525.Az

Fransanın Minsk qrupunda həmsədrliyinə yenidən baxılmalıdır


 

RƏSMİ PARİS DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İLƏ BAĞLI ÜZƏRİNƏ GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRİ CİDDİ ŞƏKİLDƏ POZUR

<b style="color:red">Fransanın Minsk qrupunda həmsədrliyinə yenidən baxılmalıdır</b>

Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri ölkə ictimaiyyətinin sərt reaksiyası ilə qarşılanıb. Hesab olunur ki, bu səfərə şərait yaratmaqla rəsmi Paris ənənəvi olaraq ermənipərəst siyasət yürütdüyün nümayiş etdirir.

Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı verilən bəyanatda bildirilib ki, işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir: “Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir”.

Qeyd olunub ki, Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır.

Təsadüfi deyil ki, oktyabr ayında Beynəlxalq Frankafoniya Sammitində iştirak etmək üçün İrəvana 3 günlük səfər reallaşdıran Fransa prezidenti Emmanuel Makron tarazlığı qorumaq üçün Azərbaycana gəlmədi. Halbuki ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri ortaya real iş qoymasa da, məsələnin həssaslığını nəzərə alaraq balansı pozmamağa çalışır. Ancaq Fransa siyasətçiləri erməni separatçılarıyla intensiv əlaqələr qurmaqla tərəfsizliyi pozur, vasitəçilik missiyasına yaraşmayan mövqe sərgiləməkdə israrlı olduqlarını sərgiləməkdədirlər. Bu ölkənin ayrı-ayrı şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayırlar. Lakin Fransa hökuməti bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Fransanın Xarici İşlər Nazirliyi və Azərbaycandakı səfirinin “Fransa Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə bəyanatı kifayət etmir və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmədiyi halda, erməni separatçılarına bu imkanın yaradılması ikili standartlar siyasətinin bariz sübutudur.

Hələ ATƏT-in Minsk qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman rəsmi Paris qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü. Ancaq tarix onu sübut edir ki, rəsmi Bakı mövqeyində heç də yanılmamışdı.

Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Ceyhun Əhmədli qeyd edib ki, Fransa dövlətinin Minsk qrupunda həmsədrliyi məsələsinə yenidən baxılmalıdır: “Frankafoniya tədbirində iştirak etmək məqsədilə İrəvana gələn Fransa prezidenti Emanuel Makron Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzərinə götürdüyü bitərəf vasitəçilik missiyasının tələblərinə uyğun olaraq regiona səfər çərçivəsində Bakıya da baş çəkməli idi. Əgər ATƏT-in Minsk qrupunun həmsədr ölkəsisənsə, münaqişənin tənzimlənməsi prosesində heç bir tərəfin yanında olmadığını öz əməlinlə nümayiş etdirməlisən. Üstəlik, ermənilər tərəfindən sözügedən tədbirin siyasiləşdirildiyi və sərgilərdə Dağlıq Qarabağla bağlı təxribat xarakterli stendlərin qurulduğuna dair xəbərlərə də rast gəldik. Deməli, tədbir təkcə mədəni əlaqələri əhatə etmirdi”.

C.Əhmədlinin sözlərinə görə, bu azmış kimi Fransa dövləti Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri, müharibə canisi Bako Saakyanın bu ölkəyə səfərinə göz yumur: “Torpaqlarımızın işğalında və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan bir şəxsin münaqişənin həlli prosesində özünü bitərəf adlandıran ölkəyə səfər etməsi heç bir hüquq və ədalət çərçivəsinə çıxmır”.

Politoloq hesab edir ki, bütün bunlar nəzərə aldıqda, Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı müzakirələrin aparılması zərurəti ortaya çıxır: “Məncə, üzərinə götürdüyü bitərəflik missiyasını layiqincə yerinə yetirə bilmədiyi üçün Fransa dövləti həmsədrlik institundan uzaqlaşdırılmalıdır”.

Ceyhun ABASOV

 





17.11.2018    çap et  çap et