525.Az

"Bakutel-2018" sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək


 

"Bakutel-2018" sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək<b style="color:red"></b>

"İdeyadan Biznesə" layihəsi çərçivəsində respublikamızın 8 bölgəsində keçirilən startap turları zamanı çəkilmiş illüstrativ rəsmlərin xeyriyyə hərracı olacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, hərrac dekabrın 5-də, saat 20:00-da "JW Abşeron Marriott" otelində keçiriləcək.

Hərracdan toplanmış vəsait "Birgə və Sağlam" İctimai Birliyində reabilitasiya keçən autizmli uşaqlara dəstək məqsədi ilə istifadə ediləcək.

Bildirilib ki, "Birgə və Sağlam" İctimai Birliyi reabilitasiya mərkəzlərində psixi, əqli əlilliyi olan, xüsusi qayğıya ehtiyac duyan uşaqlara reabilitasiya və bərpa xidmətləri göstərilir. Bu cür xidmətlər müxtəlif dəstəklərlə həyata keçirilir. İnkişaf problemləri olan uşaqlar diaqnozlarına müvafiq olaraq bərpa proqramlarından istifadə etsə də, bu uşaqların müxtəlif digər ehtiyacları birlik tərəfindən qarşılana bilmir. Uşaqların müxtəlif digər ehtiyaclarının qarşılanması və ümumiyyətlə, cəmiyyətdə bu istiqamətdə sosial təşəbbüskarlığın artırılması məqsədilə bir sıra müəssisələr öz dəstəklərini təklif edirlər.

Qeyd edək ki, rəsmləri tanınmış illüstrator-rəssam Mahir Qafarov çəkib.

Xatırladaq ki, "İdeyadan Biznesə" layihəsi "Bakutel-2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində keçirilir.

"Bakutel-2018" sərgi-konfransı çərçivəsində dekabrın 6-dan 7-dək Bakı şəhərində yerləşən uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası da təşkil olunacaq. Onlar sərgidə fəaliyyət göstərən pavilyonlarla tanış olmaq və innovativ oyun zonasında əylənmək şansı əldə edəcəklər.

C.ABASOV

 





23.11.2018    çap et  çap et