çıxdığını qeyd edib: "Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərinin xeyli çoxalmasına gətirib çıxarıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə bu sahədə olan uyğunsuzluqları aradan qaldırmaq üçün çox ciddi, əsaslı tədbirlər görməlidir. Düşünürəm ki, bunun nəticəsində həmin sahədə bəzi neqativ hallar aradan qalxacaq".

İclasda məruzə edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyinin Maliyyə Nazirliyi ilə əldə etdiyi razılığa əsasən, bu ilin sonuna qədər mövcud əmək pensiyaları daxilində dövlət öhdəliklərinin dəqiq müəyyən edilməsi işləri yekunlaşdırılacaq: "Bundan sonra hər il dövlət büdcəsindən DSMF-yə nə qədər vəsaitin ayrılması müəyyən ediləcək. Digər təminatlar isə Fondun sosial sığorta prinsiplərini tam şəkildə tətbiq etməsi hesabına mümkün olacaq". Onun sözlərinə görə, pensiya xərclərinin iki istiqaməti üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edilib:

"Birinci istiqamət, 1992-ci ilə qədər əmək pensiyaçılarının iş stajı, ikinci istiqamət isə əmək pensiyalarının əlavələrdir. Hər iki istiqamət üzrə dövlət büdcəsindən maliyyələşdirilmənin tam təmin edilməsi sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək. Bu öhdəliyin müəyyənləşdirilməsi üçün 1992-ci ilin yanvarın 1-nə qədər qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləğin müəyyən edilməsi və eyni zamanda, "Əmək pensiyaları haqqında" qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əmək pensiyalarına əlavələrin məbləğinin dəqiq müəyyən edilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərindən ibarət komissiya yaradılıb. Komissiya Bakının Xəzər və Xətai rayonlarında uçotda olan pensiyaçıların işlərini tam araşdırıb, dövlət büdcəsi öhdəliyinin müəyyən olunması üzrə rəqəmləri müəyyən edilib. Eyni zamanda, Lerik və Qax rayonlarında da bu işlər aparılmaqdadır".

 





15.11.2018    çap et  çap et