525.Az

Bakıda "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" beynəlxalq konfransı


 

Bakıda "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" beynəlxalq konfransı<b style="color:red"></b>

Noyabrın 22-də Bakıda Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" mövzusunda beynəlxalq konfrans keçirilib.

"Azərtac" xəbər verir ki, konfransın açılış mərasimində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edib. 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən nazir F.Məmmədov bildirib ki, konfrans hüquqi dövlətdə ədliyyə sisteminin, Azərbaycan ədliyyəsinin formalaşmasına, inkişafına və qarşıda duran yeni çağırışlara həsr olunub.

F.Məmmədov bildirib ki, tədbirdə Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr edilmiş və tarixi faktlarla zəngin olan yeni kitabın təqdimatı keçiriləcək. Yubiley münasibətilə təntənəli tədbirlərin keçirildiyini, mətbuatda çoxsaylı çıxışlar edildiyini və ədliyyə tarixinə dair xüsusi filmin hazırlandığını vurğulayan nazir deyib ki, müxtəlif fəaliyyət istiqamətləri üzrə diqqəti cəlb edən videoçarxlar çəkilərək televiziyada nümayiş olunur. Eyni zamanda, Azərbaycanda vətəndaş cəmiyyəti ilə tarixən formalaşmış əlaqələrə, unikal şəxsi adlara və qeyri-adi vəsiyyətnamələrə dair maraqlı məlumatları əks etdirən bukletlər hazırlanıb.

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısının ədliyyə işçilərinə və hakimlərə təbrik məktubunu oxuyub.

Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Azərbaycan ədliyyəsi və məhkəmə sisteminin qurulması tarixindən və inkişaf yolundan, Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə və məhkəmə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov konfransda "Azərbaycan Ədliyyəsi 100: təkamül və yeni çağırışlar" mövzusunda geniş məruzə ilə çıxış edib.

Konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, o cümlədən, Türkiyənin, Belarusun, Gürcüstanın və digər ölkələrin ədliyyə nazirləri və müavinləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak edirlər.

Beynəlxalq konfransda Türkiyənin ədliyyə naziri Abdulhamit Gül "Türkiyənin məhkəmə sisteminin müasir inkişaf mərhələsi" məruzəsi ilə çıxış edib.

Sonra "Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda" kitabının təqdimatı olub.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan ədliyyəsinin 100 illik inkişaf tarixindən bəhs edib. Akademik nəşrin hazırlanmasının yubiley münasibətilə Azərbaycanın hüquq ictimaiyyətinə sanballı hədiyyə olduğunu bildirib.

Daha sonra Belarusun ədliyyə naziri Oleq Slijevski "Belarus Respublikası ədliyyə sisteminin inkişafı: vəzifələr, nailiyyətlər, tendensiyalar", Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Əli Hüseynli "Hüquq sisteminin inkişafında müasir qanunvericilik bazasının rolu", Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti (CEPEJ) Georg Stava "Azərbaycan və CEPEJ: inkişaf üçün əməkdaşlıq", Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırov "Ədalət mühakiməsinin həyata keçirilməsi işində vəkilliyin rolu" mövzularında məruzələrlə çıxış ediblər.

 





23.11.2018    çap et  çap et