525.Az

Borçalıda tarixi adların bərpası yolları müzakirə olundu


 

GÜRCÜSTANDAKI PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURUNDA İŞTİRAK HÜQUQU QAZANAN SALOME ZURABİŞVİLİ VƏ QRİQOL VAŞADZEYƏ MÜRACİƏT ÜNVANLANDI

Borçalıda tarixi adların bərpası yolları müzakirə olundu <b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində gürcüstanlı soydaşlarımıza məxsus tarixi adların bərpası yollarına həsr olunmuş tədbir keçirilib.

Tədbirin təşkilatçısı Kamran Ramazanlı giriş sözü ilə çıxış edərək, Gürcüstanda yaşayan azərbaycanlılara qarşı ikili yanaşmanın tətbiq olunduğunu, ayrı-seçkilik edildiyini bildirib: "Gürcüstan Avropa İttifaqına doğru gedir. Milli azlıqlarla bağlı bütün qanunları ratifikasiya edib. Ancaq burada ikili yanaşma, azərbaycanlılara qarşı ayrı-seçkilik özünü göstərir. Tarixi adlar qondarma sözlərlə əvəz olunur. Bu, diskriminasiyanın ən eybəcər formasıdır". O xatırladıb ki, gürcüstanlı soydaşlarımıza məxsus yer adlarının dəyişdirilməsi prosesinə 1940-1950-ci illərdən başlanılıb: "Nəticədə, 1947-ci ildə Borçalının adı dəyişdirilərək "Marneuli" adlandırılıb. Tarixi adların dəyişdirilməsi 1989-1992-ci illərdə daha eybəcər formada aparılıb. Həmin dövrdə hakimiyyətdə olanlar soydaşlarımızın kompakt yaşadıqları Bolnisi rayonunda kəndlərin tarixi adlarını dəyişdirmək üçün təzyiq vasitələrinə əl atıblar. Yerli əhalinin, yəni azərbaycanlıların bu prosesdən xəbəri olmayıb. Mərkəzi hakimiyyət orqanlarının yerli icra nümayəndəliklərinə (kənd sovetləri) təzyiqlərləri nəticəsində kəndlərin sakinləri adından saxta protokollar tərtib olunub. Əslində isə kənd sovetləri və 2-3 nəfər əlaltı xəyanət yolu ilə, gizli şəkildə bu prosesi həyata keçiriblər".

K.Ramazanlı qeyd edib ki, yalnız Arıxlı kənd soveti protokola imza atmaqdan imtina edib, bu prosesə mane olmağa çalışıb: "Etirazlara baxmayaraq, Gürcüstan hakimiyyəti Bolnisi rayonun 33 kəndinin, o cümlədən, Faxralı, Arıxlı, Kəpənəkçi, Saraclı, Muğanlı kəndlərinin adlarını, habelə çay və dağ adlarını dəyişdirməyə nail olublar. Həmin dövrdə yaradılan "Qeyrət" Xalq Hərəkatının Gürcüstanın eks-prezidenti Eduard Şevarnadzeyə dəfələrlə müraciət etməsinə baxmayaraq, bu istiqamətdə heç bir qərar qəbul olunmayıb".


Bütün bu proseslərə biganəlikdən şikayət edən K.Ramazanlı SSRİ məkanında tanınmış şəxsiyyət olan Nəriman Nərimanovun adının Marneuli Mədəniyyət Evindən götürüldüyünü deyib: "Gürcüstan azərbaycanlıları Nərimanov adına Mədəniyyət Evində tədbir keçirmək üçün Marneuli İcra Hakimiyyətinə müraciət ediblər. Lakin icra başçısı bildirib ki, burada Nərimanovun adına heç bir mədəniyyət evi yoxdur".

Tədbir təşkilatçısı qeyd edib ki, buna görə Marneulidə yaşayan azərbaycanlılar imzatoplama kampaniyası keçiriblər: "Marneuli sakinləri mədəniyyət evinə Nərimanovun adının qaytarılmasını tələb ediblər. Lakin müvafiq qurumlar bu müraciətmizə heç bir cavab verməyib. Halbuki Tiflisdə anadan olan, uzun müddət Gürcüstanda fəaliyyət göstərən Nəriman Nərimanovun siyasi xadim, yazıçı, həkim kimi böyük xidmətləri nəzərə alınmalıydı. Lakin yerli hakimiyyət Nərimanovun adına mədəniyyət evinin olmasını qəbul etmək istəmir. Bunun əksinə olaraq Gürcüstan hakimiyyəti Marneuliyə heç bir aidiyyatı olmayan Stepan Şaumyanın adına qəsəbə salıb".

K.Ramazanlı bildirib ki, bu ayrı-seçkiliklə bağlı bütün instansiyalara müraciət olunacaq: "Yenidən imzatoplama kampaniyasına başlayacağıq. Müraciətimiz ilk növbədə Gürcüstan rəhbərliyinə ünvanlanacaq. Nəticə verməsə, Avropa instansiyalarına üz tutacağıq".

Bolnisinin Arıxlı kənd sakini Dilqəm Tanriverdiyev isə bildirib ki, Bolnisi rayonunda adların dəyişdirilməsinə 90-cı ilin avqustunda başlanılıb: "Əhalinin, rayon bələdiyyəsinin etirazlarına baxmayaraq, əksər kəndlərin adı dəyişdirilib. Yalnız Arıxlının kənd soveti buna etiraz edib. 1993-cü ilin axırı 15000 imza ilə mənim adımdan Gürcüstan prezidentinə və parlamentinə müraciət ünvanlanıb. Lakin heç bir tədbir görülməyib. Biganəlik səbəbindən problemlərimiz həll olunmur. Sual olunur: nə üçün Gürcüstan Zaqatalada yaşayan milli azlıqların hüquqlarını müdafiə edə bilir, biz isə əlacsız qalırıq?"

Professor Hidayət Nuriyev isə qeyd edib ki, Borçalının başına gələnlər siyasi oyunların nəticəsidir: "Nadir şahın vaxtında Qazax və Borçalı  Kartli-Kaxetiyanın nəzarətinə verilib. Sonradan Qazax qaytarılsa da, Borçalı orada qalıb".

Borçalının böyük alimlər, dahi şəxsiyyətlər yetişdirdiyini deyən professor bildirib ki, Gürcüstan azərbaycanlıları həmişə orada gedən proseslərdə aktiv iştirak ediblər: "Bunları unutmaq olmaz. Hər şeyi gürcülərin yadına salmaq lazımdır. Biz həmrəylik göstərək öz hüquqlarımızın təmin olunmasını tələb etməliyik".

H.Nuriyev qeyd edib ki, 2011-ci ildə Gürcüstan hakimiyyəti Marneulidə daha 14 kəndin adını dəyişdirmək istəyib: "Reyestr xidmətində artıq adlar dəyişdirilmişdi. 41 nəfər borçalı ziyalısı, o cümlədən, mərhum xalq şairi Zəlimxan Yaqub o vaxtkı prezident Mixail Saakaşviliyə müraciət etdi və proses dayandırıldı".

Professor deyib ki, Azərbaycan dövləti, Heydər Əliyev Fondu və SOCAR Gürcüstanda yaşayan soydaşlarımıza daim dəstək göstərir: "SOCAR Gürcüstan universitetlərində 3 minədək azərbaycanlı tələbənin təhsil haqqını qarşılayır".

Bununla belə Gürcüstan azərbaycanlılarının təhsil problemlərinin hələ də qaldığını deyən H.Nuriyev 20-yə yaxın Azərbaycan parlamentinin üzvü ilə görüşdüklərini, təhsil məsələlərini qaldırdıqlarını bildirib.

Daha sonra filosof Asif Bayramov çıxış edərək qeyd edib ki, Gürcüstan azərbaycanlılarının problemləri daim diqqətdə saxlanılmalı, hətta siyasi müstəviyə çıxarılmalıdır: "Borçalının 1920-ci ilə qədər Gürcüstanın siyasi hakimiyyətinə heç bir aidiyyəti yox idi. Nadir şahın andiçmə mərasimində Ziyadoğulları iştirak etmədiyi üçün, o, Borçalını Gəncə bəylərbəyliyinin nəzarətindən çıxarıb II İraklinin nəzarətinə verib. II İrakli sadəcə vergi yığımını həyata keçirirdi. Çünki Gürcüstan o vaxt İranın subyektlərindən biri idi. Sovet dövründə isə rus hakimiyyəti Qafqaza nəzarəti gücləndirmək üçün torpaqları yenidən bölüb. Nəticədə, Borçalı Tiflis quberniyasının tərkibinə düşüb".

A.Bayarmov hesab edir ki, Gürcüstanda toponimlərin dəyişdirilməsi məqsədli şəkildə həyata keçirilir: "Məqsəd tarixi saxtalaşdırmaq, milli kimliyimizi sual altında qoymaqdır".

Filosof bütün bu problemlərin həlli məqsədi ilə Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda iştirak hüququ qazanan Salome Zurabişvili və Qriqol Vaşadzeyə müraciət hazırladıqlarını bildirib. O, Borçalı ziyalıları, iş adamları və ictimai fəallar adından ünvanlanan müraciəti oxuyub: "Yüksək dövlət postu uğrunda gedən siyasi mübarizədə biz bütövlükdə Gürcüstan cəmiyyətinin sağlam siyasi idarəsinin və həqiqi demokratiyanın qalib gəlməsini arzu edirik. İnanırıq ki, xarici faktorların və daxili inzibati diktaturanın mənfi təsirlərindən uzaq olan həqiqi, azad seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, sonda qələbənin əsl sahibi xalqın özü olacaq. Biz hesab edirik ki, daxili və xarici siyasətində Avropa strukturlarına, bütövlükdə Avroatlantik məkana inteqrasiya kursu seçən Gürcüstan dövləti və cəmiyyəti üçün bu seçki həm də demokratik, sivil dünya qarşısında növbəti mühüm imtahandır".

Müraciətdə qeyd olunub ki, seçki kampaniyası dövründə prezidentliyə namizədlərin siyasi bəyanatlarında sosial-siyasi həyatın mühüm sahələrinə, habelə multikultural dəyərlərə və tolerantlığa sayğı ifadə edən tezislər də səslənir: "Həmin bəyanatlar bizim Gürcüstan dövlətinin gələcəyinə olan inamımıza nikbin çalarlar qatır. Çünki polietnik cəmiyyətlərdə sadaladığımız sivil dəyərlərin yoxsulluğundan əzab çəkən daha çox milli azlıqlar və azsaylı xalqlar olur. Təssüflə bildiririk ki, Gürcüstanın aborigen əhalisi olan etnik azərbaycanlılar keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində bu acı praktikanı bir neçə müstəvidə yaşamalı olublar. Həmin dövrdə Kvemo-Kartli bölgəsinin etnik azərbaycanlılarının elliklə yaşadığı Bolnisi və Dmanisi rayon mərkəzlərində, habelə Kazreti qəsəbəsində qısa zaman kəsiyində azərbaycanlılara qarşı sonacan etnik təmizləmə aparılıb. Milli və dini əlamətə görə diskriminasiya və ksenefobiya ovqatı ictimai-milli şüurdan siyasi müstəviyə qədər yüksəlib. Bu fakt özünü həm də onda göstərib ki, eyni dövrdə Bolnisi rayonunda etnik azərbaycanlıların yaşadıqları kənd adları - mənəvi abidə kimi ərazinin tarixi yaddaşı olan toponimlər heç bir elmi-hüquqi və mənəvi əsas olmadan kütləvi şəkildə dəyişdirilib. Bu akt nəticəsində bütövlükdə cəmiyyətin çoxəsrlik birgəyaşayış şüuru ağır zərbə və zədəyə məruz qalıb. Tarix təsdiq edir ki, bu tipli arzuolunmaz psixoloji-mənəvi travmalar yalnız həqiqi demokratiyanın və insan azadlıqlarının mövcud olduğu mühitdə şəfa tapıb sağalır. Bu baxımdan Gürcüstanın ictimai-siyasi həyatında 21-ci əsrin başlanğıcından start götürən demokratikləşmənin keyfiyyətcə yeni mərhələsi keçmişin miras qoyduğu bu qəbildən olan problemlərin həll olunacağına bizdə ümid və inam yaradır.

Bu ilin oktyabrın 28-də ölkənin prezidentlik kürsüsünə keçirilən növbəti ümumxalq səsverməsində bütövlükdə Gürcüstan cəmiyyətinin sərgildəyi yüksək demokratik mədəniyyət və siyasi mütəşəkkillik artıq onun milli-dini kimliyə fərq qoymadan siyasi vətəndaşlıq müstəvisində monolitliyinin göstəricisi kimi bu ümidimizi daha da artırır. Çünki etnik azərbaycanlılar artıq özlərini bu bütövlüyün mühüm və dəyərli seqmenti kimi dərk edirlər.

Hörmətli namizədlər, biz inanmaq istəyirik ki, demokratikləşmə yolunda qətiyyətlə irəliləməkdə israrlı görünən Gürcüstan dövləti keçən əsrin 80-90-cı illərində bir qrup siyasi naşının və spekulyantın şəxsi divindent naminə buraxdığı səhvləri aradan qaldıracaq və etnik azərbaycanlıların toponimlərin tarixi adlarının bərpası ilə bağlı haqlı çağırışlarına müsbət cavab verəcək, habelə həmin dövrdə azərbaycanlılara qarşı aparılmış etnik təmizləmənin zərərli nəticələrinin sosial-mənəvi reabilitasiyasısı demokratiya və hüquq müstəvisində öz pozitiv həllini tapacaq. Əminik ki, belə ədalətli qərar etnik azərbaycanlıların öz dövlətlərinə bəslədikləri inamı daha da möhkəmləndirəcək və onların cəmiyyətə uğurlu inteqrasiyasında psixoloji-mənəvi baryeri aradan qaldıracaq", - deyə bəyanatda bildirilib.

Ceyhun ABASOV

 





22.11.2018    çap et  çap et