525.Az

Azərbaycan Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət verir


 

"İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏRDƏ İNKİŞAF TEMPİ MÜŞAHİDƏ OLUNUR"

Azərbaycan Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət verir<b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabada rəsmi səfər edib. Dövlət başçısının bu səfəri bir-birinə tarixi köklər, dil, din birliyi ilə bağlı olan iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.

Dünən Azərbaycan prezidenti türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla təkbətək və geniş tərkibdə görüş keçirib. Tərəflər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına xidmət edir, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına yol açır. Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. Bu mənada, dövlət başçısının Türkmənistana səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev türkmənistanlı həmkarı ilə görüşdə qeyd edib ki, Azərbaycan Türkmənistanla əməkdaşlığa böyük əhəmiyyət verir: "Bizim ümumi köklərimiz, tariximiz, xalqlarımızın yaxınlığı elə bir bünövrədir ki, onun üzərində öz birgə gələcəyimizi qururuq. Həm də təsadüfi deyil ki, biz beynəlxalq qurumlarda birgə fəaliyyət göstəririk, bir-birimizi dəstəkləyirik. İkitərəfli planda əməkdaşlıq potensialını gücləndiririk və bütün bunlar sabitliyə doğru aparır, regional təhlükəsizliyi möhkəmləndirir. Bu gün regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Biz görürük ki, dünyanın müxtəlif guşələrində toqquşmalar, qanlı hadisələr baş verir, dövlətlərin təməlini sarsıdan proseslər gedir. Buna görə də düşünürəm ki, belə mürəkkəb vəziyyətdə həm Azərbaycanın, həm də Türkmənistanın yüksək inkişaf səviyyəsi, sabitlik nümayiş etdirməsi xüsusilə əhəmiyyətlidir və bunlar bir daha ölkələrimizin getdiyi yolun düzgün olmasından xəbər verir".

İki ölkə arasında ikitərəfli əməkdaşlığın istiqamətlərinin geniş olduğunu deyən dövlət başçısı əminliklə bildirib ki, Azərbaycan və Türkmənistan həmişə olduğu kimi, gələcəkdə də beynəlxalq təşkilatlarda bir-biri dəstəkləyəcək.

Səfər çərçivəsində aparılan danışıqların yekunu olaraq bir sıra sahələrdə əməkdaşlığı özündə ehtiva edən sənədlər imzalanıb, birgə bəyanat qəbul olunub. Prezidentlərin imzaladığı birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olunub. Həmçinin, dövlət başçıları suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd ediblər.

Eyni zamanda, prezidentlər 2018-ci il 12 avqust tarixində "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğulayıblar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin, regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini bildiriblər.

Dövlət başçıları Azərbaycan Respublikasının və Türkmənistanın tranzit yüklərinin, həmçinin, ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəkləyiblər. Tərəflər nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, eləcə də Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan ediblər.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Eldəniz Səlimov qeyd edib ki, Prezident İlham Əliyevin qonşu Türkmənistan Respublikasına işgüzar səfəri iki ölkə arasındakı dostluq münasibətlərinin möhkəmliyindən xəbər verir. O, SİA-ya bildirib ki, son dövrlər Azərbaycan-Türkmənistan münasibətlərində inkişaf tempi müşahidə olunur.

E.Səlimov söyləyib ki, Azərbaycan prezidenti tərəfindən atılan hər bir addım xalqımız tərəfindən yüksək qiymətləndirilməklə yanaşı, ölkəmizin iqtisadi inkişafına yeni bir töhfə kimi qarşılanır: "Bu işgüzar səfərdə də əldə olunan müqavilələr hər iki ölkə üçün daha əhəmiyyətli olacaq. Səfər zamanı ən vacib sahələrdən biri olan enerji təhlükəsizliyi ilə bağlı mühüm sənədlərin qəbul edilməsi gözləniləndir. Hər iki ölkə arasındakı qarşılıqlı münasibətlərin yüksək səviyyədə olması iki ölkənin iqtisadi inkişafına mədəni inkişafına böyük töhfə verəcək".

Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini deyən deputat ölkələr arasında fəal siyasi dialoqun mövcud olduğunu bildirib: "Bu baxımdan düşünürəm ki, dövlət başçısının Türkmənistana səfəri ölkələr arasında əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir".

Deputat Rasim Musabəyov isə bildirib ki, Türkmənistan Azərbaycan üçün olduqca vacib ölkədir: "Türk xalqları arasında bizə ən yaxını məhz türkmənlərdir. Türkmənlərlə azərbaycanlılar eyni kökdəndirlər. Buna görə də düşünürəm ki, bu münasibətlər qat-qat sıx və yüksək səviyyədə olmalıdır. Ancaq təəssüflər olsun ki, bu münasibətlər bizim istədiyimiz səviyyədə qurulmayıb. Azərbaycanın Qazaxıstan, Türkiyə ilə münasibətləri qat-qat yüksəkdədir. Vəziyyəti müsbətə doğru dəyişmək lazımdır. Hesab edirəm ki, prezidentin Türkmənistana səfəri bu istiqamətdə çox vacib bir addım olacaq. İnanırıq ki, bundan sonra da iki dövlət arasında bu istiqamətdə müsbətə doğru böyük dəyişikliklərin şahidi olacağıq".

Ümumilikdə qeyd etmək lazımdır ki, dövlət başçısının xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir. Bu kimi mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur. Həftə ərzində Azərbaycan və Belarus prezidentlərinin birgə bəyanatının ardınca, Azərbaycan və Türkmənistan dövlət başçılarının birgə bəyanatı bunun növbəti bariz nümunəsidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Türkmənistan səfəri başa çatıb.

Ceyhun ABASOV

 





23.11.2018    çap et  çap et