525.Az

Paşinyan dilemma qarşısında


 

"ƏSİRLƏRİN DƏYİŞDİRİLMƏSİ MÖVZUSU PAŞİNYANA CİDDİ TƏZYİQ ALƏTİDİR VƏ BU ALƏTDƏN AZƏRBAYCAN İSTİFADƏ ETMƏLİDİR"

Paşinyan dilemma qarşısında <b style="color:red"></b>

"Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı iki girovumuzu qaytarmaq istəmir. Onun iddiasına görə, iki girovumuz Dağlıq Qarabağda adam öldürüblər. Paşinyanın sözlərinə görə, İrəvan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxnanılan erməni diversantlarla dəyişmək istəmir. Ancaq Paşinyanın istəyindən asılı olmayaraq Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar, ölkələri üçün strateji yolları kəsib etiraz edirlər. Onlar tələb edirlər ki, əsirlər dəyişdirilsin".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, həbsdə olan ermənilərin qohumları Azərbaycanın irəli sürdüyü "bütün əsirləri dəyişək" prinsipinə dəstək verirlər: "Paşinyan hələ ki, müqavimət göstərir. Ermənistan baş naziri bildirir ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa, Ramil Səfərov olayı təkrarlanacaq. Yəni Paşinyan demək istəyir ki, iki girovumuz Bakıda qəhrəman kimi qarşılanacaq. Paşinyan tam haqlıdır. Azərbaycanda iki girovumuz Ramil Səfərov kimi qarşılanacaq. Buna haqları da çatır. Bu qarşılanma isə Ermənistanda etirazla qarşılanacaq və müxalifət Paşinyana ciddi suallar ünvanlayacaq. Paşinyan da bundan ehtiyat edir. Ancaq Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir".

"Biz isə elə etməliyik ki, sərhəddə ələ keçirdiyimiz erməni diversantların sayını artıraq. Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə etməlidir", - deyə politoloq fikirlərini tamamlayıb.

Azərbaycanla Ermənistan arasında münaqişə olduğuna görə iki xalq arasında barışığın mümkün olmadığını deyən E.Şahinoğlu bildirib ki, bu, bəzən özünü xarici ölkələrdə də göstərir: "Üçüncü ölkələrdə yaşayan iki xalqın nümayəndələri arasında bəzən toqquşmalar olur. Toqquşmaların böyük əksəriyyətinin səbəbi erməni tərəfinin təxribatlarıdır. Çünki onlar olduqları yerdə və iştirak etdiləri toplantılarda Azərbaycan torpaqlarını işğal edən separatçıların "bayrağını" qaldırır, separatçıların nümayəndələrinə söz haqqı tanımağa çalışırlar. Azərbaycanlılar haqlı olaraq bunun qarşısını almaq istədikdə toqquşmalar baş verir. Bu halların baş verməməsi üçün həmin ölkələrin hüquq mühafizə orqanları qanunsuz qurumun simvolikalarının yayılmasına və nümayəndələrinin beynəlxalq konfranslarda iştirakı yol verməməlidirlər, əks halda toqquşmaların qarşısını almaq mümkün olmayacaq".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənovu öldürüb, digər Azərbaycan vətəndaşı Dilqəm Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Şahbaz Quliyevi girov götürüblər.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni separatçılarının qurduğu saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ceyhun ABASOV

 





23.11.2018    çap et  çap et