525.Az

Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya


 

DÖVLƏT VƏ CƏMİYYƏT OLARAQ CİDDİ DÜŞÜNMƏLİYİK: ƏLİLLİYİ OLAN ŞƏXSLƏRDƏ ÖZÜNƏİNAMSIZLIĞI NECƏ ARADAN QALDIRMAQ OLAR?

Əlilliyi olan şəxslər: <b style="color:red">fiziki məhdudiyyətdən sosial inteqrasiyaya</b>

2019-cu ilin dövlət büdcəsində sosialyönümlü sahələrə ümumilikdə 8 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub.

Sosial müdafiə və sosial təminat xərclərində 9 faiz artım proqnozlaşdırılır. Bu istiqamətə birbaşa 2,553 milyard manat vəsait yönəldiləcək. Bu, ötən illə müqayisədə 210 milyon manat çoxdur.

Doğrudur, devalvasiyadan sonra milli valyutamız ABŞ dollarına nisbətdə dəyər itirsə də, ayrılan vəsait, xüsusilə qənaət dövründən sonra neftin dünya bazarında qiymətlərinin yüksəlməsiylə paralel olaraq, sözügedən sahəyə diqqətin artırılmasından xəbər verir. Əlbəttə, bu sahə geniş istiqamətləri əhatə etsə də, hər bir dövlətin həyata keçirdiyi sosial siyasətdə əhalinin xüsusi diqqət və qayğıya ehtiyacı olan təbəqəsi - əlilliyi olan şəxslər, o cümlədən, müharibə qazilərinin həyat şəraitinin yaxşılaşdırılması prioritetlərdən birini təşkil edir. Sevindirici haldır ki, bu kateqoriyadan olan şəxslərin sosial-iqtisadi problemlərinin həlli, cəmiyyət həyatında aktiv iştirakı istiqamətində addımlar atılır. Lakin bir o qədər kədərləndirici fakt ondan ibarətdir ki, hərəkətlilik müşahidə edilən yerlərdə - metro stansiyaları, keçidlər, park və ticarət mərkəzlərinin önündə dayanan fiziki məhdudiyyətli şəxslər insanlara əl açırlar. Ərzağa olan gündəlik tələbatını bəzən bu yolla ödəməyə çalışan həmin insanlar başqa çarələrinin olmadığı düşüncəsindədirlər. Bəs, bu təbəqədən olan insanlarda inamsızlığı, neqativ düşüncəni necə aradan qaldırmaq olar? Onları aktiv həyata qaytarmaq üçün daha hansı addımların atılmasına ehtiyac var? Məhz bu sualların ətrafında dövlət və cəmiyyət olaraq çox ciddi düşünməliyik. 

"Cəmiyyət fiziki məhdudiyyətlilərin normal olduğunu dərk etməyə başlasa, pis olmaz" 

Məsələn, gənc yazar Cəmilə Məmmədli fiziki məhdudiyyətli insanlara münasibətin birmənalı olmadığını düşünür: "İngilis dili klubumuzun görüşü üçün Zabitlər bağındaydım. Qayıdanda taksi sifariş etdim. Sürücü zəng vuranda əlil arabasında olduğum üçün avtomobili səkiyə bir az yaxın saxlamasını istədim. Taksidə sürücü ilə bir qədər söhbətimiz oldu... İngilis dili klubunun görüşündən qayıtdığımı biləndə sürücü dedi: "Hə, savadlı adama oxşayırsınız. Elə telefonda danışanda "əlil arabasındayam" deyəndə inanmağım gəlmədi. Dedim, əlil adam da belə danışar heç..." Həmin adamın qətiyyən pis niyyəti yox idi. Sadəcə, bu nümunə cəmiyyətimizin fiziki məhdudiyyətliləri qeyri-adi gördüyünə çox yaxşı örnək oldu. Həyatın hər anında bu kimi qəliblərlə rastlaşıram. Yenə dünyagörüşümlə, gülər üzümlə bu qəlibləri bir qədər qıra bilirəm, lakin əksər fiziki məhdudiyyətlilər karıxır, çıxa bilmir, istər-istəməz qəbullanır".

Gənc yazar hesab edir ki, cəmiyyət fiziki məhdudiyyətlilərin normal olduğunu dərk etməyə başlasa, pis olmaz: "10 milyon əhalimiz, 500 mindən çox fiziki məhdudiyyətli vətəndaşımız var. 20 nəfərdən biri fiziki məhdudiyyətlidir. 100 nəfərdən yalnız 2-si yaşılgözdür. Adi olması üçün bundan artıq nə lazımdır? Özümü normal görürəm. Əlil arabamı keçəlin taxma saç, dişləri olmayanın protez diş taxmasından fərqli görmürəm, onlara göstərilən münasibətdən artığını sünilik kimi qiymətləndirirəm".  

"Əlilliyi olan şəxslərin sosial inteqrasiyası yardımlarla yekunlaşmamalı, paralel olaraq psixoloji fəaliyyət həyata keçirilməlidir" 

Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisadçı-alim Vüqar Bayramov hesab edir ki, fiziki məhdudiyyətli şəxslərin sosial inteqrasiyası təkcə sosial yardımlarla yekunlaşmamalı, paralel olaraq maarifləndirmə, psixoloji fəaliyyət həyata keçirilməlidir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il bu istiqamətdə fəaliyyət planı hazırlayır. Məqsəd qeyri-hökumət təşkilatlarını əlillərin cəmiyyətə inteqrasiyası prosesində davamlı iştirakını təmin etməkdir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktorunun fikrincə, bu istiqamətdə ardıcıl fəaliyyət öz müsbət nəticələrini verəcək. 

"İctimai nəqliyyat vasitələri, xüsusilə metro fiziki məhdudiyyətli insanlar üçün daha əlçatan olmalıdır" 

C.Məmmədli isə bu sahədəki problemləri qeyd edib: "Birinci qrup əlillərin həftədə 36 saatdan artıq işləməyinin qanunla qadağan olunması bir çox rəsmi iş imkanından məhrum olmağıma səbəb olub. Ona görə də mütləq 36 saat qanununa istisnalar edilməsi, yaxud ərizəylə imtinanın mümkün olmasını istərdim. Dövlətin qayğısı bu mövzuda ailənin qayğısına çevrilib: dəstək olmaqdan çox çətinlik törədir".

Gənc yazar əlilliyi olan şəxslərin nəqliyyat sistemində hərəkət etməkdə bir sıra çətinliklərlə üzləşdiklərini deyib: "Bəlkə əvvəllər 155 manat təqaüd alıb, 10 manat taksiyə vermək məni incitmirdi, amma indi qazandığım puldan 3 manat yol pulu verəndə belə ürəyim sancır (gülür). Zarafat bir yana, ictimai nəqliyyat vasitələri, xüsusilə metro fiziki məhdudiyyətli insanlar üçün daha əlçatan olmalıdır. Bu, istər lift, müyəssərlik, istər Brayl əlifbalı düymələr, səsli bildirişlər, istərsə də izahedici şəkillərlə olsun - cəmiyyətin hər üzvü üçün rahat olmalıdır. Xüsusilə, 20 nəfərdən biri üçün..." 

"Fiziki məhdudiyyətlərə yanaşma dəyişməlidir" 

Qadınlar arasında parataekvondo üzrə dünya çempionu Röyalə Fətəliyeva da hesab edir ki, fiziki məhdudiyyətlərə yanaşma dəyişməlidir: "İdmanla əlaqədar çox ölkədə oluruq. Başqa ölkədə heç kəsə bizə qəribə baxmır. Lakin təəssüf ki, ölkəmizdə adi yolla gedəndə belə, o qədər söz eşitməli olursan ki... Adi bir şey deyim: başqa ölkədə idmançılarımız rahat gəzirlər, zərrə qədər kompleks etmirlər. Amma ölkəyə girən kimi, elə hava limanındaca nəzarətçilərin qəribə baxışlarına məruz qalırıq".

"Öz adımdan danışım, əvvəllər çox kompleks edirdim. Çölə çıxıb kiminsə baxışını, sözünü eşitməkdənsə, evdə oturmağı üstün tuturdum. Amma idmanla məşğul olmağa başlayandan sonra fikirlərim dəyişib. Deyə bilərsiz ki, hə, idmana görə başqa ölkələrə getmisiniz, dünyagörüşünüz dəyişib, ona görə komplekslərdən azad olmusuz. Yox, qətiyyən belə deyil. İstər idmanla məşğul ol, istər başqa sahədə çalış - mütləq çölə çıxmaq, cəmiyyətə qarışmaq lazımdır. Gözləməyin ki, cəmiyyətin sizə qarşı fikri dəyişsin, sonra arzularınızın ardınca gedəsiz. Qətiyyən", - deyə dünya çempionumuz bildirib.

"Sağlamlıq imkanlarının məhdud olması cəmiyyət həyatında fəal iştiraka imkan verməyən amil kimi qəbul edilmir" 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev qeyd edib ki, əlilliyi olan şəxslər dövlətin və cəmiyyətin hörmət etdiyi, qayğısına qaldığı təbəqədir. Deputat bildirib ki, zaman keçdikcə fiziki məhdudiyyətli insanların sosial müdafiəsi istiqamətində daha fərqli addımlar atılmağa başlayıb, yəni onlara göstərilən diqqətin forması dəyişib: "Əgər 20 il bundan öncə bütün dünyada əlilliyi olan şəxslərə passiv hüquqlar - pensiya, müavinət verilirdisə, indi onlara yanaşmada daha çox aktiv sosial müdafiə metodları tətbiq olunur. Yəni, fiziki imkanlarının məhdud olması cəmiyyət həyatında fəal iştiraka imkan verməyən amil kimi qəbul olunmur".

M.Quliyevin sözlərinə görə, Azərbaycan əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə beynəlxalq konvensiyaya qoşulub: "Bu konvensiyanın tələblərindən irəli gələrək, ötən il biz əlilliyi olan şəxslərin hüquqları haqqında qanun qəbul etmişik. Bu qanunda göstərilir ki, dövlət və cəmiyyət tərəfindən fiziki məhdudiyyətli şəxslərə göstərilən diqqətin mahiyyəti onların sosial inteqrasiyasının gücləndirilməsi, özlərini cəmiyyətdə yük kimi deyil, yararlı və faydalı hesab etməsi üçün şəraitin yaradılmasından ibarətdir. Buna uyğun olaraq, ölkədə xüsusi tədbirlər həyata keçirilir. Həmin fəaliyyətin əsas mahiyyətində əlilliyi olan şəxslərin layiqli işlə təmin olunması dayanır. Məhz ölkə prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanda özünəməşğulluq daha da genişləndirilir və bu proqram çərçivəsində əlilliyi olan vətəndaşlarımıza daha çox kvota ayrılır". 

"Əlilliyi olan şəxslər işlə təmin olunarlarsa, ən əsası özlərini cəmiyyətdə yük kimi hiss etməzlər" 

Bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə mövzu barədə söhbət etdiyini deyən deputat bildirib ki, özünəməşğulluq proqramlarında təminən 20 faiz yer fiziki məhdudiyyətli şəxslərə ayrılır: "Yəni əlilliyi olan şəxslər dövlətdən pensiya və müavinət almaqla yanaşı, saxlanılmış əmək qabiliyyəti və səhhətlərinə ağır təsir göstərməyəcək bir işlə təmin olunarlarsa, həm daim cəmiyyət içində olarlar, həm də ailə büdcələrinə əlaqə qazanc gətirərlər, ən əsası özlərini cəmiyyətdə yük kimi hiss etməzlər. Bu mənada, istər kənd yerlərində yaşayan əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, istər şəhərdə onların yeni peşələr öyrənməsi və işlə təminatı, istərsə də məşğulluq haqqında qanunda onlara xüsusi kvotanın verilməsi, eləcə də Qarabağ müharibəsi əlillərinə daha layiqli həyat şəraitinin yaradılması istiqamətində dövlətin gördüyü işləri müsbət qiymətləndirirəm".

Dövlət büdcəsində özünəməşğulluq proqramlarına 7 milyon manata yaxın vəsait ayrıldığını deyən deputat hesab edir ki, bu vəsaitin kifayət qədər hissəsi əlilliyi olan şəxslərin məşğulluğuna yönəldiləcək.

Bundan başqa, M.Quliyev bildirib ki, dövlətin digər sosial müdafiə tədbirləri də var: "Büdcə vəsaiti hesabına müəyyən kateqoriyadan olan fiziki məhdudiyyətli şəxslərin təhsil alması, kommunal xərclərinin qarşılanması, onlara xüsusi müavinət və təqaüdlərin verilməsi, müalicələrinin aparılması, Qarabağ əlillərinin və peşə xəstəliyindən sağlamlığını itirmiş şəxslərin mənzil və minik avtomobilləri ilə təmin olunması istiqamətində proqramlar həyata keçirilir".

Deputat əlavə edib ki, dövlətin iqtisadi-maliyyə imkanları genişləndikcə, bu kateqoriyadan olan insanlara diqqət daha da artırılır.

Onlar cəmiyyətdən normal münasibət gözləyirlər

Təbii ki, ölkədə bu təbəqədən olan insanların normal həyata qaytarılması - sosial problemlərinin həlli, işlə təminatı istiqamətində həyata keçirilən fəaliyyət nəticəsində müsbət meyllər nəzərə çarpır. Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası yaradılıb, sağlamlıq və reabilitasiya mərkəzləri fəaliyyət göstərir, fiziki məhdudiyyətli vətəndaşlarımız məşğulluq proqramlarına cəlb olunur, onların idman hərəkatında aktiv iştirakı istiqamətində addımlar atılır. Həmçinin, əlilliyi olan şəxslərin, o cümlədən, sağlamlıq imkanları məhdud uşaqların istedad və qabiliyyətlərinin aşkara çıxarılması və cəmiyyətə inteqrasiya olunması məqsədi ilə ümumrespublika bədii yaradıcılıq müsabiqələri keçirilir... Ancaq bütün bunlar kifayət edirmi?

Müşahidələr göstərir ki, xüsusilə sonralar sağlamlığında müəyyən məhdudiyyətlər yaranan şəxslərdə özünəqapanma yaranır, onlar yanlış olaraq cəmiyyətə heç bir fayda verə bilməyəcəklərini düşünürlər. Üstəgəl, ətrafdakıların münasibətdə xeyirxahlıqdan irəli gələn qeyri-adi rəftarının dərəcəsinin bəzən həddən artıq olması keçirdikləri neqativ hissləri daha da gücləndirir. Halbuki əlilliyi olan şəxslər cəmiyyətdən normal münasibət gözləyir, yalnız hüquqlarının qorunması, sosial həyatda aktiv iştirakının təmin olunması istiqamətində daimi həssaslıq və diqqət tələb edirlər.

Ceyhun ABASOV

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

 





23.11.2018    çap et  çap et