525.Az

Bakı-Minsk əməkdaşlığı yeni mərhələdə


 

"AZƏRBAYCAN-BELARUS MÜNASİBƏTLƏRİ BƏRABƏR HÜQUQA, QARŞILIQLI HÖRMƏTƏ VƏ FAYDALI ƏMƏKDAŞLIĞA SÖYKƏNİR"

<b style="color:red">Bakı-Minsk əməkdaşlığı yeni mərhələdə</b>

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Belarusa reallaşdırdığı səfər imzalanan bir sıra sənədlər, verilən ciddi mesajlarla yadda qalıb.

İki ölkə arasındakı sıx münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin həmkarı Aleksandr Lukaşenko ilə apardığı danışıqlar əməkdaşlıq əlaqələrin gələcək dövrü üçün geniş perspektivlər vəd edir.

Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan və Belarus prezidentlərinin görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam etdi. Bu, iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir.

Səfər çərçivəsində təkbətək görüşün ardınca dövlət başçılarının rəhbərliyi altında geniştərkibli görüş keçirilib. Bu görüşdə hər iki tərəfdən baş nazirin müavinləri, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd-təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir. Prezidentlərin görüşünün yekunu olaraq, iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı"dır. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi öz əksini tapıb.

Sənədlərin imzalanma mərasimindən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Belarus beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyir: "Bu dəstək avtomatik xarakter daşıyır. Hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin, ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir". 

Prezident qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın istiqamətlərindən biri də hərbi-texniki sahədir: "Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək".

A.Lukaşenko isə qeyd edib ki, Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaq: "Biz ölkələrimiz arasında tərəfdaşlığın strateji xarakterini, ikitərəfli münasibətlərdə problemlərin qətiyyən olmadığını, yalnız xoş məramı və bizim birgə əməkdaşlıq səylərimizi təsdiq etdik".

A.Lukaşenko bildirib ki, əsrin dörddəbiri ərzində ölkələrimiz dövlətlərarası qarşılıqlı fəaliyyətin qurulmasında xeyli irəliləyib: "Buna müntəzəm dialoq, o cümlədən, yüksək səviyyədə dialoq kömək edib. Mən prezident həmkarımla görüşlərin etimada əsaslanan, səmimi ab-havasını çox yüksək qiymətləndirirəm. Biz beynəlxalq gündəliyin istisnasız olaraq bütün məsələlərini açıq və məhsuldar müzakirə edirik... Əldə olunan razılaşmalar bu əməkdaşlığın artırılmasına əlavə impuls verməyə kömək edəcək".

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, dövlət başçısının Belarusa növbəti rəsmi səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqləyib. O, "Trend"ə bildirib ki, bu səfər bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan və Belarus prezidentləri arasında, iki dövlət və iki xalq arasında çox sıx dostluq münasibətləri mövcuddur və münasibətlər bərabər hüquqa, qarşılıqlı hörmətə və qarşılıqlı faydalı əməkdaşlığa söykənir: "Bu səfər, eyni zamanda, göstərib ki, siyasi dialoq sahəsində əlaqələr çox yüksək səviyyədədir. İqtisadi, ticarət əlaqələrimiz son il ərzində 3,5 dəfə artıb və çox geniş perspektivi var. Humanitar əlaqələrimiz dinamik inkişaf tempinə malikdir. Eyni zamanda, Belarusla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq məsələləri yüksək səviyyəyə gəlib çatıb".

Deputatın fikrincə, bu səfər çərçivəsində aparılan müzakirələr bir daha göstərib ki, Belarus Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində prinsipial və dəyişməz mövqeyə malikdir: "Həmin mövqe ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik prinsipi əsasında həllini tapmalıdır".

E.Nəsirov qeyd edib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq münasibətləri də çox yüksək səviyyəyə çatıb: "Bu nöqteyi-nəzərdən Belarusun Azərbaycana "Polonez" raket komplekslərini satması Azərbaycanın müdafiə sisteminin kifayət qədər güclənməsinə gətirib çıxarır və bu da Ermənistanda çox ciddi qorxu və təlaş yaradır".

Deputat əlavə edib ki, Azərbaycan və Belarus beynəlxalq təşkilatlar çərçivəsində də aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyir.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, Prezident İlham Əliyevin Belarusa səfəri və bu səfər çərçivəsində qəbul edilmiş birgə qərarlar, eləcə də imzalanmış sənədlər iki ölkə arasında uzun illərə söykənən dayanıqlı münasibətlərin məntiqi nəticəsidir: "Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 6 bəndlik memorandum, o cümlədən, iki ölkə prezidentlərinin görüşlərinin protokol ilə nəzərdə tutulmuş vaxtından daha çox keçməsi belə deməyə əsas verir".

Baş redaktor qeyd edib ki, bu görüşdə bütün sahələri əhatə edən müxtəlif məsələlər barədə danışılıb və ən əsası, Belarusun ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli aspektlərdən diqqəti cəlb edib: "Eyni zamanda, Prezident İlham Əliyevin Belarusa 5 dəfə, Belarus prezidenti Aleksandr Lukaşenkonun isə Azərbaycana 4 dəfə rəsmi səfər etməsi dövlət başçılarının mütəmadi olaraq sıx əlaqə saxladıqlarını göstərir. Bu gün Belarus istər MDB məkanında, istərsə də dünyada öz iqtisadiyyatı, sənayesi, xüsusilə hərbi sənayesi ilə özəl çəkiyə malik ölkələrdən hesab olunur. Əbəs deyil ki, Lukaşenko dövlət başçımızla görüşündə Azərbaycanın Belarus üçün etibarlı strateji tərəfdaş olduğunu vurğulayıb və qeyd edib ki, Belarus Azərbaycanla dostluğu və əməkdaşlığı yüksək qiymətləndirir. O cümlədən, Aleksandr Lukaşenko Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazır olduqlarını bildirib ki, burada təhlükəsizlik, hərbi və strateji məsələlər də yer almaqdadır".

B.Quliyev deyib ki, ölkələrimiz arasındakı münasibətlərin məhz bu istiqamətdə qurulması yüksək etimadın göstəricisi kimi qiymətləndirilməlidir: "Belarus Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında əsas söz sahiblərindən biridir və hər zaman regional məsələlərdə Azərbaycanın ədalətli mövqeyindən çıxış edir. Bu faktor yaxınlarda da öz təsdiqini tapıb. Diqqət yetirsək görərik ki, Ermənistanın KTMT-də boş qalmış yeri məsələsində işğalçı ölkənin növbəti namizədinin irəli sürməsi iddiasına Belarus Qazaxıstanla birgə qəti mövqe sərgiləyib və həmin mövqe qurumun sammitində erməniləri ciddi şəkildə məyusluğa uğradıb".

Ceyhun ABASOV

 





22.11.2018    çap et  çap et