525.Az

Görkəmli kino xadimləri yad edildilər


 

Görkəmli kino xadimləri yad edildilər<b style="color:red"></b>

Noyabrın 22-də ikinci Fəxri xiyabanda kino sənətimizin inkişafında böyük xidmətləri olan, Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun xatirəsi anılıb. Anım tədbiri sənətkarın doğum gününə, anadan olmasının 80 illiyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Həsən Məmmədovun məzarı önünə gül dəstələri düzüblər.

Anım mərasimində C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Həsən Məmmədovun mənalı ömür yolu və zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir.

Böyük sənətkarın çəkildiyi filmləri, teatr səhnəsində canlandırdığı rolları xatırladan Müşfiq Hətəmov bildirib ki, Həsən Məmmədov xoşbəxt sənətkardır. Onun Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmləri və teatr səhnəsində canlandırdığı surətlər ölkənin mədəniyyət xəzinəsini zənginləşdirib.

Qeyd edilib ki, Həsən Məmmədov 1972-ci il fevralın 2-də "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu ildə Cəmil Əlibəyovun "Gülüstanda qətl" dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq", "Arşın mal alan", "Gün keçdi", "Arxadan vurulan zərbə", "İstintaq", "Dədə Qorqud", "Axırıncı aşırım" və digər filmlərdə əsas rolları ifa edib.

Vurğulanıb ki, sənət nümayiş etdirmək və əbədiyaşarlıq qazanmaq hər sənətkara nəsib olmur. Həsən Məmmədov həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.

Həmçinin noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun 85 illiyi tamam olur.

Bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə əklil və tər çiçəklər düzüblər.

Anım mərasimində Xalq artisti Eldar Quliyev ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salıb. Bildirib ki, R.Ocaqovun filmləri həmişə yaşayacaq: "Rasim Ocaqovun ekran əsərləri əbədiyaşardır, onun filmlərinə baxarkən hamı biləcək ki, Azərbaycanda, bu torpaqda belə görkəmli şəxsiyyət yaşayıb. Mərhum sənətkar deyirdi: "Kino işi ağır sənətdir. Əvvəl istəyirsən elə film çəkəsən ki, valideynlərinin qarşısında utanmayasan. Vaxt gəlir elə film çəkmək istəyirsən ki, övladlarının yanında utanmayasan". İllər ötür, yeni-yeni ekran əsərləri yaradılır, ancaq onun çəkdiyi filmlər hər zaman sevilə-sevilə baxılır".

Rasim Ocaqovla uzun müddət birgə çalışmış kinooperator Rafiq Qəmbərov görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb: "Rasim Ocaqov həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur. O, milli olduğu qədər də bəşəridir. Onun adı dünya kino nəhəngləri ilə bir sırada çəkilməyə layiqdir".

Həyatında, yaradıcılığında Rasim Ocaqovun xüsusi yerinin olduğunu qeyd edən R.Qəmbərov onunla birgə çalışmasından məmnunluğunu ifadə edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova vurğulayıb ki, kino Rasim Ocaqovun həyatı, varlığı idi. O, özünü kinodan ayrı hiss edə bilmirdi. "Rasim Ocaqov kino sənətimizdə bir ocaq yandırdı və bu ocaq heç zaman sönməyəcək. Nə qədər o ocaq yanacaqsa, o qədər də R.Ocaqov yaşayacaq. Şərəfli və mənalı ömür yaşayan kinorejissor bütün həyatını milli kinomuzun inkişafına həsr etdi. O, kinonun nəbzi idi".

Sənətkarın dostu, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov Rasim Ocaqovu Azərbaycan xalqına başucalığı gətirən şəxsiyyət adlandırıb. "Nə yaxşı ki, Azərbaycan kino mədəniyyətində, kino tarixində, kino salnaməsində Rasim Ocaqov faktoru var və çox xoşbəxtəm ki, bu faktor mənim kinoda olan dövrümə düşüb. Mən o böyük ustadla yoldaşlıq, dostluq eləmişəm, çiyin-çiyinə yaradıcılıq işləri aparmışam, ondan öyrənmişəm, məsləhətlər almışam", - deyə Şeyx Əbdül qeyd edib.

Natiqlər Rasim Ocaqovun Azərbaycan kinosunun inkişafı naminə gördüyü işlərdən söhbət açaraq, onun xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıblar.

 





23.11.2018    çap et  çap et