525.Az

Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifə


 

Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifə<b style="color:red"></b>

Azərbaycan prezidentinin Türkmənistana rəsmi səfəri iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

21-22 noyabr tarixlərində həyata keçirilən səfər zamanı verilmiş bəyanatlar, imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını sübut edir.

Prezidentlərin imzaladığı birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olunur. Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, iki ölkənin maraqlarına xidmət edən amildir, eyni zamanda, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir.

Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. Dövlət başçısının Türkmənistana səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib.

Səfər çərçivəsində dövlət başçılarının birgə bəyanatı, həmçinin, müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb. Sənədlərin əhatə dairəsi də iki ölkənin əməkdaşlığı dərinləşdirmək niyyətini açıq şəkildə nümayiş etdirir.

Prezidentlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşləri keçirilib, Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dövlət başçılarının imzaladığı birgə bəyanatda dost ölkə olan Azərbaycan və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqləyiblər. Prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini vurğulayıblar.

Bəyanata əsasən, Türkmənistan Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyir. Dövlətimizin başçısının xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir. Bu kimi mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur.

Prezidentlər 2018-ci il 12 avqust tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğulayıblar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin, regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini qeyd ediblər.

Dövlət başçıları Azərbaycan və Türkmənistanın tranzit yüklərinin, həmçinin, ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəkləyiblər. Dövlət başçıları nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin, Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini vurğulayıblar.

Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair imzalanmış 20 müqavilə arasında 2019-2021-ci illər üzrə iqtisadi-ticari sahədə əməkdaşlıq proqramı, 2019-2022-ci illər üzrə nəqliyyat sahəsində əməkdaşlıq proqramı, hökumətlər arasında nəqliyyat, tranzit və logistika sahəsində Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılması, Bakı Beynəlxalq dəniz portu ilə Türkmənbaşı dəniz portu arasında əməkdaşlıq haqqında saziş və s. sənədlər var.

Ekspertlər, politoloqlarlar, millət vəkilləri bu səfəri yüksək qiymətləndirirlər.

Millət vəkili Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu formatın reallaşdırılması sayəsində Azərbaycanın həm üçtərəfli, həm dördtərəfli, həm də çoxtərəfli münasibətləri də kifayət qədər inkişaf edib. Bu nöqteyi-nəzərdən xüsusilə qonşu dövlətlərlə bizim münasibətlərimiz daha dinamik inkişaf tempinə malikdir. Bu baxımdan Xəzər dənizi üzrə qonşu dövlət olduğumuzu Türkmənistanla əlaqələr də istisna təşkil etmir. Cənab prezidentin Türkmənistana reallaşdırdığı rəsmi səfər də bu sadaladıqlarımı təsdiqləyir”.  O bildirib ki, Türkmənistan səfəri olduqca məhsuldar keçib və bu səfər çərçivəsində çoxsaylı sənədlər imzalanıb: “Bu sənədlər ikitərəfli münasibətlərimizin geniş inkişafına dair məsələləri ehtiva edir. Bu, həm uzun müddətli, həm də 2019-2021-ci illər üçün iki ölkə arasında ticarət, iqtisadi münasibətlərin inkişafını özündə ehtiva edən razılaşmalardır. Bundan başqa, səfər çərçivəsində imzalanmış sənədlər sırasında nəqliyyat, tranzit və logistika sahəsində əlaqələrin inkişafı ilə bağlı çox mühüm razılaşmalar var. Eyni zamanda, investisiya qoyuluşunu özündə birləşdirən razılaşmalar əldə edilib. Həmçinin, elm, təhsil, mədəniyyət, incəsənət sahəsində əlaqələrimizin inkişafı ilə bağlı sənədlər imzalanıb. Bu səfər göstərdi ki, iki dövlətin Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsində də əldə etdiyi çox ciddi nailiyyət var”.

Deputat qeyd edib kİ, Azərbaycan ilə Türkmənistan arasında enerji təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsi əsas məsələlərdən biridir: “Qeyri-neft iqtisadiyyatının inkişafı dövlətimizin müəyyən etdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Bu baxımdan iki dövlət arasında qeyri-neft sferasında da əlaqələrin inkişaf etdirilməsi əsas hədəflərdəndir. Bura nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı və digər sahələr daxildir. Bu səfər göstərdi ki, hər iki dövlət arasında olan münasibətlər dostluq, qonşuluq münasibətləridir və bundan irəli gələn addımlar atılır. Həm də müəyyən edildi ki, bizim iqtisadi əlaqələrin çox geniş inkişafı və potensialı var. Ondan maksimum istifadə etmək lazımdır. Hər iki dövlət təkcə ikitərəfli münasibətlər formatında deyil, eyni zamanda, beynəlxalq təşkilatlarda da ortaq və oxşar mövqelərdən çıxış etmə xəttinə sadiq qaldıqlarını bildirdilər”.

E.Nəsirov əlavə edib ki, Türkmənistan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ideyasına dəstək verir: “Bu da bizim üçün olduqca lazımlı məsələlərdən biridir. Bütövlükdə bu gün ikitərəfli münasibətlərimizin hüquqi çərçivəsini 68 sənəd müəyyən edir və imzalanmış yeni sənədlər də heç şübhəsiz ki, ikitərəfli və çoxtərəfli əlaqələrimizin bundan sonrakı inkişafı üçün geniş imkanlar yaradır”.

İqtisadçı ekspert Vüqar Bayramova görə isə bu səfər iki ölkənin münasibətlərində yeni mərhələ kimi qiymətləndirilməlidir. Ekspert qeyd edib ki, son illər Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur. Belə ki, əgər 2014-cü ildə ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 51 milyon ABŞ dolları idisə, bu rəqəm 2017-ci ildə 164 milyon 145 min dollaradək yüksəlib. Son 4 ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətləri həm də Xəzərin statusu müəyyənləşdikdən sonra yeni mərhələyə qədəm qoyub: “Nəzərə alsaq ki, hər iki ölkə Xəzəryanı ölkədir, Türkmənistan və Azərbaycan arasında işlənməli yataqlar var. Bu yataqların işlənməsi məsələsi uzun müddətdir ki, müzakirə olunur və Xəzərin statusunun müəyyənləşməsi bir tərəfdən bu yataqların işlənməsi üçün bir zəmin formalaşdırdı, eyni zamanda, xüsusilə enerji resurslarının birgə nəqli baxımından da imkanlar yaratdı. Səfər çərçivəsində imzalanan sənədlər, bu sənədlərdə əks olunan məsələlər ondan xəbər verir ki, növbəti dövr Azərbaycan-Türkmənistan əlaqələri baxımından vacib bir dövr olacaq, hər iki ölkə iqtisadi, siyasi, strateji əməkdaşlıqda yeni mərhələyə qədəm qoyacaq”.

PƏRVANƏ

 





24.11.2018    çap et  çap et