525.Az

YETMİŞ-ində...


 

YETMİŞ-ində...<b style="color:red"></b>

Əli HƏSƏNLİ 

70 yaş çoxdu, hədsiz dərəcədə çoxdu. Ömür 60, uzağı 65-di. Yetmişində özünə də elə gəlir, çox yaşamısan, artıq sərhəddi aşıb yad bir ölkəyə , yad adamların içinə düşmüş kimisən. Nə onlar səni duyub başa düşür, nə də sən onların dilini anlayırsan. Nə sən bu yad ölkəyə, yad adamlara uyuşub qovuşa bilirsən, nə onlar sənə. Çünki hərəniz ayrı-ayrı zamanlarda, məkanlarda yaşayırsınız. Uyuşub qovuşa bildiklərinin  – sənin yaşıdlarınınsa əksəriyyəti bu dünyadan, səndən, daha doğrusu, sənin dünyandan çoxdan köçüb. Səni bu yad dünyanın, yad mühitin adamlarıyla tək-tənha qoyub köçüb. Həmin yad adamlardan, ya kiminsə ömrünü oğurlayıbmış kimi hamıdan xəcalət çəkirsən, yanlarında boynuqısıq dolanırsan. Öz ailənin içində də özünü qürbət yerlərdəki, qürbət adamların arasındakı  tək, qərib, kimsəsiz, tək-tənha hiss edirsən. Öz doğmaların da sənə  yad, ögey, tanımadığın soyuq, biganə adamlar kimi gəlir. Artıq qohumluq, qardaşlıq, atalıq-babalıq əlaqələri sanki qırılıb silinmiş, təkbaşına başdan-başa yad adamlarla əhatə olunmusan. Dəhşətlisi budu, bu yadlıq-ögeylik çoxu da özlüyündə heç cür qəbul edəmmədiyin sənin nəinki onlara, bütün cəmiyyətə, özünə də artıq yük olmağından irəli gəlir. Axı, yaş artıq öz işini görüb, səni səndən alıb, səndən tamam başqa; xamlığındanmı, qəsdənmi, təhrif olunmuş bir adam qurub düzəldib. Hamının qınaq yerinə, gülüş, qəzəb hədəfinə çevriləsən, səni ortalığa, lağa qoyub sonra da başında turp əkələr.

Hər şey; sevinc, həvəs, övlad-nəvə istəyi, yuxu, rahatlıq, şövq, ləzzət, həyatın dadı, görüb duymaq, dərk etmək qabiliyyəti, görmədiyin, ömrün boyu həsrətində olduğun gözəl yerlər üçün uçmaq, gözəl təamlardan qablama (protez) dişlərini iyrənccəsinə şaqqıldada-şaqqıldada dadsız ağzınla tamarzıcasına dadmaq xoşbəxtliyi səni tərk etsə də, səni həyata bağlayan gərəkli nə varsa, səni gərəksiz bir şey kimi atıb getsə də, səndən bezmiş dünyadan dördəlli yapışmağın, ondan həyasızcasına əlinlə-ayağınla sallanmaq özünə də ar gəlir. Çox yemək mədəni korladığı, axırına çıxdığı kimi, çox yaşamaq da sənin, bütün insan keyfiyyətlərinin axırına çıxır. Səni boş, mənasız, əprimiş sözlərin, donqultularınla əl-ayağa dolaşan, gərəksiz bir şey kimi çoxdan atılmalı olsa da atıla bilməyən köhnə, dəbdən düşmüş, yer-yerdən qurd içini gəmirib yediyindən sənin kimi yorucu, xırıltılı səslər çıxaran mebelə çevirir. Ömür dabanı düşmüş, burnu deşilmiş ayaqqabıya, rəngini-şuxluğunu itirib, əynindən süzülüb-tökülən nimdaş paltara dönür. Çılpaqlaşıb ayıbın göründükcə ucuzlaşırsan. Ölüm də artıq səndən gen gəzir, səni elə arayıb axtarmır. Yadına düşmürsənmi, səndən bezib çirkinirmi. Səni kimi ələngədənsə gözəl-göyçək, yaraşıqlı, şahzadə cavanları qurban kimi seçir, onlara vurulur, onları gül kimi budağından üzməyə, ləzzətlə qoxulamağa üstünlük verir. (Vağanayıb tökülən quru-qaxac çiçəyə kim tamah salar). Qocalar dura-dura neçə canlara dəyən igidin heç nədən canını tapşırmağı bəlkə buna görədi, sənin, sənin yaşda olanların suçu üzündəndi. Ona görə bacarıb vaxtında tənəsiz-filansız üzüsulu ölmək, zamana, insanlara əngəl olmamaq, cavanların ölümünə bais olub yollarında kötük kimi bitməmək gərəkdi, yoxsa nə qədər ölmək istəsən də ölə bilməyəcəksən. Ölüm də, Tanrı da birdəfəlik səndən üz çevirəcək, ya çoxdan ölmüş biləcək. Bütün bunları yaxşı bilsən də, yüksək inkişafın  (sivilizasiyanın) sürətinin vaxtın, zamanın da sürətini hiss olunacaq qədər yeyinlətdiyini, daha doğrusu, bu sürətin həmin andaca ona da keçdiyini (bu həm də ömrünün sürətini tezləşdirmək deməkdi) danılmaz bir həqiqət kimi qəbul etsən də, insanın bu həqiqətlərdən üstün başqa bir meyarı, həqiqəti olduğuna inanır, onunla təsəlli tapırsan. Yüz il, min il yox, bu həddindən artıq azdı, dünyanın axırınacan yaşayıb dünyanın axırını görmək, şeytanla qiyamətə qalmaq istəyi, bircə bu dünyanın axırına çıxıb  sonra öləydim, – ürəyinin dərinliyindən  qopub gələn yanıqlı iç umuşu. Bu həyatın  şirinliyindən çox, həyatda qoyub getdiklərini, ya həyatın səndən aldıqlarını, qəddarcasına çalıb apardıqlarını bir əmanət kimi geri almaq, onun yanında  borclu qalmamaq istəyindənmi irəli gəlir.  Bunlar gecə-gündüz beynini mucuqlayır, səni heç cür rahat buraxmır, özünü aldada-aldada bu aldanışın həqiqətdən qat-qat şirinliyindən, ovsunkarlığından sehrlənirsən. Yalanın qüdrətinin mində, milyonda birinin həqiqətdə olmamağı  həqiqəti gözündən salır, ucuzlaşdırıb cazibəsini itirir. Axı, bu dəqiqə sən özün də heç kimə gərək olmayan əsl canlı, ucuzlaşmış həqiqətsən. Yalanın ən güclü həqiqətlərə qalib gəlməyinin əsl sirrini yaxşı bilirsən.

2012

 





26.08.2013    çap et  çap et