525.Az

Sərhəd idarəçiliyi üzrə potensial gücləndiriləcək


 

Sərhəd idarəçiliyi üzrə potensial gücləndiriləcək <b style="color:red"></b>

Polşa Respublikasının paytaxtı Varşava şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının həyata keçirdiyi "Şərq tərəfdaşlığı ölkələri üçün inteqrə edilmiş sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi" layihəsinin yekun konfransı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Ermənistan, eləcə də Avropa Komissiyası, Avropa İttifaqının üzv ölkələri və portnyor təşkilatlardan nümayəndələr qatılıb.

Konfransda Azərbaycanın nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov və Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi Ceyhun Nəcəfli də iştirak ediblər.

Konfransda aidiyyəti partnyorların və tərəfdaşların interaktiv platforma ilə təmin edilməsi, qazanılmış nailiyyətlərin paylaşılması və gələcək fəaliyyətlə bağlı məsələlər müzakirə olunub.

Tədbir zamanı MDB üzv dövlətləri tərəfindən sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsinin tətbiqinə dair hesabat təqdim edilib, sözügedən layihənin effektiv şəkildə reallaşdırılması istiqamətində məhdudiyyət və çətinliklərin həlli istiqamətində görülən tədbirlər və digər məsələlər nəzərdən keçirilərək ölkələrin müvafiq məruzələri dinlənilib.

Öz növbəsində, Dövlət Gömrük Komitəsinin nümayəndəsi çıxış edərək inteqrasiya olunmuş sərhəd idarəçiliyi sahəsində təlim materiallarının hazırlanması, potensialın gücləndirilməsi, sərhədkeçmə və gömrük prosedurlarının sadələşdirilməsinə yönəlmiş tədbirlər barədə məlumat verib. Bildirilib ki, gömrük əməkdaşlarını inteqrə olunmuş sərhəd idarəçiliyi sahəsində Avropa İttifaqının üzv ölkələrinin təcrübəsinə əsaslanan bilik və bacarıqlarla təmin etmək məqsədilə vaxtaşırı təlim və seminarlar təşkil olunur. Həmçinin, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrində beynəlxalq standartlara cavab verən infrastrukturun təşkili, ticarətin asanlaşdırılması mərkəzlərinin yaradılması üzrə işlərin aparıldığı, "elektron hökumət" portalında gömrük xidmətlərinin daim təkmilləşdirildiyi, səlahiyyətli iqtisadi operatorlar institutunun, "bir pəncərə" prinsipinin inkişaf etdirilməsi məqsədilə mütəmadi işlərin görüldüyü diqqətə çatdırılıb.

Eyni zamanda, 2017-2018-ci il tarixlərində həyata keçirilmiş Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinə Ümumi Tranzit Proseduru və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma prosesi barədə məlumat verilib. Dövlət Gömrük Komitəsinin nümayəndəsi son dövrdə gömrük sahəsində həyata keçirilən köklü islahatlar, xüsusilə struktur dəyişikliyi, idxal-ixrac əməliyyatları üzrə görülən tədbirlər barədə də danışıb və yeni çağırışlara cavab verə biləcək kadrların hazırlanmasında, onların bilik və bacarıqlarının artırılmasında FRONTEX layihəsi çərçivəsində tərəfdaşlığın zəruriliyini diqqətə çatdırıb.

S.QARAYEVA

 





23.11.2018    çap et  çap et