525.Az

Dünya kimi, nəğmə kimi kitablar...


 

Dünya kimi, nəğmə kimi kitablar...<b style="color:red"></b>

Kitabdan qaçan, ədəbiyyatı anlamayan və mütaliəni mənasız sayan adamların sayı az deyil. Bunu bilmək uçun heç sorğuya da gərək yoxdu.

Bu davranışdan, danışıq mədəniyyətindən, başqalarına münasibətdən də hiss olunur. Sözün qısası, kitabı sevməyən adam insanları da sevmir. Belə adamların başında həmişə bir mənəm-mənəmlik sevdası dolanır... Çünki dünyası dar, başqalarından, həyatdan, gözəllikdən bixəbər olur...

Bugünlərdə balaca bir yazı oxudum. Balaca olsa da, mənə böyük təsir bağışladı və zövq aldım. Unutmamaq üçün tez dəftərçəmə qeydlər elədim. Düşündüm ki, heç nə ədəbiyyat və ya bir əsər qədər qəlbimizə belə təsir edə bilməz. Ədəbiyyat həyatı əks etdirir və o, özü bir həyatdı... Elə gözəl bir həyat ki... Deməli, Şəbnəm Hümbətovanın "Sənin kimi olacağam" adlı ibrətamiz hekayəsində balaca oğlanın atası əslində, yaxşı adam deyil. Ancaq oğlu bundan xəbərsizdi. Onun gözündə atası insanların ən yaxşısıdı və yazdığı inşada da bundan bəhs edir. Onun müəllimi isə oğlanın atasını yaxşı tanısa da, üzə vurmur. Əksinə, uşağın öz atası haqqında düşündüklərinə sevindiyini bildirir. Oğlan axşam yazdığı inşadan "əla" aldığını və onunla fəxr etdiyini atasına söyləyəndə atanın əhvalı dəyişir. Onun qəlbində yatmış vicdanı oyanır və sabahı gözləmədən səhvini düzəltməyə başlayır. Çünki o, bir həkimdi və həkimin səhvi insanların həyatı bahasına başa gəlir... Sizcə, onun imkansız və ağır xəstəsinə görə qəlbini incitdiyi qadın kim olsa yaxşıdı? Oğlunun inşasına "əla" yazan müəllimə... Bax, ədəbiyyatın gücü budu. İnsanları görün necə qarşı-qarşıya gətirir və nə yaxşı ki, hər şey yaxşılıqla bitir. Deməli,

... Adam istəsə, qızılgül olar, bənövşə olar, istəsə, dünyanı dəyişər, müharibələr olmaz, uşaqlar ölməz... Amma adam dünyaya nifrət edir, nədənsə robot olmaq istəyir, insan olmaq istəmir...

Amma bununla belə, ədəbiyyat bizi İnsan olmağa çağırır, mübariz olmağa sövq edir və qəlbimizdə sədləri, sərhədləri qaldırır. Hamımızın çox sevdiyi və ruhlandırdığı Cek Londonun "Martin İden"i kimi. Həyatında bu əsərin müsbət rol oynadığını neçə insandan eşitmişəm və elə özümə də təsirsiz ötüşməyib. Əlbəttə, hər kəs dünyadan özünə lazım olanı götürür... Ədəbiyyat da bir dünyadır, beləcə... Ədəbiyyat həm də bir nəğmədir sanki... Elə həzin, elə şirin, elə gözəl nəğmə ki, bir də baxarsan kitabı bağrına basıb rahatca uyumusan:

Nə vaxt görsəm anamı
Əlində bir kitab var.
Sanki kitab olmasa
Dünya ona dar olar. 

Ev işləri görməsə
Anam bir an dayanmaz.
Kitabla yuxulayar,
Kitabsız heç oyanmaz. 

Kitablar elə durub
Əsgəridir anamın.
Kim kitab oxumursa
Düşmənidir anamın...

Elmin-mədəniyyətin dəyərini bilən, böyük ürək sahibi olmuş məşhur mesenat Hacı Zeynalabdin Tağıyev o cəhalət dövründə nədən qız məktəbi açmışdı? Savadlı anaların yetişməsi üçün. Anaların mütaliəsi o qədər vacib, aktual məsələdir ki... Ananın təhsili, mütaliəsi bütün cəmiyyətə sirayət edir...

Bilirsiniz, nə düşünürəm... Bizim doğmalarımız, sevimli ata-anamız belə zamanı gəldikcə bizdən ayrılırlar. Kimsə sonuna qədər yanımızda qalmaz... Amma kitab əsla bizi tərk eləməz. Biz onu sevdikcə o təzələnər, quş olub əllərimizə qonar sanki...

Mina RƏŞİD

 





23.11.2018    çap et  çap et