Ümumilikdə 2004-2012-ci illər ərzində ölkədə 15 milyon 137 min kvadratmetr yaşayış sahəsi tikildi.
525.az saytı bu günlərdə istifadəyə verilmiş “president-az.com” saytına istinadən xəbər verir ki, son 10 il ərzində 15 milyon kvadratmetrdən çox mənzil sahəsi tikilərək istifadəyə verilib.
Saytda son illərdə tikinti-quruculuq sahəsində görülmüş işlər də öz əksini tapıb. Son 10 il ərzində mənzil tikintisi ilə bağlı aparılmış araşdırmanı təqdim edirik:
Azərbaycanda Prezident İlham Əliyevin ötən 10 illik hakimiyyəti dövründə yaşanan tikinti bumu bütün ölkə boyu yaşayış binalarının, fərdi evlərin və bağ evlərinin tikintisinin geniş vüsət alması ilə müşayiət olundu. Müasir görkəmli çoxmərtəbəli yaşayış binalarının tikintisi və mənzil satışı ilə məşğul olan çoxsaylı yerli şirkətlər yarandı. Digər tərəfdən, əhalinin gəlirlərinin artması və ölkənin ümumi iqtisadi inkişafı vətəndaşlar tərəfindən fərdi yaşayış evlərinin tikintisinin də geniş miqyas almasına səbəb oldu.
2003-cü ildə Azərbaycanda 1 milyon 339 min kvadratmetr yaşayış sahəsi tikilib istifadəyə verilmişdi. Bunun 757 min kvadratmetri vətəndaşların şəxsi vəsaitləri hesabına tikilmişdi. 2004-cü ildə ölkədə tikilib istifadəyə verilən yaşayış sahələrinin həcmi 1 milyon 360 min kvadratmetrə yaxın oldu. 2005-ci ildə ölkədə 1 milyon 600 min kvadratmetrə yaxın yaşayış sahəsi tikilmişdi.
2006-cı ildə bu göstərici 1 milyon 580 min kvadratmetrdən çox, 2007-ci ildə isə 1 milyon 620 min kvadratmetrə yaxın oldu. 2008-ci ildə ölkədə 1 milyon 845 min kvadratmetr yaşayış sahəsi tikilib istifadəyə verilmişdi, bunun 1 milyon 81 min kvadratmetri vətəndaşların şəxsi vəsaitləri hesabına tikilmişdi.
Azərbaycanda tikilib istifadəyə verilən yaşayış sahələrinin həcminə dair göstəricilər sonrakı illərdə də təxminən bu səviyyədə qaldı, 2010 və 2011-ci illlərdə isə həmin göstərici 2 milyon kvadratmetrdən çox oldu. 2011-ci ildə vətəndaşların öz vəsaitləri hesabına tikdikləri yaşayış sahəsinin həcmi rekord həddə çataraq 1 milyon 600 min kvadratmetri keçmişdi. 2012-ci ildə isə 1 milyon 748 min kvadratmetrə yaxın yaşayış sahəsi tikilib istifadəyə verildi. Ümumilikdə 2004-2012-ci illər ərzində ölkədə 15 milyon 137 min kvadratmetr yaşayış sahəsi tikildi. Bunun 10 milyon kvadratmetrdən çoxu vətəndaşların şəxsi vəsaitləri hesabına tikilmiş yaşayış sahələrinin payına düşür.
Bununla da Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 10 il ərzində dövlət tərəfindən Qarabağ əlillərinə, müharibə veteranlarına, qaçqın və məcburi köçkünlərə, digər sosial qruplara tikilən yaşayış evləri ilə yanaşı, ölkənin digər vətəndaşları da öz gəlirləri hesabına milyonlarla kvadratmer mənzil almaq, habelə fərdi evlər inşa etmək imkanı qazandı.
çap et