525.Az

“Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları”


 

AZƏRBAYCANDA BU MÖVZUDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİR

“Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları” <b style="color:red"></b>

Noyabrın 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” adlı beynəlxalq konfrans işinə başlayıb.

Konfransda AMEA-nın rəhbərliyi, əməkdaşları, ziyalılar, ictimai xadimlər, digər ölkələrdən gəlmiş qonaqlar və media nümayəndələri iştirak ediblər.

İştirakçılar öncə foyedə sərgilənən akademiyanın texniki bölmələrin əməkdaşlarının əl işlərindən ibarət sərgiylə tanış olublar. Qeyd olunub ki, fizika, kimya və digər texniki sahə institutların əməkdaşlarının rəsm əsərləri hər il “Fizika və lirika” konfransında sərgilənir.

Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın elm adamlarının və ümumilikdə ictimaiyyətin diqqətini humanitar, texniki və təbiət elmləri arasında əməkdaşlığın vacibliyi, elmi problemlərin həllində multidissiplinar yanaşmaların və innovasiya texnologiyalarının inkişaf etdirilməsinin zəruriliyinə yönəltmək baxımından əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, konfrans müxtəlif elmi istiqamətlər üzrə çalışan alimlər üçün təcrübə mübadiləsi aparmağa geniş imkanlar yaradacaq.

Qeyd olunub ki, layihənin məqsədi ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, gənclərin elmə marağının artırılması, texniki, təbiət, humanitar və sosial elmlər arasında əlaqələrin gücləndirilməsidir.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli artıq beşinci dəfə təşkil olunan “Fizika və lirika” konfransları ilə bağlı ümumi məlumat verib. O, fizika və lirika sözlərinin şərti olduğunu, burada əsasən elm və bədii yaradıcılığın ümumi şəkildə nəzərdə tutulduğunu diqqətə çatdırıb. Hər iki sahənin qoşa qanad kimi bir-birinə bağlı olduğunu deyən akademik, onların birlikdə, vəhdət halında daha güclü və məhsuldar olduğunu da vurğulayıb. Məhz bu səbəbdən artıq beşinci dəfədir təşkil olunan “Fizika və lirika” konfransının hər il daha böyük nəticələrlə yadda qaldığını bildirib.

O deyib ki, ilk dəfə 2014-cü ildə keçirilən “Fizika və Lirika” konfransı həmin il Bakı Elm Festivalı çərçivəsində baş tutub. İkinci dəfə konfrans AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Novruz təqvimi: lirikada və astrofizikada” mövzusunda keçirilib. Həmin konfransın iştirakçıları müasir teleskoplar vasitəsiylə səma cismlərini seyr edə biliblər. Üçüncü konfrans isə AMEA-nın Dendrologiya İnstitutunda, dördüncü isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında  təşkil edilib.

“Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları” mövzusunda məruzə ilə çıxış edən alim konfransın humanitar, texniki və təbiət elmlərində mövcud olan yaradıcı yanaşmaların müzakirəsinə şərait yaradacağını qeyd edib.

Tədbirin fizika və lirikanın qarşılıqlı əlaqəsinə həsr olunduğunu qeyd edən İ.Həbibbəyli ədəbiyyatın bir sıra elmlər ilə vəhdətindən danışıb. O, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika və təbiət elmləri nümayəndələrinin birgə iştirakının səmərəli və əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, fizika təbiət hadisələrini müşahidə, eksperiment və nəzəriyyə əsasında öyrənir. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir.

Müxtəlif elm sahələri arasında qarşılıqlı tədqiqatların aparılmasının önəmli olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti konfransın həm də fənlərarası əlaqələrin inkişaf etdirilməsində körpü rolunu oynadığını qeyd edib. Bildirib ki, artıq dördüncü dəfə keçirilən bu konfrans həm akademiyada elmin inkişafına, həm də bədii ədəbiyyatın, təsviri sənətin, musiqi sənətinin inkişafına əhəmiyyətli təsirini göstərəcək.

Akademik, “Fizika və lirika”: dünya təcrübəsi və ölkə reallıqları” Beynəlxalq elmi konfransının Qoşa qanadın hər iki qanadının möhtəşəm bir harmoniyası və hesabatı olduğunu vurğulayıb. Konfransda çıxış edən müxtəlif ölkələrdən dəvət olunmuş görkəmli dəqiq və təbiət elmləri üzrə alimlərin bədii yaradıcılıqla məşğul olmağın reallıqları, elmə və ədəbiyyata gətirdiyi böyük dəyişikliklər barəsindəki elmi məruzələri toplusunun “Fizika və lirika” adlı tam yeni bir elmi istiqamətin təqdimatına çevriləcəyinə inandığını deyib. Akademik, həmçinin, MDB ölkələrinin elmi təşkilatları arasında səmərəli dialoqun və əməkdaşlığın qurulmasına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini bildirib. Ötən gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyinin qeyd olunduğunu bildirən akademik çıxışının sonunda elmi müəssisə ilə uzun illər sıx əməkdaşlıq edən xarici ölkələrdən gələn həmkarlara rəhbərlik etdiyi institutunun fəxri doktoru diplomlarını və mükafatların təqdim olunduğunu qeyd edib.

Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyevin salamlama məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra konfrans öz işini məruzələrlə davam etdirib.

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski, Azərbaycan Dillər Universitetinin  professoru Səməd Seyidov, Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina, Belarus Milli Elmlər Akademiyasının Belarus Mədəniyyət, Dil və Ədəbiyyat Tədqiqatları Mərkəzinin “Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutu” filialının direktoru, professor İvan Saverçenko, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Nurzina İysayeva və başqalarının elmi məruzələri dinlənilib.

Məruzəçilər təbiət və humanitar elmlərinin qarşılıqlı münasibətlərindən söz açıblar. Xarici ölkələrdən təşrif buyurmuş qonaqlar öz ölkələrində və dünya təcrübəsində bununla bağlı görülən işlərdən və onların uğurlu nəticələrindən söz açıblar. Onlar konfransın adından fərqli olaraq, yalnız fizika və digər texniki elmlər deyil, ümumən bütün elmlərin bir-biriylə qarşılıqlı münasibətlərindən bəhs ediblər. Artıq bir neçə gündür ölkəmizdə qonaq olduqlarını, akademiyanın və onun nəzdində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəaliyyəti, elmi nəşrləri ilə yaxından tanış olduqlarını deyən qonaqlar, Azərbaycanda elmin bu dərəcədə inkişafından sevindiklərini, keçirilən “Fizika və lirika” konfranslarının da elmin və bədii yaradıcılığın inkişafında müstəsna rol oynayacağına inandıqlarını da qeyd ediblər.

Məruzələrdə təbiət və humanitar sahələrin psixologiya elmi ilə qarşılıqlı münasibətinə də toxunulub. Psixologiyanın insan həyatının və cəmiyyətin bütün sahələrinə təsiri olduğu vurğulanıb. Bildirilib ki, alimlər, araşdırmaçı tədqiqatçılar, eləcə də ədəbiyyatşünaslar, yazıçı və şairlər öz sahələrindən əlavə, insanların və ümumilikdə cəmiyyətin psixologiyasına da dərindən bələd olmalıdırlar. Bu, onların yaradıcılığına, əsərlərinin yazılması və oxuculara təqdimatına da müsbət təsir göstərəcəkdir. Eləcə də psixoloqlar digər elmləri bilməlidirlər. Çünki onlar müxtəlif sənət sahibləri ilə qarşılıqlı münasibətdə olurlar.

Məruzəçilər “Fizika və lirika” konfranslarının gənc tədqiqatçıların, gələcəkdə alimlik dərəcəsini almaq istəyən yeni kadrların gələcək elmi fəaliyyətlərinə də öz müsbət təsirini göstərəcəyinə inandıqlarını vurğulayıblar. 

Konfrans çərçivəsində müxtəlif mövzuları əhatə edən dəyirmi masaların təşkili, eləcə də tədbir iştirakçılarının AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ziyarətləri nəzərdə tutulub.

Şahanə MÜŞFİQ

 





18.11.2018    çap et  çap et