525.Az

AzTU-da Beynəlxalq elmi-texniki konfrans


 

AzTU-da Beynəlxalq elmi-texniki konfrans <b style="color:red"></b>

Azərbaycan Texniki Universitetində (AzTU) "Ölçmə və keyfiyyət: problemlər, perspektivlər" mövzusunda Beynəlxalq Elmi-texniki konfrans öz işinə başlayıb.

Konfransda 10-dan çox ölkədən, o cümlədən, Türkiyə, ABŞ, Rusiya, Almaniya, Polşa, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrdən alimlər iştirak edir.

Konfransın plenar iclasında AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanda ölçmə və keyfiyyətə nəzarət sahəsində olan nailiyyətlərə toxunaraq, bu sahədə olan problemlər və perspektivlər haqqında danışıb. Rektor əvəzi bildirib ki, konfransın məqsədi metrologiya və keyfiyyət məsələlərinin aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və beynəlxalq miqyasda bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirməkdən ibarətdir.

Rusiya Metrologiya Akademiyasının akademiki, professor Aleksandr Kozlov, Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun şöbə rəisi, professor Valeriy Lısenko, AzTU-nun Metrologiya və standartlaşdırma kafedrasının müdiri, professor Elçin İsgəndərzadə, Azərbaycan Texniki Universitetinin və Almaniyanın Rostok Universitetinin əməkdaşı, dosent Cavid Səfərov plenar iclasda elmi məruzə ilə çıxış ediblər.

Bildirilib ki, konfransın praktiki əhəmiyyəti sənayenin bir sıra sahələri üçün böyük önəm kəsb edir. Belə ki, konfransın yekununda Azərbaycanda maşınqayırma, neft-qaz istehsalı sənayesi, hərbi sənaye komplekslərinin, cihazqayırmanın və digər uyğun sahələrin daha da inkişaf etdirilməsinə dair elmi nəticə və təkliflər ümumiləşdirilərək istehsalata tövsiyə ediləcək.

Azərbaycan Texniki Universiteti və Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransa Metrologiya və keyfiyyət problemləri ilə məşğul olan yerli və xarici ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və s. qurumların nümayəndələri dəvət olunub.

Qeyd edək ki, Konfransın 7 bölməsində 420-dən çox müəllifin 190-dan çox məruzəsi dinləniləcəkdir. Bölmələrdə metrologiya, ölçmələr və keyfiyyətə nəzarətin müasir problemlərinə dair işgüzar müzakirələr aparılacaq. Plenar iclas və bölmələrdə keçirilən müzakirə və diskussiyaları, habelə məruzə və çıxışlardakı təklif və tövsiyələri ümumiləşdirərək Beynəlxalq Konfrans Bəyannamə qəbul edəcək.

S.QARAYEVA

 





22.11.2018    çap et  çap et