525.Az

Mərhum alim Əzizxan Tanrıverdi haqqında kitab çıxdı


 

Mərhum alim Əzizxan Tanrıverdi haqqında kitab çıxdı <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, mərhum professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr olunmuş “Əzizxan Tanrıverdi-60” adlı xatirələr kitabı nəşr edilib.

Kitabın məsləhətçisi akademik Nizami Cəfərov, tərtibçi və redaktoru “Azərbaycan dili və onun tədrisi metodikası kafedra”sının baş müəllimi İlham Abbasovdur.

Nəşrə məsul Bəhram Cəfəroğludur. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

Kitaba Əzizxan Tanrıverdinin qısa tərcümeyi-halı, əsərlərinin biblioqrafiyası, onun haqqında yazılmış şeirlər, məqalələr, həyatı və şəcərəsini əks etdirən müxtəlif fotolar və sair materiallar daxil edilmişdir.

Qeyd edək ki,  Əzizxan Tanrıverdi30 kitab, 8 proqram, 250-dən artıq məqalə və tezisin müəllifidir. Onun rəhbərliyi ilə 3 namizədlik dissertasiyası müdafiə edilib.

Ə.Tanrıverdinin elmi tədqiqatlarının diapozonu çox genişdir. Onun uzun illər gərgin yaradıcılığının cövhərini “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi təşkil edir. Professorun “Kitabi-Dədə Qorqud”da şəxs adları, “Kitabi-Dədə Qorqud”un obrazlı dili” əsərləri yeni tədqiqatlar kimi qorqudşünaslığımızı zənginləşdirib.

Alimin əsərləri təkcə dilimizdə şəxs adlarının formalaşması tarixini öyrənmək baxımından deyil, ümumiyyətlə, dilimizin tarixi leksikologiyası, fonetikası və morfologiyası ilə əlaqədar bir sıra məsələlərin aydınlaşdırılması baxımından böyük əhəmiyyətə malikdir.

 





19.11.2018    çap et  çap et