525.Az

Paşinyanın antirusiya siyasəti İrəvan-Moskva gərginliyini artırır


 

“ERMƏNİSTAN BAŞ NAZİRİNİN ABŞ-ın ADAMI OLMASINA, KTMT-ni DAĞITMAĞA ÇALIŞMASINA DAİR CİDDİ ŞÜBHƏLƏR VAR”

<b style="color:red">Paşinyanın antirusiya siyasəti İrəvan-Moskva gərginliyini artırır</b>

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində antirusiya əhval-ruhiyyəsinin hökm sürməsi İrəvan-Moskva gərginliyini artırır.

Cari ilin aprel ayında Serj Sarkisyanın işğalçı ölkədə hakimiyyət quruluşunu dəyişərək prezidentlikdən baş nazir vəzifəsinə keçməsindən sonra baş verən inqilab nəticəsində hakimiyyəti ələ alan Nikol Paşinyanın yürütdüyü qərbyönümlü siyasət Ermənistanda Rusiya əleyhdarlarının aktivləşməsinə səbəb olub.

Rusiyanın “eadaily.com” saytı yazır ki, “Məxməri inqilab”dan sonra bu ölkədə ilk dəfə keçiriləcək parlament seçkiləri həm əvvəlki, həm də hazırkı hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir: “Ermənistanda 7-ci çağırış parlament seçkilərində iştirak edən 9 partiya və 2 siyasi blokun hər biri qələbə qazanmaq istəyir. Onların sırasında yeni siyasi partiyalar da var. Biri 2016-cı ildə İrəvanda polis binasını ələ keçirən, 1 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olan silahlı qruplaşmanın yaratdığı “Sasnatser” partiyasıdır”.

Bildirilib ki, noyabrın 21-də Ermənistanın birinci kanalında çıxış edən sözügedən partiyanın lideri Jirayr Səfilyan seçki proqramlarının əsas tezislərini təqdim edib.

Hamı kimi, telekanal aparıcısı Petros Kazaryanı da “Sasnatser” terror təşkilatının xarici siyasət prioritetləri maraqlandırıb. Bu mənada, sayt qeyd edib ki, Ermənistanın Rusiya ilə sıx münasibətlərindən dəfələrlə narazılığını dilə gətirən Səfilyan əvvəlki mövqeyində qaldığını bildirib: “Partiya lideri hesab edir ki, Ermənistan Rusiya ilə strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrini yenidən nəzərdən keçirməli və regional əməkdaşlıq səviyyəsinə endirməlidir”.

“Krasnaya vesna” informasiya agentliyi isə yazır ki, J.Səfilyan Rusiya ilə bütün müqavilələri pozmağa çağırış edib. Terror təşkilatının lideri Ermənistanın Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından çıxmasını tələb edir.

Bundan başqa, J.Səfilyan Rusiyanın Gümrüdə yerləşən hərbi bazasının boşaldılması məsələsini qaldırıb.

Agentlik bildirir ki, “Sasnatser” lideri Rusiyanı Qafqaz regionundan uzaqlaşdırıb ABŞ və İranla tərəfaşlıq müstəvisində fəaliyyət qurmağı planlaşdırır.

“PolitNoviqator.net” saytı da Paşinyan tərəfarlarının antirus ritorikasını davam etdirməsindən yazır. Qeyd olunub ki, Paşinyan artıq Ermənistanın Avrasiya İttifaqından çıxması əleyhinə çıxışlar etməsə də, onun “Yelk” partiyasından olan yoldaşları bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

Politoloq Vigen Akopyan bildirib ki, Paşinyan iqtidara keçdikdən sonra mövqeyində dəyişiklik edib: “Baş nazir müxalifətdə olanda Rusiya ilə əməkdaşlığı özündə əks etdirən qanun layihələri əleyhinə çıxışlar edir, Ermənistan rəhbərliyini Avrasiya İttifaqı ilə yolları ayrımağa çağırırdı. Ancaq hakimiyyətə gəldikdən sonra o, artıq bu cür çıxışlar etməyəcəyini bildirib. İndi Paşinyan Avrasiya İttifaqını dəstəkləyir, onun vaxtilə üzvü olduğu “Yelk” partiyası isə əks mövqedə dayanır, antirusiya ritorikasını davam etdirir”.

“Danışır Moskva” (“Qovorit Moskva”) radiostansiyasının baş redaktoru, tanınmış jurnalist Sergey Dorenko isə Nikol Paşinyanla bağlı tənqidi fikirlər səsləndirib. O bildirib ki, Paşinyan siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilmir.

Rusiyalı jurnalist hesab edir ki, Paşinyanın xüsusilə seçki ərəfəsində atdığı addımlar, verdiyi bəyanatlar anlaşılmazdır, heç bir məntiqə sığmır: “Ermənilər əksər xalqlar kimi mühafizəkar dəyərləri bölüşdüyü halda Paşinyan İrəvanda keçirilən cinsi azlıqların forumuna dəstək nümayiş etdirir. Bu, heç cür başadüşülən deyil. Hesab edirəm ki, bununla Paşinyan siyasətçi üçün özünəqəsd sayıla biləcək gedişə imza atıb”.

“Paşinyan artıq başa düşməlidir ki, normal siyasətçi bir mövqedə olmalı, öz nüfuzuna xələl gətirməməlidir. Hərçənd ki, o, siyasət adamı olmadığını artıq sübut edib”, - deyə S.Dorenko bildirib.

Daha sonra rusiyalı jurnalist qarşıdakı seçkilərdə erməniləri Paşinyana səs verməməyə çağırıb: “Axı hansı keyfiyyətinə görə, seçkilərdə Paşinyana səs verilməlidir? Məsələn, mən səs verməzdim”.

Ermənistanın Rusiyadakı Səfirliyi S.Dorenkonun bu fikirlərini erməni xalqına qarşı təhqir kimi qiymətləndirib. Səfirlik, həmçinin, jurnalistin Paşinyanı cinsi azlıqların İrəvanda keçirilən forumuna müsbət yanaşmaqda ittiham etməsini də “erməni liderin imicinə vurulan ciddi zərbə” kimi qiymətləndirib.

S.Dorenko səfirliyin bəyanatına cavabında bildirib ki, onun erməni xalqını təhqir etmək niyyəti olmayıb və söz azadlığı çərçivəsində N.Paşinyan haqqında düşüncələrini dilə gətirib.

“Eurasianet.org” isə Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında yaranan gərginlikdən yazıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində Yuri Xaçaturovun baş katiblikdən uzaqlaşdırılmasından sonra Paşinyan öz namizədini bu posta gətirməyə çalışsa da, Belarus və Qazaxıstan prezidentləri buna imkan verməyib. Aleksandr Lukaşenko və Nursultan Nazarbayev əlifba ardıcıllığı ilə Belarusun nümayəndəsinin baş katibliyə gətirilməsi tələbi ilə çıxış ediblər. Bu da növbəti qarşıdurmanın əsasını qoyub.

“Lukaşenko “küçə siyasəti”ni beynəlxalq diplomatiyaya gətirməyə çalışdığına görə Ermənistanı tənqid etdikdən sonra rəsmi İrəvan və Minsk arasında uzun müddətdir davam edən gərginlik açıq müstəviyə çıxıb. Nikol Paşinyan cavab olaraq bildirib ki, Ermənistan formal müttəfiqləri ilə daha qətiyyətli olacaq. Lakin bu mübahisə Ermənistanın həssas geosiyasi balanslaşdırma fəaliyyətini sarsıtmaq təhlükəsi yaradır.

Belarusun Xarici İşlər Nazirliyinin mətbuat katibi isə qeyd edib ki, dövlətlərarası əlaqələrdə aydın davranış qaydaları var: “Çox güman ki, Paşinyan “küçə demokratiyası” adlandırılan anlayışın böyük siyasətlərdə qəbuledilməz olduğunu anlamayıb. Ümid edirik ki, bu, zamanla aradan qalxacaq”.

“Report”a müsahibəsində Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı politoloq Sergey Markov Paşinyanın Belarus prezidentinə bəyanatını şərh edərkən bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xətti ilə İrəvan-Minsk qarşıdurması, əslində, İrəvanla Moskvanın diplomatik qarşıdurmasıdır, sadəcə, Ermənistan Kremlə qarşı açıq tənqid səsləndirə bilmir: “Bu gün Ermənistanla Belarus arasında KTMT çərçivəsində baş verənlər “razılaşdırılmış müharibə”, vasitəçiliklə olan müharibədir. Mənə elə gəlir ki, Ermənistanla Belarus hökumətləri arasındakı bu qarşıdurma, əslində, Rusiya ilə Ermənistan hökumətləri arasındakı qarşıdurmanın ifadəsidir”.

Rusiyalı politoloqun sözlərinə görə, N.Paşinyan Ermənistanın KTMT qarşısında öhdəlikləri ilə daban-dabana zidd hərəkət edib və bu da Rusiya tərəfinin narazılığına səbəb olub.

“Özü də Paşinyan yalan danışır. O, KTMT baş katibini həbs etdirib və bunu gizlətmək, məsuliyyətini başqaların üstünə yıxmaq istəyib. İctimaiyyətə sızdırılan telefon danışığından açıq-aşkar görünür ki, həbs əmrini Paşinyan verib. Həmçinin, o, hökumətini ancaq qrant yeyənlərdən, yəni uzun illərdir Amerikadan qrant alanlardan təşkil edib. Əslində, onun özünün də ABŞ-ın adamı olmasına, KTMT-ni dağıtmaq siyasətini yeritməsinə dair ciddi şübhələr var”, - deyə baş direktor bildirib.

S.Markovun fikrincə, Nikol Paşinyanın və onun arxasındakı ABŞ gizli xidmətlərinin mühüm məqsədi Rusiya ilə Ermənistan arasında açıq qarşıdurma müstəvisi yaratmaq və bununla da Ermənistan ictimaiyyətini Rusiyaya qarşı meylləndirməkdir: “Mən belə başa düşürəm ki, bu hiyləni boşa çıxartmaq üçün Belarus bir növ Rusiyanın sözçüsü rolunu ifa edir, yəni Rusiya hökumətinin açıq şəkildə bəzən deməyə hazır olmadığı şeyləri ifadə edir”.

Politoloq bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya tərəfinin diplomatik səbəblər üzündən deməyə cürət etmədiklərini açıq deyə bilir.

“Nikol Paşinyan KTMT-ni daxildən dağıtmaq gücünə və imkanına sahib deyil. Əslində, bir gün Ermənistanın KTMT-dən xaric edilməsi məsələsi gündəmə gələ bilər” - S.Markov diqqətə çatdırıb.

KTMT-nin dekabr ayında yeni baş katib seçkisinə toxunan politoloqun sözlərinə görə, baş katib kürsüsünün boş qalması qurumun səmərəsinə mənfi təsir göstərəcək: “Əlbəttə, Rusiya bunu istəməz. Rusiyanın ehtiyat variantı var. Yeni baş katib seçilməsə, onun səlahiyyətini Rusiya müdafiə naziri icra edəcək”.

Ceyhun ABASOV

 





24.11.2018    çap et  çap et