525.Az

ADPU-da şair Vahid Əzizlə görüş


 

ADPU-da şair Vahid Əzizlə görüş <b style="color:red"></b>

Dünən  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədris Departamentinin Məzun, koordinasiya və karyera bölməsinin, "Səadət" Şairlər Cəmiyyətinin və Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə istedadlı və tanınmış şair, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin Vahid Əzizlə görüş keçirilib.

Görüşdə çıxış edən ADPU-nun Kimya və biologiya fakültəsinin müəllimi, "Səadət" Şairlər Cəmiyyətinin rəhbəri Səadət Abdullayeva, həmin fakültənin II tədris ili tələbəsi İqbal Əsədov bildiriblər ki, dəyərli şairimiz Vahid Əzizlə görüşün keçirilməsi çox sevindiricidir. V.Əzizin müasir Azərbaycan poeziyasında öz yeri, mövqeyi və dəst-xətti var. O, çox gözəl şeirlərin, publisistik yazıların müəllifidir.

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxışında qeyd edib ki, biz bu gün dəyərli bir görüşün iştirakçılarıyıq. V.Əziz böyük istedada malik şair, görkəmli söz ustadıdır. Professor B.Xəlilov noyabrın 23-də 73 yaşı tamam olacaq şairi doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Çıxışında şairin həyat və bədii yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, V.Əziz "Xəbər Mətbuat Agentliyi"ndə müxbir, Bakı Şəhər Partiya Komitəsində Təbliğat və təşviqat şöbəsində təlimatçı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, Mətbuat bölməsinin müdiri, Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin katibi olub. Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və Şəhər Tərtibatı Departamentində Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsinin müdiri işləyib. Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeiri ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunub. Yeni şeirlərlə vaxtaşırı çıxış edir. "Dözmək olmur" adlı şeirlər kitabı rəğbətlə qarşılanıb. Bədii tərcümə ilə də məşğul olur. 40-dan çox mahnısına musiqi bəstələnib.

V.Əziz görüşün keçirilməsinə görə universitetin rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib. Sonra tələbələrə keçdiyi həyat yolundan, bədii yaradıcılığından danışıb, onların müxtəlif suallarını cavablandırıb, öz şeirlərini söyləyib.

S.QARAYEVA

 





22.11.2018    çap et  çap et