525.Az

“Respublika Xatirə Kitabı”nın xüsusi sayı əlamətdar nəşr kimi


 

“Respublika Xatirə Kitabı”nın xüsusi sayı əlamətdar nəşr kimi<b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və baş redaktoru Nəzakət Məmmədova olan “Respublika Xatirə Kitabı” redaksiyasının birgə əməyi nəticəsində “Xatirə Kitabı”nın xüsusi buraxılışı işıq üzü görüb.

Yeni nəşr və ümumilikdə “Respublika Xatirə Kitabı” redaksiyasının işi ilə bağlı N.Məmmədova ilə görüşdük.

Müsahibimin sözlərinə görə, Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən “Respublika Xatirə Kitabı” redaksiyası Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrilib. Amma bu dövrdə redaksiyanın fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olmayıb: “1994-cü ildə Nazirlər Kabineti yenidən qərar versə də, bu dəfə də işlər lazımi məcraya düşməyib. Belə ki, ölkədə baş verən ictimai-siyasi hadisələrin gərginliyi və iqtisadi çətinliklər ucbatından Redaksiyanın fəaliyyəti üçün vəsait ayrılması məsələsi öz həllini tapa bilməyib.

Ulu öndərimiz Heydər Əliyevin tapşırığı ilə Nazirlər Kabineti 1 may 1997-ci il tarixində “Azərbaycan Respublikası Xatirə Kitabının bərpa edilməsi haqqında” xüsusi qərar qəbul edib.

Sonra isə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanun qüvvəyə minib. Beləliklə, Xatirə Kitabı Redaksiyası ayrıca bəndlə dövlət büdcəsinə daxil edilmiş və bununla da Redaksiyanın fəaliyyətində dönüş yaranıb. Ona görə minnətdarlıq əlaməti olaraq hər cild o böyük insanın portreti və “Heydər Əliyev - “Xatirə Kitabı”nın yaradıcısıdır” sözləri ilə açılır. “Xatirə Kitabı”nı yaddaşımızın kitab abidəsi adlandırmaq da olar. Onun yaradılmasında əsas məqsəd - İkinci Dünya müharibəsində, məhəlli münaqişələrdə, Polşa, Çexoslovakiya hadisələrində, Əfqanıstan müharibəsində, 20 yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ döyüşlərində, Milli müstəqilliyimiz yolunda, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında çox cildlik ensiklopediya hazırlamaqdır. İndiyə kimi kitabın 16 cildi nəşr olunub və növbəti cildlərin hazırlanması üzərində işlər davam etdirilir”.

N.Məmmədova dedi ki, “Xatirə Kitabı” redaksiyasının yeni nəşri isə digərlərindən fərqlənir. Azərbaycanda ilk dəfə olaraq  əsir düşmüş və itkin götürülmüş şəxslərlə bağlı ensiklopedik kitab çap olunub. Bu kitab üzərində il yarımdan çox araşdırma aparılıb:


“2017-ci ildə “Respublika Xatirə Kitabı” redaksiyası daha bir məsuliyyətli araşdırmaya başlayıb. Dövlət Təhlükəsizlik Xidməti Nəzdində fəaliyyət göstərən “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi Qrupu ilə aparılan bu işbirliyinin məqsədi kimi, Azərbaycan Respublikasının ərazi bütovlüyünə təcavüz edən Ermənistanın Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlara hücumu və torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin, naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araşdırılması əsas prioritet götürülüb”.

Nəzakət xanım aparılan bu araşdırmanın həm fiziki, həm də mənəvi cəhətdən kifayət qədər çətin və ağır proses olduğunu dedi: “Çox çətin idi. Biz hazır arxiv üzərinə çalışsaq da, elə şəxslər olurdu ki, onlar haqqına məlumatlar çox az olurdu, ya da bizi qane etmirdi və biz günlərlə, hətta aylarla bir nəfər haqqında məlumatları dəqiqləşdirməyə çalışır, bunun üzərində işləyirdik. Hərdən elə talelərlə, hekayələrlə qarşılaşırdıq ki, bunlara dözmək çox çətin olurdu. Düşünürdük ki, görəsən, dünyanın hansısa yerində insana qarşı bu qədər böyük işgəncələr, ağlasığmaz vəhşiliklər edən ikinci bir xalq varmı? Mən əminəm ki, yoxdur, olmayıb.

Tarix boyu yaşadıqlarımıza baxanda bir şeyi anlayıram ki, bizim başımıza nə gəlirsə, öz unutqanlığımızdan gəlir. Əgər biz unutqan olmasaydıq, tarix bizə bu faciələri eyni düşməndən dəfələrlə yaşatmışdı, bundan dərs çıxarmağı bacarmalıydıq.

Tarix zaman-zaman təkrarlanır. Erməni millətçilərinin başımıza açdığı bəlaları babalarımızın yaddaşından eşitmişik. İllərdir cavabını tapa bilmədiyim bir sual var. Bu bəlaları necə unuda bilmişik, bu qəddarlıqları, vəhşilikləri necə yaddaşımızdan silə bilmişik?! Axı bu olanlar əvvəllər də başımıza gəlib. Tarixin təkrar dərsini bir daha aldıq. Minlərlə şəhid verdik, minlərlə insanın ünvanına “qara kağız” yazılmadı, adları əsir, itkin, girov götürülənlər siyahısına düşdü. Tarixdən bəri erməni millətçilərinin doğma yurdumuz Azərbaycana olan ərazi iddiaları daim onların xalqımıza qarşı vəhşiliklər törətməsi, soyqırımlar və faciələrlə müşayiət olunub. Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər həmişə öz xüsusi amansızlığı ilə seçilib. Ermənilərin ərazi iddiaları özünü daha çox Dağlıq Qarabağ münaqişəsi dövründə göstərib və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti özünün pik nöqtəsinə çatıb.

Kifayət qədər çətin və mənəvi yük daşıyan bu araşdırmalar zamanı erməni terrorçu-quldur dəstələri tərəfindən əsir və girov götürülmüş, eyni zamanda naməlum şəraitdə itkin düşmüş 3875 nəfər Azərbaycan Respublikası vətəndaşı barədə olan məlumatlar yenidən ciddi araşdırılmış və Respublika Xatirə Kitabının dördcildlik xüsusi buraxılışının 1-ci cildində ilkin olaraq 922 nəfərin taleyi barədə məlumatlar daxil edilmişdir. Xüsusi buraxılışın növbəti cildlərinin materialları üzərində araşdırmalar davam etməkdədir. Xüsusilə qeyd etmək istəyirəm ki, erməni riyakarlığına cavab olaraq “Respublika Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdim olunan cildində adları keçən 922 nəfər əsir, girov və itkin düşmüş şəxslər barədə məlumatlar eyni zamanda ingilis dilində də verilib və bu iş sonraki cildlərdə də davam etdiriləcək.

Kitabın yarısı Azərbaycan, yarısı ingilis dilindədir. Hər iki dil arasında ölkəmizin xəritəsi elə çəkilib ki, işğal altındakı torpaqlarımız görünsün.

Hər bir əsir və itkinimizin məlumatları şəkilləri ilə verilib. Əlimizdə şəkli olmayanların isə qohumları, tanışları, ən son görənlərin təsviri ilə foto-robotu hazırlanıb”.

Nəzakət xanım söhbətimizdə kitabın araya-ərsəyə gəlməsində zəhməti olan redaksiya heyəti və eləcə də nəşrə dəstək olan dövlət qurumlarından da bəhs etdi: “Xatirə kitabı” təkcə bizim redaksiyanın fəaliyyəti ilə deyil, həmçinin, müxtəlif dövlət qurumlarımızın da dəstəyi ilə nəşr edilir. Xüsusən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun fasiləsiz olaraq apardığı araşdırmalar daim yeni məlumatların aşkara çıxması ilə nəticələnir. İşçi Qrup əməkdaşlarının gərgin və təxirəsalınmaz fəaliyyətinin məntiqi nəticəsi olaraq əsir, girov və itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının sonrakı taleyinin araşdırılması təqdirəlayiq və özündə böyük bir məsuliyyəti ehtiva edən bir prosesdir. Erməni təcavüzkarlarının vətənimiz Azərbaycana qarşı həyata keçirdikləri işğalçı siyasət və terrorçu-vandal hərəkətlər nəticəsində əsir götürülən hərbçilərin, girov götürülən mülki şəxslərin və itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının taleyi hər birimizi narahat etməklə yanaşı, erməni terrorçu-quldurlarının vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasını da bir vətəndaşlıq borcu kimi qarşımıza qoyur. Məhz bu nöqteyi-nəzərdən Ümummilli liderimiz, dahi siyasətçi Heydər Əliyevin birbaşa sərəncamı ilə yaradılmış Respublika Xatirə Kitabı, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyinə biganə qalmayaraq Dövlət Komissiyasının İşçi qrupu ilə birlikdə belə bir lahiyənin həyata keçirilməsinə çalışıb. Əsir və itkin düşmüş, girov götürülmüş hər bir vətəndaşımızın  taleyini ehtiva edən qovluqlar üzərində apardığımız araşdırmalar zamanı baş verən hadisələr fonunda erməni vəhşiliyinin sərhəd tanımadığının bir daha şahidi olaraq keçirdiyimiz mənəvi sarsıntıları sözlə ifadə etmək olduqca çətindir. Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, Dövlət Komissiyasının və komissiyanın İşçi Qrupunun göstərdikləri mənəvi dirəniş, bu acıları və eyni zamanda, erməni vandalizmini tam çılpaqlığı ilə aşkara çıxaran fəaliyyətləri təqdirə və alqışa layiqdir. Kitabımızda əks olunan vətəndaşlarımızın taleyi barədə informasiyaların araşdırılması, davamlı olaraq informasiyaların yenilənməsi, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarlarımızın axtarışlarının davam etdirilməsi məhz Dövlət  Komissiyası İşçi Qrupun gərgin və fasiləsiz əməyinin nəticəsi kimi dəyərləndirilməlidir. Məhz bu prosesin məntiqi nəticəsi kimi bu gün birgə layihəmiz olaraq təqdim etdiyimiz “Respublika Xatirə Kitabı”nın Xüsusi buraxılışının I cildi Dövlət Komissiyasına,  Komissiyanın İşçi Qrupuna və onun 25 illik bir müddəti əhatə edən fəaliyyət dövrünə, sarsılmaz inamla, möhkəm və geriyə dönmədən yönəldikləri haqq işinə Redaksiyamız tərəfindən verilən minnətdarlıq hədiyyəsidir. Çalışdığımız bu müddət ərzində Komissiyanın və onun hər bir üzvünün, İşçi Qrupu və onun hər bir əməkdaşının timsalında gördüyümüz mətanət, haqq səsimizi dünyaya çatdırmaq üçün çətin və məsuliyyətli, çətin olduğu qədər də şərəfli və xeyirxah işdə bizlərə də böyük bir güc və qüvvət vermiş oldu. Buna görə ilk olaraq Ali baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Redaksiya heyətimizin və “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın hər bir üzvünə, Dövlət Komissiyası İşçi qrupunun əməkdaşlarına, “Respublika Xatirə Kitabı” Redaksiyası adından təşəkkürümü bildirir, birgə fəaliyyətimizdə əməyi keçən hər bir kəsə uğurlar arzulayıram”.

Eyni zamanda, Nəzakət xanım, Dövlət Komissiyasının 2018-ci il noyabr ayı üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin, azad edilmiş şəxslərlə bağlı son statistik məlumatlarını da təqdim etdi. Ümumilikdə qeydiyyatdan keçən 3888 nəfər var. 871 nəfərin əsir-girov götürülməsi barədə məlumat əldə edilib. 1480 nəfər isə əsir və girovluqdan azad edilib.

Müsahibim gələcəkdə üç cildinin də nəşri planlaşdırılan “Xatirə kitabı”nın xüsusi sayının təkcə Azərbaycan daxilində deyil, ölkə xaricində də insanlara çatdırılması və genişmiqyaslı təbliği üçün çalışacaqlarını dedi:

“Mən çalışacağam ki, bu kitab Amerikada da çap olunsun. Bunun üzərində də işlər gedir. Bu gün dünyanın aparıcı qüvvələrinin başında Amerika dayanır. Bizim haqq səsimizi onlar da eşitməlidirlər”.

Şahanə MÜŞFİQ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

 





18.11.2018    çap et  çap et