525.Az

Müdriklik zirvəsində - Əli Əmirlinin 70 illiyinə


 

Müdriklik zirvəsində - <b style="color:red">Əli Əmirlinin 70 illiyinə </b>

Görkəmli dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlini əvvəllər qiyabi tanıyırdım. "Ölü doğan şəhər" romanını oxumuşdum. Özü də birnəfəsə. Çox xoşuma gəlmişdi. Yazı manerası, dili, üslubu cəlbedici idi. Kiçik ştrixlərlə obrazın daxili aləmini məharətlə aça bilirdi.

On iki il bundan əvvəl Əli Əmirli ilə eyni kafedrada çalışmağa başladım. "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasında. Əli müəllim geyimindən tutmuş, biliyinə, nitqinə, davranışına qədər səliqəli, dürüst insan kimi ürəyimə yatdı. Tanışlığımız tez bir zamanda dostluğa çevrildi. Onunla üzbəüz oturub sadəcə söhbət etməkdən belə böyük zövq alırdım. Çox zəngin mütaliəsi var Əli müəllimin. Müasir ədəbi prosesi diqqətlə izləyir, mətbuat səhifələrində müntəzəm çıxış edir. Yaradıcılığı çoxşaxəlidir. Dramaturqdur, ssenaristdir, nasirdir, publisistdir, alimdir, pedaqoqdur. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kinoşünaslıq və ekran dramaturgiyası" kafedrasının müdiridir. Kinoşünaslığa aid neçə-neçə kitab, elmi məqalə, proqram və metodik vəsaitin müəllifidir.

Bütün bu deyilənlər, mənalı ömrünü ədəbi və pedaqoji fəaliyyətə həsr etmiş fədakar bir qələm sahibi haqqında kiçik qeydlərdir. 30-a yaxın pyesin müəllifi olan Əli Əmirli təkcə Azərbaycanda yox, onun hüdudlarından uzaqlarda da tanınır və sevilir. Onun pyesləri Gürcüstanda, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda və başqa ölkələrdə uğurla tamaşaya qoyulmuşdur. Dramaturqun "Varlı qadın" pyesi Almaatıda keçirilmiş Yaxın Şərq ölkələrinin II Beynəlxalq Teatr Festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülmüşdür. Ümumiyyətlə, Əli Əmirlinin pyesləri rus, türk, tacik, özbək, qazax, qırğız, tatar, kumık, kalmık və sair dillərə çevrilmiş, səhnəyə qoyulmuş, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Mən Əli Əmirlinin bir çox pyeslərinin nübar tamaşalarında iştirak etmişəm. "Bütün deyilənlərə rəğmən və Ağa Məhəmməd şah Qacar", "Yeddi məhbusə", "Səhnədə məhəbbət", "Sevən qadın", "Ünvansız Qatar", "Ah, bu uzun sevda yolu" və sairə. Obrazlarının adi sözləri və ifadə tərzləri belə bir-birinə bənzəməyən bu çoxsaylı əsərlər, hər şeydən əvvəl mövzu dairəsi, müasirliyi vəvətəndaşlıq mövqeyi ilə seçilir.

Müəllifin dəyərli əsərləri içərisində "Ünvansız qatar" pyesi bu baxımdan xüsusilə səciyyəvidir. Əsərdə erməni təcavüzünün qurbanı olan soydaşlarımızın öz doğma yurdlarından didərgin düşmələri və bu ekstremal vəziyyətdəki gərginlik dramaturq tərəfindən yüksək sənətkarlıqla işlənmişdir. Pyesdə Səriyyə adlı didərgin qadının Uca Tanrıya üz tutaraq dediyi bu sözlər hamımızın ürəyindən xəbər verir:

"Allahım! Qanadı qırıq quş kimiyəm! Uçsam uça, qaçsam qaça bilmirəm. Qolum-qanadım qırıq, könlüm min parça! Ey qəlbləri hər səmtə çevirən, ey könüllər sahibi! Yaraları sarıyan, dağılanı toplayan Sənsən! Sən özün bu millətin bəsirət gözünü aç ki, gördüklərinin mahiyyətinə vara bilsin, dostu dost bilsin, düşməni düşmən görsün! Halalı haramdan seçə bilsin... Yaxşını yaxşı, pisi pis görsün..."

Əli Əmirlinin təkcə dram əsərləri deyil, onun teatr sənəti problemlərinə həsr etdiyi məqalələri də günlə səsləşir və həmişə böyük maraq doğurur. Belə məqalələrinin birində dramaturq, hər şeyi qara eynək arxasından görənlərə, teatrın bugününə dodaq büzənlərə belə cavab verir:

"Hər dəfə qalmaqal qoparmaq həvəsində olan, internet saytlarında teatrları, ən çox da ölkənin baş teatrı olan Akademik Milli Dram Teatrını hədəfə alan yazıları oxuyanda məndə sual yaranır: teatrı sevməyən, teatr tamaşaçısı olmayan bu adamlar teatrdan nə istəyirlər? Niyə onlar yaxşını da, pisi də eyni rəngdə görürlər? Niyə yaxşıya kədərlənir, pisə sevinirlər?"

Bu sətirlər bütün varlığı ilə teatra bağlı, teatr təəssübkeşi olan bir yaradıcının, dramaturqun obyektiv mülahizələridir. Bu mülahizələr də eynilə onun dram əsərləri kimi rəğbətlə qarşılanır.

Əli Əmirli yaradıcılığı haqqında dövrü mətbuatda bir çox dəyərli yazılar, onunla aparılmış maraqlı müsahibələr işıq üzü görmüşdür. Mən onlardan yalnız ikisini qeyd etmək istəyirəm. Bunlardan biri "525-ci qəzet"də çap olunmuş "Yeddinin yanındakı sıfır" adlı (Müəllifi Cavid Zeynallıdır) yubiley yazısıdır. Əli Əmirli sənətini maraqlı yazı üslubu ilə xarakterizə edən Cavid Zeynallı dramaturqa belə qiymət verir: "20 ildə Azərbaycan dramaturgiyası və teatrının ağırlığını çiyinlərində ləyaqətlə daşıyan insan!" Əlavə geniş şərhə ehtiyac yoxdur. Bu, həqiqətən belədir. Əli Əmirli ağlasığmaz dərəcədə fədakardır, həm də çox məhsuldardır, onun əksər teatrlarımızın repertuarlarında özünəməxsus yeri var. İkinci mətləb isə Əli Əmirlinin "Modern.az" saytının müxbiri Mahmud Əyyubla müsahibəsində müdrikcəsinə dediyi sözlərlə əlaqədardır. O, müxbirin "yazıçı taleyindən razısız?" sualına belə cavab verir: "Mən, bir qayda olaraq, özümdən yuxarı yox, aşağı baxıram, onda həqiqi mənzərəni daha yaxşı görür, onu düzgün qiymətləndirməyə çalışıram". Bu sözlər Əli Əmirli şəxsiyyətinin səciyyəvi xüsusiyyətini çox aydın şəkildə əks etdrir.

Professor Əli Əmirli həm də mahir pedaqoqdur. O, gözünü mühazirə mətnindən çəkməyən, vaxtı öldürmək üçün dərsə dəxli olmayan şəxsi xatirələrindən danışan, "köhnə baqajı" ilə kifayətlənən müəllimlərdən deyildir. Onun hər dərsi pedaqoji sənət nümunəsidir. O, müntəzəm olaraq öz üzərində işləyir, yazıb yaratmaqla bərabər, həm də oxuyur və öyrənir. Ona görə də Əli müəllimin tələbələr arasında böyük nüfusu var və onun dərslərini təkcə tələbələr yox, müəllimlər də maraqla dinləyirlər.

Əli Əmirli ciddi alimdir. Onun leksikonunda "güzəşt" adlı söz yoxdur. Magistrlərinə, doktorantlarına və kafedra üzvlərinə münasibətdə çox tələbkardır. Adi müəllim işləyəndə də, elə indi kafedra müdiri olanda da, intizamı ilə seçilən, həmişə nümunə göstərilən bir alim - pedaqoqdur.  Əli Əmirli tələbələrinə təkcə kino və televiziya dramaturgiyasının sirlərini öyrətmir, həm də həyat dərsi keçir. Bu gün Əli Əmirlinin müxtəlif mədəniyyət ocaqlarında, telekanallarda çalışan sabiq tələbələri müəllimlərindən öyrəndikləri nəzəri bilikləri işlədikləri sahəyə tətbiq etməklə yanaşı, onun şəxsi keyfiyyətlərini - yüksək əxlaqını, təvazökarlığını, sadəliyini, həmişə öyrənmək və öyrətmək ehtirasını, gecə-gündüz yorulmadan çalışmaq vərdişini göz önünə gətirir, ona bənzəməyə çalışırlar.

Əziz dostum və həmkarım Əli müəllim! Bu gün Sən ömrünün müdriklik zirvəsindəsən! Bu zirvəyə Sənin tək yüksəlmək hər qələm sahibinə nəsib olmur. Çox yaşa! Yeni-yeni, həm bədii, həm də elmi əsərlərinlə, pedaqoji nailiyyətlərinlə bizi sevindir!

 





16.11.2018    çap et  çap et