525.Az

ABŞ və Fransadan separatçılara ikili yanaşma


 

HƏMSƏDR DÖVLƏTLƏR DAŞIDIQLARI VASİTƏÇİLİK STATUSUNA ZİDD DAVRANIŞLARI İLƏ DANIŞIQLAR PROSESİNİ CİDDİ ŞƏKİLDƏ ZƏDƏLƏYİR

ABŞ və Fransadan separatçılara ikili yanaşma<b style="color:red"></b>

Uzun müddətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan və fəaliyyətlərində heç bir müsbət nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri qondarma rejimin təbliği ilə məşğul olmağa başlayıblar.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində Dağlıq Qarabağda yaradılan separatçı qurumun rəhbəri Bako Saakyanın Fransa və ABŞ-a səfərinə şərait yaradılması bunu təsdir edir. Halbuki beynəlxalq birlik tərəfindən tanınmayan Cənubi Osetiya, Abxaziya, Dnestryanı, Donetsk, Luqansk kimi postsovet məkanında mövcud olan separatçı rejimlərin nümayəndələrini heç bir halda ölkəsinə buraxmayan bu böyük dünya dövlətləri erməni separatçılarına münasibətdə fərqli mövqe sərgilməsi ikili standartlar siyasətinin davam etdirilməsindən xəbər verir. Həmsədr dövlətlər daşıdıqları vasitəçilik statusuna zidd olaraq, bu cür fəaliyyətlər həyata keçirməklə danışıqlar prosesini ciddi surətdə zədələyirlər. Həmçinin, qanunsuz rejimin nümayəndələrini qəbul edən ölkələr nəinki Azərbaycanla mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir.

Fransa və ABŞ-ın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri kimi obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır.

Məsələ ilə bağlı fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, Fransa ilə ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və bu ölkələr daimi üzv kimi üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər. O, SİA-ya bildirib ki, BMT Təhlükəsizlik Şurasının üzvlərinin funksiyasına təşkilatın nizamnaməsinin VI və VII fəsillərində yer alan müddəalar daxildir: "Bu müddəalar separatizmə, işğala qarşı birmənalı mövqe sərgiləməyi zəruri edir".

Hər iki dövlətin ATƏT-in Minsk qrupunun həmsədr dövləti olduğunu xatırladan politoloq hesab edir ki, bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi kimi üzərlərinə götürdükləri öhdəliklərə görə, tərəfsizlik nümayiş etdirməlidirlər: "İşğal altında olan Azərbaycan ərazilərində formalaşdırılan qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfərinə şərait yaradılması bu prinsiplərə ziddir. Digər tərəfdən, bu, həm də pasport haqqında dünyada qəbul olunan beynəlxalq konvensiyalardan irəli gələn normaların kobud şəkildə pozulmasıdır".

E.Mirzəbəyli qeyd edib ki, ilk növbədə bu prosesdə günahkar tərəf ABŞ-ın xarici siyasət idarəsidir: "Bütün hallarda bu şəxsə ABŞ tərəfindən viza verilməli deyil. Bu viza qeyri-qanunidir. İndiki halda, məsuliyyət bu səfərin reallaşmasına şərait yaradan şəxslərin üzərinə düşəcək. Bu da şübhəsiz ki, ABŞ-ın həm regionda, həm Azərbaycanda nüfuzuna, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi həyata keçirdiyi missiyaya kifayət qədər ciddi zərbə vurur, tərəfsizliyi şübhə altına alır". Politoloq əlavə edib ki, B.Saakyanın ABŞ və Fransa səfərləri bütövlükdə Minsk prosesinə vurulan zərbədir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə bildirib ki, qondarma rejimin rəhbəri kimi özünü təqdim edən B. Saakyanın Fransa və daha sonra ABŞ-a səfərini təxribat xarakterli layihə kimi qəbul etmək olar.

Deputat qeyd edib ki, bu gün Ermənistan Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmaqdan imtina edir və yeni hakimiyyət Azərbaycan torpaqlarının işğalçılıq siyasətini davam etdirir.

A.Mirzəzadənin sözlərinə görə, ATƏT-in Minsk qrupunun bu məsələdə aktiv rola malik olmasına baxmayaraq, çox təəssüf ki, bəzi hallarda ya işğalçı dövlətin tərəfini tutur, ya da onun apardığı təxribatçı siyasətə dəstək verir: "Həm ABŞ, həm Fransa Bako Saakyanın kim olduğunu yaxşı bilir. Bu baxımdan əllərində olan hüquqi imkanlardan istifadə edərək, Saakyanı ya həbs edərək Azərbaycana ekstradisiya etməli, ya da onun səfərinə mane olmalı idilər. Amma çox təəssüf ki, bunların heç biri baş vermədi. Hətta Saakyan öz həyasızlığına salaraq hər iki ölkədə seçkili orqanların nümayəndələri ilə də görüş təşkil etməyə nail olub".

Milli Məclisin komitə üzvü bildirib ki, bu məsələyə Azərbaycan biganə qala bilməz: "Artıq Fransaya etiraz notası göndərilib. Eyni zamanda, biz ABŞ-dan nəyə görə bu məsələyə göz yumduğunu, nəyə görə Azərbaycan torpaqlarının işğalında iştirak edən və bu gün həmin torpaqda qeyri-qanuni hakimiyyət həyata keçirən şəxslərə qarşı belə liberal münasibət göstərdiyinin səbəbini soruşuruq. Beynəlxalq hüquq ikili standartlıqla izah edilə bilməz. Bu baxımdan hər iki ölkə ATƏT-in Minsk qrupunun həmsədrləri kimi öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər".

Deputat Elman Məmmədov isə bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən B.Saakyanın Fransadan sonra ABŞ-a səfər etməsində bu iki həmsədr dövlət məsuliyyət daşıyır. Onun sözlərinə görə, indi Fransanın Azərbaycandakı səfiri qeyri-səmimi, gülünc bir münasibət bildirib ki, bu, Fransa dövlətinin mövqeyi deyil: "Bu zaman sual ortaya çıxır: bəs onda bu, kimin mövqeyidir? Axı sənin dövlət sərhədlərini keçib və ölkənə cinayətkar, terrorçu daxil olub. Əgər sənin rəhbərliyin buna icazə vermirsə, Saakyan Fransaya necə gələ bilər? Eləcə də bunu ABŞ-a şamil edə bilərik".

E.Məmmədov hesab edir ki, ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərin hər üçü ermənipərəst mövqe tutur: "Onların bu illər ərzində məqsədi Azərbaycan torpaqlarını işğal altında saxlamağı davam etdirmək olub. Bu yolla Azərbaycanı məcbur etmək istəyiblər ki, ölkəmiz Dağlıq Qarabağı ermənilərə güzəştə getsin. Ancaq bunların o xam xəyalları öz ürəylərində qalıb və buna nail ola bilməyiblər".

"Həmsədr dövlətlər yalandan qondarma rejimi tanımadıqlarını deyirlər. Axı tanımaq necə olur? Sən bu qondarma quruma rəhbərlik edən hərbi cani, cinayətkar Bako Saakyanı dəvət edirsənsə, onunla müxtəlif səviyyələrdə görüşlər keçirirsənsə, bəs bu tanımaq deyil? Yəni bunun başqa bir adı yoxdur. İndi də bunlar bütün diplomatik, etik normaları pozaraq separatçı, cinayətkar qurumun nümayəndələrini dəvət edirlər, onlarla alış-veriş edirlər, sövdələşirlər. Bu o deməkdir ki, bunlar uzun illər boyu Azərbaycana qarşı riyakarlıq edirlər və qeyri-səmimidirlər", - deyə deputat qeyd edib.

E.Məmmədov əlavə edib ki, 1992-ci ildən bugünə qədər ABŞ hər il həmin qondarma, separatçı quruma maliyyə yardımı ayırır: "Əgər qondarma qurumu tanımırsansa, niyə o zaman onlara pul ayırırsan?"
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





21.11.2018    çap et  çap et