525.Az

"Başımın altında xatirələrim..." - Xaliq Rəhimlinin şeirləri


 

"Başımın altında xatirələrim..." - <b style="color:red">Xaliq Rəhimlinin şeirləri </b>

Nə gətirdim dünənimnən bu günə
Bu yükümə kim ağlayar, kim gülər...
Yetim uşaqlar tək düşdü dalımca
İçimdə islanmış nəm xatirələr.
Gözümü dikmədim özgə köçünə
Nə gətirdim öz köçümdə gətirdim.
Nakam sevdaları, ayrılıqları
Çox şeyləri mən içimdə gətirdim.
Qarşılayıb əl versə də, gələn gün
Ötən günü oxşamaqdı çətini.
Beş-on əşya ordan-ora, nə var ki...
Xatirələr daşımaqdı çətini.
Bu günümnən sabahıma nə qalır
Nədi görən taleyimin gərəyi.
Nə çətin olurmuş ömür daşımaq
Kimin əli qabar, kimin ürəyi.

lll

Ətirli bağçasan, bağsan
Nolar, bir üzümə baxsan
Nə zaman uzadacaqsan
O əllər məni gözləyir.

Gözü dolu görəsiyəm
Rahat ömür sürəsiyəm
Dərib sənə verəsiyəm
O güllər məni gözləyir.

Bu işvədən yorul gedək
Ürəyimə sorul gedək
Gəl boynuma sarıl gedək
O ellər məni gözləyir.

Atan yaxşı, anan yaxşı
Sən fikirləş yaxşı-yaxşı
Məcnunnan nə qalar yaxşı
O çöllər məni gözləyir...

lll

Bir dəli şeytan deyir ki
Adam bu qızdan keçməyə
Xeyli vaxtdı fürsət gəzir
Mənim qəlbimə köçməyə.

O hardan məni tanıyır
O hardan düşüb izimə
Yüz ilin tanışı kimi,
Dayanıb baxır üzümə.

Nə gəzir, hazır məhəbbət
Heç vaxt üzümə gülməz o
Mənim işim daşdan keçir
Daşdan keçməsə gəlməz o.

Görürəm ki, yox yerdəncə
Mən dilə-dişə düşmüşəm
Bu, məhəbbətə oxşamır
Deyəsən işə düşmüşəm.

lll

Gül bilim dərim səni
Könlümə sərim səni
Arabir görüm səni
Gözüm yadırğamasın.

Bir az qərib eyləyim
Sözü zərif eyləyim
Səni tərif eyləyim
Sözüm yadırğamasın.

Sözünü üzülmə de
Mənə bax, özümə de
Nəyin var üzümə de
Üzüm yadırğamasın.

Əynimdə sarı köynək
Ürəyim göynək-göynək
Toy yoxdu, yoxdu neynək
Dözüm yadırğamasın...

lll

O yaşıl çəməndə oğlanlar, qızlar
Bir də çətin görəsiyəm onları.
Bənövşələr əyil bizi dər deyir
Dərib kimə verəsiyəm onları.

Nə sənin, nə mənim günahımdı bu
Bir addım atmamış yollar ayrıldı.
Ürəyimə sıxıb qucaqlaşmamış
Elə havadaca qollar ayrıldı.

Oxuyub taleyin yazdığı hökmü
Baş-başa qoymuşam səni səninlə.
Bir xeyli xatirə qalıb yadımda
Bölüşə bilmədim onu səninlə.

Qəribə duyğular, qəribə hisslər
Başımın üstünü alır hələ də.
O ilk məhəbbətin, ilk görüşlərin
Dadı damağımda qalır hələ də.

lll

Yol gedirdim, sən yolumnan eylədin
Baxışınla neçə dastan söylədin.
Öyünmə ki, məni şair eylədin
Ürəyimdə beş-on kəlmə söz qalıb

Haqqım yoxdu bu sevdanı danmağa
Müntəzirəm gecə-gündüz anmağa
Təzədənnən alovlanıb yanmağa
Nə bir kösöv qalıb, nə bir köz qalıb.

Ömrü boyu sən günahkar bil məni
Qılınc götür neçə yerə böl məni
Deyirsən ki, yaddaşınnan sil məni
Silənmirəm, eh məndə də üz qalıb.

Mənə sərf eləmir, yada saldıqca
Özüm üzülürəm belə qaldıqca
Adam huşsuz olur yaşa dolduqca
Bir az da döz, unutmağa az qalıb...

lll

Bu tüstüdə, vurhavurda
Nəyimiz var göz dəyəsi.
Sən də burda, mən də burda
Kimimiz var gözləyəsi.
Elə də çox varımız yox
Bu dam köhnə, dirək köhnə
Sevgimin payız fəslidi
Sinəmdəki ürək köhnə.
Dünya dəyişibdi, gülüm,
Camaat ayda fırlanır.
Ələyim çoxdan ələnib
Xəlbirim göydə fırlanır.
Gör nə qədər yandırırsan
Bir dəfəyə çoxdu axı
Tez elə, aç pəncərəni
Daha gözüm çıxdı axı...

lll

Bilmirəm necə oldusa
Ürəyim yaman sıxıldı
Qəfil boşaldı dizlərim
Mən birdən-birə yıxıldım.

Bircə anın içindəcə
Bədənim titrədi, əsdi.
Cismim torpağa güvəndi
Ruhum göylərə tələsdi.

Başım yaman dumanlandı
Mən uzun bir səfər gördüm.
Yıxıldım, adam çox idi
Qalxanda bir nəfər gördüm.

Nə bircə anlıq kövrəldim
Nə gözlərimnən yaş axdı.
Sən demə torpaq çəkirmiş
Üzümnən öpdü, buraxdı...

lll

Atıb nifrətin daşını
Unutmaram göz-qaşını
Tanıyaram göz yaşını
Ürəyimə daman olar.

Nə qazandıq bu ömürdə
Bu fərmanda, bu əmrdə
Mənnən başqa çətin bir də
Sənnən sevgi uman olar.

Yenə mənsiz, yenə təksən
Solub, saralan çiçəksən
Bilirəm, gəlməyəcəksən
Amma gəlsən yaman olar...

lll

Elə bil nəfəsin gəlir
Sevdalı həvəsin gəlir
Qulağıma səsin gəlir
Quzum, hardasan, hardasan.

Mən səni nahaq itirdim
Zalım həsrətə ötürdüm
Bir zaman dil-dil ötürdüm
Sözüm, hardasan, hardasan.

"Necə ki mən varam" deyən
Halına qıymaram deyən
Səni tək qoymaram deyən
Dözüm, hardasan, hardasan.

Könlümüzü ovutmağa
Bəxtimizi ayıltmağa
Yoxdu sənə qayıtmağa
Üzüm, hardasan, hardasan...

lll

Heç əvvəlki deyilsən
"Mənəm-mənəm" deyirsən
Niyə bərk-bərk döyürsən
Qapım açıqdı axı.
Var xəyala getməyin-
Gedim, yoxsa getməyim?
Sənin çıxıb getməyin
Mənə acıqdı axı.
Yalannan can üzməyin
Ağlamağın, küsməyin
Ümidimi üzməyin...
Onnan nə çıxdı axı.
Zərifləş, incəl bir az
Könlümdə dincəl bir az
Ayağını yavaş bas
Könlüm uçuqdu axı...

lll

Təzədən yaşasam, nə dəyişəcək
Həminki gündüzüm, həminki gecəm
Yenə də, ürəyim qandallanacaq
Yenə ayrılığa əsir düşəcəm.

Könlünü qırdığım o dağlar qızı
Yenə də, hardansa səs elər mənə.
Bir ömür nədi ki, lap beş ömür də
O ağrı, acılar bəs elər mənə.

Yenə bostanıma daş atacaqlar
Çevrilib kimisə daşlayacağam.
Yenə də günahlar təzələnəcək
Yenə də tövbəyə başlayacağam.

Həyatın ən acı üzünü görən
Haram tikələrdən vaz keçən ömrüm.
Bir tərəfdə nadan, bir yanda zalım
Aqillər içində az keçən ömrüm.

İndi azdan-çoxdan odum-ocağım
Bir az da, savabım, daha nələrim.
Üstümə örtmüşəm o ötən çağı
Başımın altında xatirələrim...

Xaliq RƏHİMLİ

 





22.11.2018    çap et  çap et