525.Az

Ekspert Bakı-Minsk hərbi-texniki əməkdaşlığı barədə: “Bu, geosiyasi baxımdan da vacibdir”


 

Ekspert Bakı-Minsk hərbi-texniki əməkdaşlığı barədə: <b style="color:red">“Bu, geosiyasi baxımdan da vacibdir”</b>

"Azərbaycanın dövlət başçısının Belarusa səfəri böyük əhəmiyyət daşıyır. Bizim bu ölkə ilə qarşılıqlı münasibətlərimizi inkişaf etdirmək çox vacibdir".

Bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan prezidentinin Belarusa rəsmi səfəri, imzalanmış sənədlər, xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın inkişafını nəzrədə tutan sazişi şərh edərkən bildirib.

O deyib ki, iki ölkənin münasibətləri ardıcıl şəkildə inkişaf edir və bunun üçün səbəblər də var: "Belarus güclü və möhkəm bir dövlətdir. Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) üzvüdür. Minsk ilə Bakı arasında əməkdaşlığın inkişafı göstərir ki, Azərbaycan geosiyasi arenada Ermənistandan daha çox nüfuza malikdir. Praktiki olaraq, bu addımlar və qarşılıqlı münasibətlər Ermənistanın KTMT-dən Dağlıq Qarabağ məsələsindən öz məqsədləri üçün istifadə etməsi imkanlarını minimuma endirib.

Həmçinin, qeyd etmək lazımdır ki, Qarabağ məsələsində Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın haqlı mövqeyini müdafiə edir və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Yəni Belarusla dostluq əlaqələrinin inkişafı yalnız fayda gətirəcəkdir".

Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın səviyyəsinə toxunan ekspert  deyib ki, iki ölkə illərdir ki, tərəfdaşdırlar: "Hərbi-texniki sahədə əməkdaşlığımız inkişaf edir. Biz buna qədər də Belarus silah-sənaye kompleksi tərəfindən istehsal olunan müxtəlif silahlar almışıq. Onlardan sonuncu aldığımız "Polonez" raketləridir. Ermənistan onda "Polonez" raketlərinin Azərbaycana tədarükünə qarşı çıxdı. Lakin Ermənistanın bu razılaşmanın qarşısını almağa çalışması cəhdlərinə baxmayaraq, bu, baş verdi, "Polonez" Bakıya gəldi və hərbi paradda nümayiş etdirildi".

Ş.Ramaldanov əlavə edib ki, iki ölkənin hərbi-sənaye kompleksləri arasında gələcəkdə bir sıra hərbi məhsulların birgə istehsalı ilə bağlı müəyyən razılaşmalar mövcuddur: "Qeyd etmək istərdim ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan prezidenti İlham Əliyev çıxışında bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinə gələcəkdə də ən qabaqcıl, yeni texnikaların alınması davam edəcəkdir. Bunun  Minskdə əldə edilmiş razılaşmalardan çıxış edərək, prinsipcə həyata keçirildiyini söyləyə bilərik".

Ehtiyatda olan polkovnik əlavə edib ki, Azərbaycanın diqqətini havadan müdafiə sistemi cəlb edib: "Azərbaycanın havadan müdafiə sisteminin bəzi komponentləri köhnəlib və biz Belarusun köməyi ilə onları modernləşdiririk. Azərbaycanda mövcud sovet istehsalı olan havadan müdafiə sisteminin son radar qurğuları alınacaq. Bundan əlavə, havadan müdafiəetmə sisteminin təkmilləşdirilməsi planlaşdırılır.

Qeyd etmək istərdim ki, Belarus və Çin birgə havadan müdafiə sistemini inkişaf etdirməyə və bu sahədə istehsala başlayıblar. Bu isə Azərbaycanın havadan müdafiə sistemi ilə bağlı tələblərinə cavab verir.  Belarus öz məhsullarını Avropa ölkələrinə nisbətən daha əlverişli qiymətlərlə təklif edir. Buna görə də Azərbaycan Silahlı Qüvvələrinin havadan müdafiə sistemi imkanlarını gücləndirmək üçün ən son hava müdafiə sistemlərini, ən son yeni məhsulları alacaq".

Ekspert xatırladıb ki, Belarus Venesuelada havadan müdafiə sistemini tamamilə qurdu, məhsullarla bu ölkənin havadan müdafiə sistemini təmin etdi: "Yəni bu təcrübə var. Təbii ki, Azərbaycan belaruslu mütəxəssislərin bu təcrübəsindən yararlanır. Beləliklə, hərbi texniki əməkdaşlıq davam edəcək. Qeyd etmək lazımdır ki, geosiyasi baxımdan hərbi-texniki əməkdaşlıq vacibdir".

Ekspert  Ermənistanda tez-tez səsləndirilən Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası vəziyyətində KTMT-nin onlara kömək edə biləcəyinə dair bəyanatlara da münasibət bildirib: "Ermənistan rəhbərliyi daim öz xalqını aldadıb və iddia edir ki, Azərbaycan hərbi əməliyyatlara başlayırsa, onda Ermənistan KTMT-nin xidmətlərindən istifadə edəcək. Ancaq son hadisələr, KTMT baş katibi vəzifəsinə Ermənistan nümayəndəsinin təkrar irəli sürülməsindən imtina edilməsi Yerevanın bu təşkilata bütün ümidlərini puç etdi. Nəticədə baş katib vəzifəsi Belarusa keçəcək. Bu, həm də  böyük siyasi əhəmiyyətə malik hadisədir".

Qeyd edək ki, Azərbaycan prezidentinin Belarusa rəsmi səfəri zamanı iki ölkə arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalanıb. Bu, Anlaşma Memorandumundan çıxış edərək Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulub. Bundan əvvəl Azərbaycan Belarusdan "Polonez" raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələri alıb. Prezident İlham Əliyev bununla bağlı bildirib ki, bu memorandum qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu sənəddən dərin narahatlığını ifadə edib. O, bu sənədin Ermənistanın maraqlarına qarşı yönəldildiyini və KTMT-də əməkdaşlıq ruhuna zidd olduğunu deyib: "Daha əvvəl dediyim kimi, bu mərhələdə ən vacib vəzifələrdən biri aşağıdakılardır: bizə izahat verilməlidir. Hər bir ölkə üçün hərbi-siyasi partnyorunun, üzv olduğu təşkilatlardakı dövlətlərin və təşkilatın həmin ölkələr qarşısında öhdəliklərinin nədən ibarət olduğu aydınlaşmalıdır". O qeyd edib ki, Ermənistan öz müttəfiqlik öhdəliklərini tam yerinə yetirir, təəssüf ki, bir sıra digər tərəfdaşlar barəsində bunu demək mümkün deyil.

PƏRVANƏ

 





22.11.2018    çap et  çap et