525.Az

Ədəbiyyatda təsirlənmə və plagiat - Orxan Saffari yazır


 

Ədəbiyyatda təsirlənmə və plagiat - <b style="color:red">Orxan Saffari yazır </b>

Məlumdur ki, ədəbiyyatda da təsirlənmə və plagiat anlayışları mövcuddur. Bu anlayışlar daim aktual və mübahisəli mövzular olaraq qalıb.

İstər oxucular, istərsə də yazıçılar zaman-zaman bir-birini “bu şeir filan şairin şeirindəndir”, “bu əsər filan əsərdən plagiatdır” kimi sözlərlə ittiham edib və edir. Ədəbiyyat var olduqca da, çox güman ki, davam edəcək.

Məsələ ondadır ki, bəzən plagiat və təsirlənməni bir-birindən ayırmağa çətinlik çəkilir. Daha doğrusu, qarışıq salırlar. Ədəbiyyatda plagiat müəllifin hüquqlarının pozulmasıdır. Yəni ki, bu, bir şəxsə aid əsəri başqasının, mənbəyə istinad etmədən, öz imzası altında bütövlükdə və yaxud da bir hissəsini istifadə etməsidir. Plagiat həm də tək ədəbiyyatda yox, incəsənətin digər sahələrində də mövcuddur.

Təsirlənmə isə bildiyimiz kimi, tamamilə fərqli bir anlayışdır. Hansısa bir əsəri, şeiri oxuyub ondan ilhamlanmaq, təsiri altında yazmaq təsirlənmədir.

Zaman-zaman bunları mən də müşahidə etmişəm. Dünya ədəbiyyatında bunlar daha çox Frans Kafkanın əsərlərilə bağlı diqqətimi cəlb edib. Əvvəllər oxuduğum əsərlərdə onu yamsılayan yazıçılara münasibətim yaxşı deyildi. Düşünürdüm ki, çoxları bilərəkdən bunu edir, özünü nihilizmə kökləyir, pessimist notlara köklənir. Həm də bizdə bir az da “əzabkeş” görünmə obrazı çoxluq təşkil etdiyinə görə belə düşünürdüm. O səbəbdən də bunu heç vaxt qəbul etmirdim. Amma sonradan yaradıcı nihilistliyi, asosiallıq, pessimistlik öz canımı da bürüyəndə Kafkanı sevməyə başladım. Zaman-zaman isə dünya ədəbiyyatı yazıçılarının da “kafkalaşdığını” gördüm və bunu plagiat yox, təsirlənmə adı ilə sahmana saldım.

Bu, ən çox Pol Osterin əsərlərində göründü mənə. Düzdü, aralarında fərqlilik çoxdur, amma sujet hardasa eynilik təşkil edir deyə düşünürəm.

Kafkanın “Çevrilmə” əsərində Qreqor Zamzanın bir səhər oyanıb özünü böcəyə dönüşmüş bilməsilə Pol Osterin “Qaranlıqdakı adam” əsərində Ouen Brikin səhər oyanıb özünü bir quyuda görməsi və keçirdiyi hisslər (Kafka tənhalığı ilə eynilik təşkil edir) eynilə mənə Kafka təsiri bağışlayır. Əsərlərdəki hər iki personaj bezgin və müəyyən işləri görməyə məcbur biridir. Düzdü, “Qaranlıqdakı adam” əsərində bu, müharibə ilə bağlı bir şeydir, Kafkada isə məişət məsələləri. Amma dediyim kimi, hər iki əsərin oxşar cəhətləri olduqca çoxdur. Bu oxşarlıqlar isə sadəcə təsirlənmədən yaranıb deyə düşünürəm.

Qabriel Qarsia Markesin də yaradıcılığında Kafka təsirinə rast gəlmək olar. Markes yaradıcılığa başladığı dönəmlərdə yazdığı ilk hekayələr də daha çox “kafkalaşma” var. Markesin özü belə sonradan bunu gizlətməyərək etiraf edib.

Ümumilikdə bir-birinə bənzəyən əsərlər çoxdur. Halbuki bunlar dünyaca məşhur əsərlərdir. İlk baxışda yanlış anlaşılıb plagiat da sayıla bilər.

Misal üçün, Voyniçin “Ovod” əsəri. Bu əsər çoxumuza tanışdır. Dünya ədəbiyyatının ən möhtəşəm əsərlərindəndir. Digər bir əsər - Kolin Makkalounun “Tikanlıqda şərqi deyənlər” əsərini. Hər iki əsəri oxuyandan sonra arasında əlaqələr gördüm.

Diqqətimi çəkən əsas bir məqam, sujet xətlərinin bir-birinə çox oxşamasıdır. Baş qəhrəmanların hər ikisi Papadan sonra ən yüksək titul sayılan din adamıdır.

Hər iki əsərdə qəhrəmanın insanlardan gizlətdiyi bir oğlunun olması və bu oğulların ölümlərin faciəvi şəkildə baş verməsi də diqqət çəkir. Başqa oxşarlıqlar da mövcuddur.

Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri, məncə, Nikolay Qoqolun “Müfəttiş” pyesinin təsirilə yazılıb. Buna bəzən plagiat da deyilib. Amma diqqətlə oxuyanda plagiatlıq nəsə olmadığı aydın şəkildə görünür. Hətta əsərlərində o, buna işarə də edib. “Qurbanəli bəy” hekayəsinin epiqrafına baxanda “Allah sənə rəhmət eləsin, Qoqol!” yazısını görə bilərik. Bu isə Cəlil Məmmədquluzadənin peşəkarlığından xəbər verir. Ola bilər ki, əsərin mövzusu götürülsün, fərqli üslubda yazılsın. Buna plagiat demək olmaz.

Buna misal olaraq da bir neçə əsər adı çəkə bilərik ki, mövzusu götürülsün, amma fərqli üslubda yazılsın. Yəni bir növ təsirlənmə. Şekspirin “Hamlet” əsəri, Hötenin “Faust”unun sujet xəttləri Kristofer Marlodan götürülmədir. Əsərləri oxuyanlar dediklərimi görə bilərlər.

Azərbaycan ədəbiyyatında da bu hallar var. Məsələn, Füzuli “Leyli və Məcnun” əsərinin mövzusunu Nizamidən götürdüyünü nəzərə alıb deyə bilərikmi bu plagiatdır? Sizcə də ədəbi günah olmazmı?

Paolo Koelyonun özünün də təsirləndiyi müəlliflər var. Adicə çoxumuzun bildiyi “Kimyagər” əsəri Luis Borxesdən təsirlənmədir.

Ümumilikdə isə intibah dövrü ədəbiyyatına nəzər salsaq və bir də qədim yunan ədəbiyyatından məlumatlı olsaq, bəzi əsərlərin mövzularının sonradan işləndiyini görə bilərik. Hətta deyilir ki, Ceyms Coys da “Uliss” əsərini Homerin “Odisseya”sı motivləri əsasında yazıb.

Əslində, təsir altında əsər yazmaq o qədər də problemli məsələ deyil. Yaradıcılıq üçün normaldır. Bəzən bilmədən belə, nə zamansa oxuduğun, təhtəlşüurunda yer almış hansısa əsərdən öz əsərində qeyd də edə bilərsən.

Məşhur yazıçı Orhan Pamukdan soruşmuşdular: “Deyilənə görə, siz Ekodan təsirlənirsiz. Doğrudurmu?” O isə cavabında: “Mən nəinki təsirlənirəm, hətta bəzi şeyləri oğurlayıram da” - demişdi.

 





19.11.2018    çap et  çap et