525.Az

Tarix İnstitutunun Elmi Şurasının iclası keçirildi


 

TARİXÇİ ALİMLƏRİN ƏSƏRLƏRİNİN İMPAKT FAKTORLU JURNALLARDA NƏŞR İMKANLARI MÜZAKİRƏ OLUNUB

Tarix İnstitutunun Elmi Şurasının iclası keçirildi<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Şurasının iclası keçirilib.

Tarix İnstitutundan verilən məlumata görə, iclasda tarixçi alimlərin əsərlərinin impakt faktorlu jurnallarda nəşr imkanları ilə bağlı qarşıda duran vəzifələr geniş müzakirə olunub.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, institut Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Bolqarıstan, Albaniya, Polşa və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir.

Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu "ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi" adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.

Y.Mahmudov məlumat verib ki, Tarix İnstitutuna Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədləri gətirilib.

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Elmi Şuranın iclasında "Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında" adlı məruzə ilə çıxış edib.

F.Əliyev bildirib ki, Azərbaycanda çıxan 365 elmi jurnaldan cəmi 18-i beynəlxalq standartlara cavab verir: "Azərbaycan tarix elmi xalqımızın və dövlətçiliyimizin simasıdır və onu hamımız qorumalıyıq".

İclasda "Applied and Computational Mathematics" beynəlxalq jurnalının baş redaktorunun müavini Nərgiz Səfərova və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin "Nəzəri və tətbiqi riyaziyyat" jurnalının aparıcı redaktoru Qəmər Məmmədova da çıxış ediblər.

Qeyd edək ki, akademik F.Əliyev 1993-cü ildən Amerika Riyaziyyat Cəmiyyətinin, 1996-cı ildən Ümumdünya Kompüter Assosiasiyasının və 1997-ci ildən isə Nyu-York Elmlər Akademiyasının üzvüdür.

C.ABASOV

 





23.11.2018    çap et  çap et