525.Az

Fransa və ABŞ-dan vasitəçiliyə yaraşmayan addım


 

SEPARATÇI REJİM RƏHBƏRİ BAKO SAAKYANIN ATƏT-in MİNSK QRUPUNUN BU İKİ HƏMSƏDR DÖVLƏTİNƏ SƏFƏRİNƏ ŞƏRAİT YARADILMASI RƏSMİ BAKININ ETİRAZI İLƏ QARŞILANDI

Fransa və ABŞ-dan vasitəçiliyə yaraşmayan addım<b style="color:red"></b>

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransa və ABŞ-a səfəri rəsmi Bakının etirazı ilə qarşılanıb.

Bildirilib ki, bu səfərlərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən ölkələr nəinki Azərbaycanla mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir.

Fransa və ABŞ-ın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri kimi obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır.

Xarici İşlər Nazirliyindən bildirilib ki, qondarma rejimin nümayəndəsinin ABŞ ərazisinə daxil olması və qondarma qurumun ABŞ ərazisində təşviqinə icazə verilməsi münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir.

Separatçı rejimin nümayəndələrinə ABŞ tərəfindən viza verilməsi ABŞ-ın viza prosedurları barədə ciddi suallar doğurur. Qəribədir ki, ABŞ tərəfindən viza verilməsinin liberallaşdırılması yanaşması keçmiş Sovet İttifaqı məkanındakı digər qanunsuz qurumlara münasibətdə yox, yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun rəhbərliyinə münasibətdə tətbiq edilir.

Azərbaycan ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsində əli olan, müharibə cinayətkarı olan bu kimi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq olunmalıdır.

Qondarma rejimin təşviqinə yönələn bu qəbildən olan addımlar Fransa kimi ABŞ-ın da Azərbaycanla münasibətlərdə səmimiliyi barəsində suallar yaradır.

Məsələ ilə bağlı fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən B.Saakyanın Fransadan sonra ABŞ-a səfəri əlavə sullara yol açır. O, SİA-ya bildirib ki, hər iki həmsədr dövlətin atdığı addımlar beynəlxalq hüququn normalarına sığmır: "Bu, çox qəribədir. Özü də bu o zaman baş verir ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Daha sonra NATO-nun zirvə toplantısı post-sovet məkanındakı bütün münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsini müzakirə edir və xüsusi bəyanat qəbul edir. Avropa Şurası isə çoxdan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Eləcə də ATƏT-in Lissabon Sammiti ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qərar qəbul edib. İndi bu qərarlara, BMT-nin dörd qətnaməsinə məhəl qoymadan, özləri separatçılığa qarşı mübarizənin zərurliyindən dəm vuran ölkələr separatçı bir qurumun rəhbərliyini dilənçilik etmək, yardım toplamaq üçün öz ərazilərinə buraxırlar. Fransaya da onlar erməni diasporuından pul yığmaq üçün getmişdilər. İndi isə ABŞ-a yollanıblar. Onların çox məkrli niyyətləri var. Əsas məsələ odur ki, dünya düzəninin qorunmasına daha çox qayğı göstərdiklərini iddia edən dövlətlər gözümüzün qarşısında beynəlxalq hüququn pozulmasına tipik nümunə ola biləcək bir hərəkətlərə şərait yaradırlar. Görünür, Azərbaycan tərəfi bu məsələyə son qoymaq üçün başqa addımlar atmalıdır".

Politoloq İlqar Vəlizadə isə bildirib ki, qondarma rejimin rəhbəri kimi özünü təqdim edən B. Saakyanın bundan əvvəl Fransaya və daha sonra ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupun fəaliyyətinə ləkədir. Onun sözlərinə görə, həmsədrlərin bəyanatları ilə fəaliyyətləri arasında kifayət qədər ziddiyyətli məqamlar var.

Bu cür səfərlərin Azərbaycanda ATƏT-in Minsk qrupunun fəaliyyətinə inamı daha da azaltdığını deyən politoloq təəssüflə qeyd edib ki, ölkəmiz tərəfindən həmsədrlərə bununla bağlı dəfələrlə müraciətlər olunsa da, onlar heç bir reaksiya verməyiblər: "Belə vəziyyətdə Minsk qrupunun iş əmsalı, real fəaliyyəti xeyli dərəcədə azalır. Qurumun qarşıya qoyduğu məqsədlərlə, atdıqları addımlar üst-üstə düşmür. Biz buna təəssüf edirik".

İ.Vəlizadə vurğulayıb ki, sözügedən səfərlər Azərbaycanla Fransa və ABŞ arasında münasibətlərə xələl gətirə bilər: "Qondarma rejimin məhz Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ölkələrə səfərlər etməsinin məqsədi öz varlığını göstərməkdir. Onlar bu addımlarını erməni ictimaiyyətinə rəsmi səfərlər kimi təqdim edərək, ölkələr arasında tanınmadıqlarına baxmayaraq, əslində, vəziyyətin başqa cür olduğunu, səfər etdikləri ölkələrlə "xarici siyasət" apardıqlarını nümayiş etdirməyə çalışırlar. Lakin ən pisi həmsədr ölkələrin qondarma rejimə öz istədiklərini deməyə imkan yaratmasıdır".

Separatçı rejimin Fransa və ABŞ-a səfər zamanı onlardan maliyyə dilənçiliyi etməsi məsələsinə gəlincə politoloq qeyd edib ki, qondarma rejim bu ölkələrin rəsmi dairələrindən maliyyə yardımı istəyə bilməz.

Minsk qrupunun tərkibin dəyişdirilməsi məsələsinə gəlincə İ.Vəlizadə bildirib ki, bunu etmək üçün konsensus olmalıdır: "Minsk qrupunun bütün üzvləri həmsədr ölkələrin dəyişdirilməsinə razı olmalıdır. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi öz kəskin narazılığını bildirərək, problemin həlli üçün başqa imkanlarının mövcudluğu məsələsini ortaya qoyur".

Xatırladaq ki, separatçı rejimin rəhbəri B.Saakyan noyabrın 14-də Fransaya, noyabrın 16-da isə ABŞ-a səfər edib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





20.11.2018    çap et  çap et