Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov müxalifətin Milli Şuranın vahd namizədi Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsinə münasibət bildirib.
Trend-in məlumatına görə, M.Pənahov jurnalistlərə bildirib ki, ikili vətəndaşlığın olmaması ilə bağlı tələb Azərbaycan Konstitusiyasının tələbidir: "Kim Azərbaycan prezidenti olmaq istəyirsə, Konstitusiyanın bir neçə tələbləri var və bu tələblərin əsaslarından biri odur ki, ikili vətəndaşlığı olan, digər ölkələr qarşısında öhdəliyi olan vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti ola bilməz. Yəni bu, Azərbaycan Konstitusiyasının tələbidir. Buna görə, bu məsələlərə qanunvericiliyin yol verdiyi şərtlər çərçivəsində baxılmalıdır. Burada başqa yol ola bilməz".
M.Pənahoov qeyd edib ki, Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya dünən daxil olub: "Bu gündən həmin sənədlərə baxılmaq mərhələsi başlayıb. Bizim üçün namizədin adının, familiyasının və yaxud da onun kimliyinin əhəmiyyəti yoxdur. Yəni Azərbaycan Respublikasının Prezidenti olmaq hüququ olan şəxs bu istiqamətdə addımlarını atmaqda azaddır və MSK-ya müraciət edə bilər. MSK qanunvericiliyin tələbinə uyğun olaraq bu addımları atacaq. Biz beş gün müddətinə bu məsələlərə baxmalıyıq və komissiya hansı qərara gələcəksə, onun şahidi olacaqsınız".
çap et