525.Az

Firidun İbrahiminin 100 illik yubileyi münasibətilə konfrans keçirildi


 

Firidun İbrahiminin 100 illik yubileyi münasibətilə konfrans keçirildi<b style="color:red"></b>

Azrbaycan Demokrat Firqəsinin (ADF) Mərkəzi Komitəsi və "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi ADF-nin və "21 Azər" Hərəkatının tanınmış simalarından biri, Milli Hökumətin Baş Prokuroru Firidun İbrahiminin anadan olmasının 100 illik yubileyi münasibətilə birgə konfrans keçirib.

Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan tədbirdə hər iki qrumun rəhbərləri, üzvləri, tanınmış alimlər, tədqiqatçılar, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin təmsilçiləri, xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər.

Öncə 1945-1946-cı illərdə Təbrizdə fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin himni səslənib. Sonra F.İbrahiminin həyat və mübarizə yolunu işıqlandıran "Qartal ömrü" sənədli filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən İranlı Mühacirlər Cəmiyyətinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə hər iki təşkilatın 3 aydan bəri əlamətdar hadisəyə hazırlaşdığını deyib, gündəliyə daxil olan məsələlər barədə məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin məruzəsində F.İbrahiminin 28 illik həyat yolunun nəzər salınıb.

F.İbrahimini XX əsrin görkəmli ziyalısı, hüquqşünası, partiya işini mükəmməl bilən şəxsiyyət kimi dəyərləndirən məruzəçi mərd mübarizi vətəninə bağlı, onun inkşafı üçün çalışan, xalqını sevən bir ailənin üzvü olduğunu vurğulayıb. Çox qısa ömrünü Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, varlığını dünyaya tanıtdırmağa həsr etdiyini deyib. Eyni zamanda, F.İbrahiminin Paris Sülh Konfrasında iştirakına, Milli Hökumətin və onun rəhbəri Seyid Cəfər Pişəvərinin etimadını hər sahədə ləyaqətlə doğrultduğuna dair fikirlərini konkret sənədlərlə və sitatlarla əsaslandırıb.

ADF-nin və "İranlı Mühacirlər Cəmiyyəti"nin rəhbərliyində təmsil olnunan Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, tibb elmləri namizədi 86 yaşlı Adilə Çernikbulənd iştirakçılara İbrahimilər nəslinin şəcərəsi barədə ətraflı məlumat verib. İranda azadlıq və demokratiya uğrunda mücadilələrdə dörd şəhid verən bu nəslin mübarizə tarixinin ötən əsrin əvvəllərindən başlandığını, bunun təməlinin xeyirxah əmələri ilə tanınan babaları Ağabala, ataları Qəni İbrahimi ilə qoyulduğunu, şəhid Firidun və Ənuşirəvan tərəfindən davam etdirildiyini dilə gətirib. Ailənin digər üzləri ilə istər mühacirət illərində, istərsə də ondan qabaq sıx təmaslarda olduğunu xatırladıb: "Firidunu ilk dəfə Ərdəbildə cavanların qurultayında gördüm. Bu gülərüz və səmimi insanın çıxışı sürəkli alqışlarla qarşılandı".

Tarixçi alim Əkrəm Bijə söhbəti davam etdirərək deyib ki, Firidun İbrahimi adı sağlığında da, şəhadətindən sonra da gənc nəslə örnək olaraq qalmaqdadır: "Onun həyat və yaradıcılığı elə çoxşaxəli və məzmunludur ki, hərəsi bir mötəbər tədbirin müzakirə mövzusu ola bilər".

Konfransda tanınmış alimlərdən Eynulla Mədətli (AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini), Firdovsiyə Əhmədova (Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri), tarix elmləri doktoru Solmaz Tohidi və başqaları da F. İbrahimini səciyyələndirən məsələlərdən danışıblar.

Sonda "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi sədrinin birinci müavini Firidun İbrahimi çıxış edib. O, əmisi Firidun İbrahiminin 100 illik yubileyinin təşkilatçılarına, bütün iştirakçılarına, səmimi və dolğun fikirlər səsləndirən natiqlərə, həmçinin, müsabiqə qaliblərinə İbrahimilər ailəsinin minnərdarlığını bildirib.

C.ABASOV

 





27.11.2018    çap et  çap et