525.Az

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda


 

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda <b style="color:red"></b>

Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda iştirak edir.

AZƏRTAC xəbər verir ki, "Dialoqa sadiqlik: Qarşısıalınma və davamlı sülh naminə əməkdaşlıq" şüarı altında keçirilən forumun əsas məqsədi ölkələr, xalqlar və icmalar arasında sülh və əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün resursların səfərbər edilməsi və dünyada son illər sürətlə artan ayrı-seçkilik, rasizm, ksenofobiya, müxtəlifliyə dözümsüzlük fonunda dialoqa və sülhə sadiqliyi vurğulamaqdır.

Noyabrın 19-da forumun açılış mərasimində BMT-nin baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, İspaniya və Türkiyənin xarici işlər nazirləri çıxış ediblər.

Forumda nazir Əbülfəs Qarayevin Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, cari ildə "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi mövzusunda çıxışı, həmçinin BMT rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndənin iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında 7-ci Qlobal Forumu 2016-cı il aprelin 25-27-də Bakıda keçirilmişdir.

Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir ilə də görüşüb.

Görüşdə Alyansın dünya miqyasında həyata keçirdiyi fəaliyyətlər, xüsusilə Prezident İlham Əliyevin "Bakı prosesi" təşəbbüsünün və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olması barədə fikir mübadiləsi aparılıb.

Nasir Əbdüləziz Əl-Nasir ölkə rəhbərliyinin bu istiqamətdə təşəbbüslərini yüksək qiymətləndirdiyini, tərəfdaşlığın əhəmiyyətini, eləcə də 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun beynəlxalq səviyyədə müsbət əks-səda yaratdığını qeyd edib.

Nazir Əbülfəs Qarayev 2019-cu ildə ölkəmizdə keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinin başlanıldığını və forumun işində BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

 





21.11.2018    çap et  çap et