525.Az

Bitməyən İsa Muğanna ömrü


 

Bitməyən İsa Muğanna ömrü<b style="color:red"></b>

Onun bu yubileyinin ününü çoxdan almışdıq. Hələ ilin əvvəllərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Xalq yazıçısı İsa Hüseynov-Muğannanın 90 illik yubileyi təntənəli şəkildə qeyd ediləcəkdi.

İl ərzində ilki yazıçının doğulub boya-başa çatdığı Ağstafa rayonunda olmaqla, yubiley tədbirlərinə start verilmişdi. Ən böyük tədbir isə noyabrın 20-i M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaqdı. Və nəhayət, həmin tədbir reallaşdı.

Payızın tam ortasında yaşadığımız bu günlərdə hava da İsa Hüseynov təbiətinə büründü sanki. Xüsusən noyabrın 20-i  göylərdən İsa Hüseynov təmkini, səbri, dalğınlığı, gülən üzü yağırdı.

Vaxtından yarım saat öncə tədbirin keçiriləcəyi məkanda olmağın rahatlığı ilə içəri girmişdik ki, zalın artıq insan seli ilə dolu olması hamımızı təəccübləndirdi. Bu heyrətdən tez bir zamanda qurtulub oturmaq üçün özümüzə yer axtarmağa başladıq. Çünki bir az da geciksəydik, ayaq üstə qalacaqdıq.

Öyrəşmişik bu cür böyük tədbirlərin müəyyən səbəblərdən vaxtından gec başlamasına. İsa Muğannanın yubiley gecəsi isə deyilən vaxtda düz 19:00-da işıqların söndürülməsi ilə başladı. İsa Muğanna dəqiqliyi burda da öz sözünü demişdi.

Giriş sözü üçün Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev səhnədədir: "Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğannanın (Hüseynov) 90 illiyi respublikamızın hər yerində silsilə tədbirlərlə qeyd edilir. Mədəniyyət Nazirliyi Sərəncamın icrası ilə əlaqədar müvafiq qurumların təklifləri də nəzərə alınmaqla geniş Tədbirlər Planı hazırlayıb".

Görkəmli alimin yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynadığını deyən V.Əliyev ədibi nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı kimi xarakterizə etdi: "Bu gün 90 illiyinə toplaşdığımız, ədəbiyyatda öz dəst-xətti olan İsa Muğanna bütün şüurlu həyatını bədii söz sənətinə həsr edən nadir şəxsiyyətlərdəndir. Nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olaraq onun ötən altmış ildən artıq müddət ərzindəki fəaliyyəti ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfə olub. İsa Muğanna milli özünüdərkə çağıran çoxsaylı əsərləri sırasına bir-birinin ardınca yeni dəyərli nümunələr əlavə edərək ömrünün son günlərinə qədər ədəbi prosesi istiqamətləndirməyə müvəffəq olub. Ədibin yaradıcılığı bütövlükdə ana dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla bəhrələnmənin qiymətli nümunəsidir".

Natiq əlavə etdi ki, ədibin yaxın-uzaq keçmişimizin mənzərəsini hadisələrə özünəməxsus yanaşma və fərqli düşüncə tərzi sayəsində daha dolğun canlandıran silsilə roman və povestləri ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malikdir. Onun "Dan ulduzu", "Tütək səsi", "Teleqram", "Saz" povestləri, "Doğma və yad adamlar", "Yanar ürək", "İdeal", "Məhşər", "Qəbiristan" və digər romanları Azərbaycan ədəbiyyatının qiymətli inciləridir. "İdeal" romanı isə "Ədəbiyyatımızın Dostoyevskisi" adlandırılan İsa Muğannanın yaradıcılığında yeni səhifə açmaqla böyük rezonans doğurub. Bu əsərdə Azərbaycan xalqının tarixi kökləri ilə müasir mənəvi problemləri vahid süjet xəttində ustalıqla birləşdirilib.

Qeyd edildi ki, Mədəniyyət Nazirliyi tərəfindən İsa Muğannanın "Seçilmiş əsərləri" 6 cilddə çap olunaraq ictimaiyyətin ixtiyarına verilib: "İsa Muğanna, eyni zamanda, Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş unudulmaz filmlərin bir çoxunun ssenari müəllifi kimi tanınır. Onun əsərləri əsasında çəkilən və tarixi simaların ömür yolundan bəhs edən kinofilmlər sənətsevərlər tərəfindən indi də rəğbətlə qarşılanır. Tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş həmin lentlər milli kino xəzinəsində özünəməxsus yer tutur".

Nazir müavini onu da vurğuladı ki, İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ədibin zəngin yaradıcılığından bəhs edərək onun müasir Azərbaycan ədəbi mühitinin formalaşmasındakı xidmətlərindən danışdı: "İsa Muğannanın yaradıcılığı hər zaman öz aktuallığını qoruyub saxlayacaq. O, XX əsr Azərbaycan realist ədəbiyyatının inkişafında böyük xidmətləri olan ədibdir".

Çıxışlardan sonra böyük ekranda göstərilən ədibin həyat və yaradıcılığından bəhs edən videoçarxda İsa Muğanna sanki özü də canlanıb bizimlə söhbət edirdi. Bir nur kimi, işıq kimi gözlərimizin önündə parlayırdı.

Biz onun ekrandakı əksini izləyərkən səhnədə hardansa bir yerlərdən canlı-qanlı İsa Muğanna peyda olur. Səhnənin qırağındakı yazı masasında oturub yazı ilə məşğuldur. Arada başını qaldırıb zala baxır, sonra yenə də yazır. Uzaqdan eynən İsa Muğannaya bənzəyən, onun xarizmasına, şax duruşuna sahib aktyor Xalq artisti Sabir Məmmədovdur. Tədbir boyunca biz İsa Muğannanın (S.Məmmədovun) dilindən gah əsərlərindən sətirlər, gah da öz yaradıcılığı, həyatı haqqında epizodlar dinləyirik.

Tez-tez də o tanış ekrandan ədibin ssenari müəllifi olduğu filmlərdən fraqmentlər təqdim olunur. Cümrünün tütəyinin yanıqlı səsi sazın bağrından qopan "Ruhani" harayına, Nəsimi dəyanəti Nizami müdrikliyinə qarışıb sehrli bir aləm yaradır.

Gah da aktyorların ifasında İ.Muğannanın "Dan ulduzu", "Yanar ürək" ("İdeal") əsərlərindən səhnəciklərə tamaşa edirik. Bu səhnəciklər xanəndələrimizin, tanınmış incəsənət ustalarının bir-birindən gözəl ifaları ilə süslənir.

Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə "Azərbaycan" sədaları ilə yekunlaşır.

Tədbir sonrası kulisdə ilk qarşılaşdığım Sabir Məmmədov oldu. Ondan İsa Muğanna kimi şəxsiyyəti canlandırmağın necə bir hiss olduğunu soruşdum. Sözlərində bir dünyalıq sevgi gizlənmişdi: "İsa Hüseynov Muğanna mənim çox sevdiyim yazıçılardandır. Belə bir insanın obrazını canladırmaq üçün öncə onun əsərlərinə, şəxsiyyətinə bələd olmalısan. Mən İsa Muğannanın əsərlərindən bir çoxunu oxumuşam və çox sevirəm. Onu canlandırmağın məsuliyyətini də tam mənası ilə dərk edirəm. Allah ona rəhmət eləsin! Xalqımız durduqca, Azərbaycan durduqca onun kimi dahi şəxsiyyətlərimiz də yaşayacaqdır".

Daha sonra mərhum ədibin qızı, varisi Sevinc Hüseynova ilə söhbət etmək imkanı qazandım. Elə uzaqdan ona baxanda hiss olunurdu ki, özü burda olsa da, ruhu, xəyalları göylərdədir. Sözlərində də bunu təsdiqlədi: "Atamın yubiley tədbirini ilk dəfə Ağstafada, öz torpağında keçirtdik. Çox böyük maraq və sevgi var idi. Növbəti dəfə Atatürk Mərkəzində gözəl bir tədbirlə İsa Muğanna yad edildi. Bu, həmin məkanda keçirilən ikinci yubiley tədbiri idi. İlk dəfə 85 illik yubileyini orada keçirtmişdik. Onda atam da bizimlə idi. İndi isə ruhu bizimlədir. Bu gün də möhtərəm Prezidentimizin sərəncamı ilə belə bir möhtəşəm gecə keçirildi. Atamın dili ilə desəm, sevincdən, fərəhdən ayaqlarım yerdən üzülüb. Bu qədər insanı buraya toplayan İsa Muğanna işığı idi. Başda dövlətimiz olmaqla tədbirin keçirilməsində zəhməti olan, iştirak edən hər kəsə təşəkkür edirəm".

Bəli, İsa Hüseynov-Muğanna imzası Azərbaycanın sahib olduğu ən böyük dəyərlərdən biridir və dəyər olaraq da qalacaq. Göyləri gülümsədən bu gecə bir daha bunu sübut etdi!

 





22.11.2018    çap et  çap et